KƏPƏNƏYİN SÜQUTU
Mən bütün kəpənəkləri
Dindirərdim şam üstə.
Qanadları toz tökərdi ovcuma
Qəm üstə.
Deyərdim — Ömrü nədi?!
Yığılacaq,
büküləcək bələkdə…
Deməzdim şeytan gəlib
Əl uzadar,
Dartar onu yedəklə…
Gecəyə ulduz falından
Yön verərdi
Qisməti “pərincə”lər…
Bilməzdilər
Bir gün gələr zülmət yolda
Uçub-uçub
Bir Simurqun lələyində dincələr…
Mən bütün kəpənəkləri
Yandırardım üz üstə.
Sonra peşmanlığımı
Allaha bildirərdim –
günahımın kölgəsində
Cəsədlərin toplamaqla
Diz üstə…
Aya doğru
Bir iz qalıb yerdən uzaq,
Bir addım var göyə doğru.
Hansı ulduzun tozuyam
Üzüm baxır aya doğru?!
Sanma, zil muğam üstəyəm,
Şur dinləyən can üstəyəm.
Ömrü yenidən izləyən
Təqvim asdım saya doğru.
Çox işlədi buz dolabım,
Dondu içində inadım.
Gizlətməli yerdi sandım
Gün görmədi yaya doğru.
Tam olasan
Bu evrənin harasında
Güzarına yer tapasan?
Həftənin hər cümə günü
Dualara hürr çatasan?!
Neçə arzu isinməyib
Göyün yeddinci qatında?
Ölüm də son xatirədi
Hərrac olmayır satıla.
Qərarlaşıb bir nöqtədə
Olanlardan tam olasan.
Dediyini dinləyəsən,
İlahiyə ram olasan.
QƏM YOLU
Gün-güzarın elçisiyəm,
Əlimdə arzu çırağım.
Saçlarında boya gördüm,
Zamanın saçın daradım.
Səmimi cəzadı sevinc,
Mən qəm yolun yerimişəm.
Qəhər boğaza çökəndə
Boğularaq kirimişəm.
Yoxsul idi səcdəgahım? –
Pir deyildi, büt deyildi.
Allah özü bilirdi ki,
Dualarım sərt deyildi.
Yaşıl idi əfsanəm də,
Hekayəm də yaz kimiydi.
Könlümə payız gələndən
Günəş orda qız kimiydi.
Zülmətin çırağına
Tək-tək asılıb yenə ,
Pəncərəmdən qorxular.
Səssizliyin gözünə
Səs qatıbdı yuxular.
Arzular xəstə düşüb,
Canı şərin əlində.
Ürəyimi tapıram
Tez -tez yerin dibindən.
Günahlarım boy verib,
Vicdanımın boyuna.
Zəhərləyib qanımı,
Alışmışam huyuna.
Nəyə həvəslənib ki,
Duaların ağrısı?
İtirmişəm içimdə
Mərhəmətin Tanrısın.
Sübhə kimi qəm tökdüm ,
Zülmətin çırağına.
Saçımdan kəsib verdim
Şeytanın darağına…