.....

.....

Günel Fatihin şeirləri

Günel Fatihin şeirləri

Fələstin körpəsi

Bir udum su üçün şəhid uşaqlar,
Bir tikə çörəksiz ölən körpələr.
Ağlayır analar, boşdur qucaqlar,
Hanı o vicdansız, zalım ölkələr?

Göylərə çıxıbdır ana naləsi,
Qoynunda da cansız balaca bədən.
Susur yenə dünya, yoxmu çarəsi?
Müsəlman ölkələr kor olub nədən?

Bir qolsuz, bir gözsüz körpə danışır,
Səsində yalvarış, qorxu bitməyir.
Köksümdə ürəyim yanıb alışır,
Küçələr məzardır, qəbir yetməyir.

Oyuncaq yerinə qanlar tökülür,
Su istəyən körpə canından olur.
Hər bələk içində mərmi bükülür,
Yatdığı yuvaya bombalar dolur.

Ey millət, gözünü qapama daha,
Qışqırır ürəklər: “Biz də insanıq!”
Bütövlükdə batıb hər kəs günaha,
İsrailə susan, biz də yeksanıq.

Cənnətə ucaldı günahsız mələk,
Bu zalım dünyaya onlar sığmadı.
Yediyimiz tikə, bir loxma çörək —
Utanc hissi ilə haram loxmadı.

Fələstində doğmur günəş sabahlar,
Məktəbə gedəcək uşaq qalmayıb.
Qoy tutsun bəşəri bütün günahlar,
Torpağın üstündə ayaq qalmayıb.

Güneləm mən, yazım sənsən,
Yaratdı o Tanrı dinə bölmədən.
Tanrının varlığın belə danmayın,
Ruhunuz öləcək, bədən ölmədən.


Tükənmə, Qəlb

Sükut qonar dodaqlara,
Hicran getmir uzaqlara.
Qürur yazar varaqlara,
Od-alovda yansan belə,
Tükənmə, qəlb, döyün hələ.

Könül gəzər qəm içində,
Göz boğular nəm içində.
Bir yanan var şəm içində,
Lal olma sən, bir gəl dilə,
Tükənmə, qəlb, döyün hələ.

Bir vaxt gələr, açılar gül,
Yenə dönər küsən bülbül.
Nəğmə deyər sarı bülbül,
Həyat dönər yenə gülə,
Tükənmə, qəlb, döyün hələ.

O dağ dərdin yox olacaq,
Sevən kəsin çox olacaq.
Dünya dərddən tox olacaq,
Tanrı baxır səbri ilə,
Tükənmə, qəlb, döyün hələ.

Güneləm mən, yazım sənsən,
Baharım sən, sazım sənsən.
Heç susmayan sazım sənsən,
Səs yayılıb eldən-elə,
Tükənmə, qəlb, döyün hələ.


Ayrılıq

Səndən ayrı düşəndən,
Can ayrılıb bədəndən.
Nə danışıb, gülürəm,
Fərqim də yox öləndən.

Qara bulud alıbdır,
Ürək qəmə dalıbdır.
Sən dağladın ürəyi,
Dərin yara salıbdır.

Taqətim yox bir daha,
Çıxam bu gün sabaha.
Səni deyir hər kəlmə,
Dua edib Allaha.

Demə, dünya kiçikmiş,
Sənə qəlbim gecikmiş.
Ayrılığı sən etdin,
Sevən kəsin incikmiş.

Həsrət məndən asılıb,
Ürək küncdə qısılıb.
Aşiqlər yığsın ordu,
Sevgi dünyam basılıb.