.....

.....

Güzgülərin Yaddaşı – Ülviyyə Əbülfəzqızının şeirləri

Güzgülərin Yaddaşı – Ülviyyə Əbülfəzqızının şeirləri

Güzgülərin yaddaşı

Çirkin simalar
güzgünü günahkar bilər,
Çıxış yolunu onu
qırmaqda görərlər.
Güzgülərin yaddaşını
sındırmaq olmur,
bunu hər beyin dərk etməz.
Şaxta isə dondurduğu vücudların
soyuqluğundan şikayət edər.
Gecəni sevən yarasalar
” Günəş oğrusuna” aşiq olarlar.
Günahkarlar çalışsalar da, günahlarını
özlərindən qopara bilməzlər,
Günahlar oduna dönüb
qalaq- qalaq yığılanda
günahkarlar da o odunların sevgisinə
çırtaçırtla yanarlar…

Qaçıram

Qaçıram, qaçıram,
Özümdən qaçıram
fələyin qurduğu tələni duyanlar kimi.
Qaçıram, qaçıram,
kədərin hökmdar olduğu sarayın
cəlladından qaçan sevinc kimi.
Qaçıram, qaçıram,
saat əqrəblərinin zamandan
qaçdığı dairədə zamansızlığa qaçdığı kimi.
Qələmin bir nöqtədən başlatdığı
insan adlı sənət əsəriyəm..
Mən insanlığa qaçıram.
Qaçıram, qaçıram qanadları, ayaqları olmayan
külək kimi qaçıram.
Özümü tapmağa,
qaranlıqlar arxasındakı “sirli nur qapı”-sına qaçıram.
Qaçıram, qaçıram,
mən daxilimdəki mənə qaçıram!

Yaradan sığal çəkir, KAİNAT yaşıllaşır

Ömür zamana əsir, zaman hara tələsir?
Məchul- məlum kəsişir, sükut səsimi kəsir.
Suallarım cavabsız, suallarım baş- ayaq,
Yollarım da dolaşıq, fələk, bir yerdə sayaq.

Günəş kül etsin məni, çıxsın cismin tütüsü,
Büründüyüm buz kürkü soyundursun istisi.
Ruhuma gəl geyindir görmədiyim bir donu
Torpaqlansın köhnə don istəmərəm heç onu.

Keçmiş donla dəfn edim saxta” pis sifətləri”,
Hədəfinə çatmasın o qara niyyətləri.
Parlaq donum yaraşır, Günəşə yaxınlaşır,
Yaradan sığal çəkir KAİNAT yaşıllaşır!

İkimiz də xəyalıq

Mənsizlik toxumunu əkdinmi qəlbinə?
Göz yaşlarınla cücərtdinmi heç?
Hər nəfəs alanda ağır gəldimi sənə?
Məzarımı niyə qəlbinə saldın ki, xəyal adam?!
Əlin çatmır qəlbinin dərinliyinə,
Çıxart məni o məzardan qurtul darlıqdan.
Özündən izn almadan uzaq oldunmu özünə?
Günəş bahar sevən kimi sevdinmi öz gülünü bağban kimi?
Onun nəfəsindən ciyərin daddımı?!
Nəfəsi ilə nəfəsini kəsdimi, nəfəsimi kəsdiyin kimi?!
Xəyal adam, yoxluq və varlıq sərhədindən bezmədinmi?
Söylə görüm sol sinənə yumruğunu çırpdınmı?
Qəlbindəki məzarımı dağıtmağa cəhd etdinmi?!
Mənsizlik toxumu tez cücərib göz yaşlarından Tikanlı məftil kimi sarılıb vücuduna..
Bu tikanlı məftili qırmağa çalışdınmı?
Görmək üçün göz lazım deyil, bəyan etdinmi?
Xəyal adam, qəlbin gözlərinə məni neçə dəfə təsvir etdi, söyləsənə.
Xəyal adam, sən hüdudsuz təxəyyülümsən,
Mən adlı kitabın üz qabığısan,
Qəlbimdə gizlənib sözümdə varsan.
Sənin varlığında varlığım yatır,
Gizli hərflərlə yazılmış bir sirsən.
Sirli hərfləri anlayan tapar.
Ruha divar olmaz qazılmış məzar,
Mən də xəyalam, sən də xəyalsan.
Xəyallar içində yoxa çıxmışıq!

Qara qismət

Mavi dalğalarda qara qismət var,
Sən demə dəryadır, bəlkə, yeri dar?
O dalğalarıyla söyləyər yar-yar.
Qəlbini dağlayar, o hey dağlayar

Əlçatmaz səmada buludlar qara,
Yerə həsrətdəndir, köksündə yara.
O heç bilməzdi ki, düşəcək dara,
Ağlayar, ağlayar, o hey ağlayar.

Təbiət telləri şəlalə olar,
Küləklər hirsindən telləri yolar.
Şəlalə küləkdən inciyib dolar,
Çağlayar, çağlayar, o hey çağlayar.

Pak hisslər ürəkdə edibsə, mənzil,
Çıxara biləcək, nə ay, nə də il.
Xəyanət adında qapını ürək,
Bağlayar, bağlayar, o hey bağlayar!

Gördünmü?

Ay enlikürəkli, ucaboy dağlar,
Köksümdə parlayan narı gördünmü?!
Demə yüksəkdəyəm, gözüm görməyir,
Vəfasız aşiqi, yarı gördünmü?!

Günəş də bəxtimə sevgi saçmışdı,
Onunla həyatım çiçək açmışdı.
Kədər, qəm yox olub uzaq qaçmışdı,
Dərd ağacımda barı gördünmü?!

Ülviyyə, o duymaz dönübdür daşa,
Sarmaş xatirəyə onunla yaşa.
Anlamaz nə etsən, düşməz ki, başa,
Sən qızmar günəşdə qarı gördünmü?!

Gəl, üzrlü say məni

Gedişinlə apardın yaşam adlı həvəsi,
Haram bilirəm hər an aldığım bu nəfəsi.
Boğur sənsizlik məni, yaman sıxır həsrətin,
Sənsizliyə alışmaq olub çətindən çətin.

Bu qəlbim neyləmişdi? Sevginə möhtac idi,
Düşünmüşdü şahına yaraşan tək tac idi.
Şahın xəzinəsində taclardan çox var imiş,
O taclar da sən demə, şaha çoxdan yar imiş

Yalan məkan edibdir düzlüyün ünvanını,
Ünvanına baxanlar fəda edib canını.
Şeytan mənzil salıbdır, paslanıbdır ürəyin,
Nə deyim artıq sənə? Allah olsun köməyin.

Çirkabların layları örtüb sənin gözünü,
Nur da imtina edib, istəmir ki, üzünü.
Alovlar, atəşlər də susayıbdır canına,
Gəl üzrlü say məni də yetişmərəm yanına.