.....

.....

Vicdan – Elvin Poladın şeirləri

Vicdan – Elvin Poladın şeirləri

Leylək

Ağacların ən uca yerində yuva qurar leyləklər,
İlk minarələr ağlayar leylək balalarına.
Qanadı sınıq dualar da minbərdən yıxılar,
Sübhün obaşdanında
diksinib “Allahu-əkbər”dən yıxılar,
Leylək balaları da yuvalarından.

Mənim də sevgimin ən uca yeri idi kirpiklərin,
Ucalığına Allah qədər inanmışdım.
Ən gözəl ümidlərimi bağlamışdım onlara,
Qaşlarını da kölgənəcək sanmışdım.
Leylək balaları kimi ümidlərim də
kirpiklərindən yıxıldı
qaşların alınan gün.
Hər şey bircə göz qırpımında yox oldu
qaşların alınan gün…

Vicdan

İlahi, içimdə bir qız ağlayır,
Ürək döyüntümdür hıçqırıq səsi.
İllərdir, içimdə bir qız ağlayır,
“Anamı ağladır”, anam neyləsin?

O da bir ananın balasıdırsa,
“Anam ağlamasın”, kim ağlasın bəs?
Bu mənə Allahın cəzasıdırsa,
Gərək boyun əyim mən nəfəs-nəfəs.

İlahi, içimdə bir qız ağlayır,
Süzür göz yaşını damarlarıma.
Vicdanım ləkəli dəsmal kimidir,
Bükürəm indiki həya-arıma,
Ona verirəm ki, silə göz yaşın.

İçimdə sakitcə bir az uyuya…
Çətin ki onun saf, gilə göz yaşı
Mənim vicdanımın kirini yuya.

İlahi, ona de, qoy ağlamasın,
Sanmasın ki, yenə söz atasıyam.
Qoy onun yerinə “anam ağlasın”,
Axı indi mən də qız atasıyam.

Yenə də içimdə bir qız ağlayır,
Körpə qız balamın gülüş yerindən.
Elə ağlayır ki, içim qanayır
Onun yanağının öpüş yerindən…

“Qana qan” qorxusu dolub içimə,
İlahi, mənə ver mənim cəzamı.
Özü qız atası olub, içində
Kimsə ağlatmasın bir gün qızımı…

İlahi, elə bil məndən savayı
Yox imiş bu qızın kimi – kimsəsi.
Hələ də içimdə bir qız ağlayır,
“Anamı ağladır” bu qızın səsi…

Yarımçıq intihar

Basdın damarıma ayrılığınla,
Qaldı qollarımda şüşə yerləri.
Sevgimin yarımçıq intiharına
Şahiddir evimin köşə yerləri.

Əslində, bu sənin intiharındır,
Sən də kirpiyində ümid barındır.
Gözümdə cücərən intizarındır,
Qırılan kirpiyim rişə yerləri.

Sənə də pay düşür bu intihardan,
Sınmış qürurunu asma divardan.
“Saçaqlı qürurdan”, “bükülü ardan”
At ayaq altına, döşə yerləri.

Sən elə düşünmə, kin altındayam,
Sənə əsəbiyəm, “cinatında”yam.
İsti bir səhrada gün altındayam,
Yanıb xatirəmin meşə yerləri.

Pazl löhvəsidir indi gözlərim,
Orda düşmənlərim, həm əzizlərim.
Hər kiçik parçada biri gizlənib,
Qoymuram dəyişik düşə yerləri…

Allah yıxan ev

Bu evi tənhalıq hər gün yoxlayır,
Döşəmə tavandan ümid asıbdır.
Bu evdə bir sevinc pişik saxlayır,
Bu evdə min dərdin iti azıbdır.

Ey “itli-pişikli olsun” deyənlər,
Allah duanızı dostluqdan sayıb.
Elə pis tutub ki, duanız məni,
Düşmənin qarğışı belə tutmayıb.

Kommunal xərci də yoxdur bu evin,
Hər dərdə ömürdən gün ödə – yaşa!
Başıma Allahım yıxdı bu evi,
Necə günah çıxım ustaya, daşa?

Ayağı şikəstdir ömrümün mənim,
Sanki bir yuxudur ömür – gün, qaçır.
Bir küncdə bir sevinc göstər, İlahi,
Baş üstə bir sevinc göstər, İlahi,
Evin o küncünü götürüm, qaçım,
Bu evdən başımı götürüm, qaçım.

Dərddən öz evimdə ev sahibitək
Xoş gün yaşamağa çatmır hünərim.
Bəlkə sevincini götürüm, qaçım,
Bu evi dərdimə kirayə verim…

**
Artıq gecəyarıdır göylərin qədəhində,
Kefli meylim düşübdür sən tərəfə, əzizim.
Ulduzlar da şənlənir göylərin fərəhindən,
Bu gecəni qaldıraq biz şərəfə, əzizim.

Bu gecəni qaldıraq günəşin qabağından,
Bu gecəni qaldıraq biz ikimiz birtəhər.
Artıq gecə yarıdır göylərin qədəhində,
Sən gəl gözünü süzmə! Yarım qədəh bəs edər…