.....

.....

UŞAQ PAYLAYAN LEYLƏK – Eluca Atalı

UŞAQ PAYLAYAN LEYLƏK – Eluca Atalı

UŞAQ PAYLAYAN LEYLƏK

(“Atanurun macəraları” kitabından)

– Əl çək məndən! Əl çək, mən uçmağı bacarmıram!.. Hüüü… – Nazik, uzun qıçlı quş onun qarşısında yerə qonanda qız ikiəlli üzünü qapayıb, durmadan bu sözləri deyirdi.

Bağdakı elektrik dirəyində yuva qurmuş Hacıleylək sübh açılandan Atanurun hərəkətlərinə göz qoysa da, onun təşvişini anlamırdı.

Uzaqdan müşahidə ilə kimsənin dərdini müəyyən etmək Hacıleylək üçün asan deyildi. O üzdən quş yuvasında ayağa qalxıb, dairəvi ətrafa göz atdı, bu da səbəbsiz deyildi. Tülkünün olduğu bir yerin yaxınına getmək onun üçün müşkül idi. O, Tülkünün qızı ağaca sarıdığını gördükdə bunu yalnız qalmış uşağı əyləndirmək üçün bir oyun hesab etmişdi. Onun qollarındakı kəndiri çeynəyib atan Siçanın hərəkətlərini müşahidə etmişdi, amma yenə də hadisənin mahiyyətini dərindən anlamamışdı.

Hacıleyləyin uzun qıçlarını əsməcə tutması bir qədər vaxt aldı, əlbəttə görüklərinin mahiyyətinə varanda. Tülkü, kəndir və Siçanın fədakarlığını sonradan sonraya gördüklərini yan-yana düzdükdə dərk etmişdi. Həm də Tülkü gəlib iç dağlayan bir səslə uladıqda…

Atanurla Siçan müdhiş hadisə yerindən qaçıb can qurtardığı an dabanbasma Tülkü özünü ağacın dibinə salmışdı. Əlində iki bağlama vardı – biri ağ, digəri qara. “Bu nə ola bilər?” Hacıleyləyi maraq bürümüşdü. Sirri bəyan edən yenə bağlama sahibi özü oldu. Ağaca bağladığı qızı yerində görməyib dilxor olan Tülkü ağzını göyə tutub yenicə çıxmaqda olan günəşə sanki şikayət edirmiş kimi onun səmtinə doğru uladı. Hacıleylək göy hadisələrinə bələd olan bir canlı kimi yaxşı bilirdi ki, adətən günəşə bu növ üz tutmalar şikayət növlü olur. Ələlxüsus da ovu əlindən çıxmış yırtıcılar şikarın qeyb olmasını işıqdan bilirdilər. Onlara elə gəlir ki, əgər gün gec çıxsaydı, qaranlıq olardı, ov da yolu tapmayıb bir yerdə qaxılıb qalardı. Tülkü kəndirini axtarıb tapanda Siçanın ardınca bir-iki ağız yamanlamaqdan da vaz keçmədi. Yəqin artıq anladınız niyə. Çünki kəndirdəki diş izləri balaca varlığınkı idi. Ondan savayı kimsə kəndiri xıncım-xıncım doğrayıb gərəksiz hala sala bilməzdi. Tülkü məyus olduğu hadisə yerindən uzaqlaşdı, Hacıleyləksə o yerə birbaşa uça bilməzdi. Düzdü, ağacın yaxınlığında kol-kos yox idi ki, Tülkü gizlənib şikar güdə, amma bununla belə Hacıleylək o yerə cəld uça bilməzdi. Çünki Tülkü gəlib qızı sarıdığı yerdə görməyəndə əlindəki bağlamaları bir-bir ağacın gövdəsinə çırpmışdı. Narın əsən meh qara bağlamanın sirrini Hacıleyləyə həmin andaca açdı. Meh quşun allergiyasını qaldırıb durmadan onun asqırmasına səbəb oldu. Zavallı Hacıleylək təmiz havaya alışdığından havada azca toz olduqda burun pərləri genişlənib şişir, sulanır və lazımı qədər oksigeni qəbul edə bilmədiyindən nəfəsi təngiyir. Gəl ki, havada qara istiot cövlan edə.

Hacıleylək o vaxta qədər asqırdı ki, meh istiotu büsbütün sürüyüb elektirik dirəyindən aşırıb qonşu bağların üzərindən keçirtdi. Burnunu əvvəl yuvasındakı ot-oduna sürtən Hacıleylək, ən son təmizlik işlərini başını qoltuğunun altına salmaqla bitirdi. Balaca başını ordan çıxaranda artıq burnunda zərrə qədər də olsun istiot qalmamışdı. Havanı qorxa-qorxa qoxlayanda təmiz sübh mehi ciyərlərinə təskinlik doldurdu.

Tülkünün yaramaz əməlinin havada nişanəsi qalmamışdı. Hacıleyləyin ən yüksək məkanda yuva qurduğunun sirrini yəqin indi anladınız. O yüksəklikdən hər yeri apaydın müşahidə edə bilir. Bu səhər də Dovşanın öz tunel yuvasına girib qızı tənha qoyduğuna şahid olan quş qanadlarını əsdirməyə başladı. Təbii ki, yerində dövrə vuraraq. Ayağının birini götürüb, digərini yuvaya basdı. Ayağı havaya qalxanda uçmaq üçün münasib vaxt olub-olmadığını yoxladı, qanadlarını havalandırdı ta o vaxta qədər ki, səhər gimnastikasını tam bitirdi. Boğazını göyə tuşladı, dimdiyini şaqqıldatdı, bütün bunlar az imiş kmi dırnaqlarını yuvadakı quru fındıq budağına batırıb dim-dik durdu, bununla da vücuduna təkan verdi. Siz yəqin bilmirsiniz, Hacıleyləklər havaya birbaşa qalxmazlar, onlar bədənlərinin uçmaq üçün nə qədər səfərbər olduğunu uzun-uzadı yoxlarlar. Yuvadan qalxıb eniş nöqtəsinə qədər tab gətirəcəyinə özlərində tam əminlik yaranana qədər məşq edərlər. Nəhayət Hacıleylək havaya qalxdı və Atanurun oturduğu səmtə yetəndə onun başı üzərində durmadan dövrə vurdu. Şaqulu yerə endi, qızın ona məhəl qoyması üçün ayağının birini götürüb, digərini qoydu. Özünə qarşı etinasızlığı görüb qaqqıldadı.

– Qu, qa, quuu…

– Yenə sənsən?

Quş eşitdiyi sualın mənasını əlüstü anladı. Hər yerdə hamının etdiyi səhvi Atanur da təkrarlamışdı.

– Qaq, qaq, qaqqq… Yox, mən o deyiləm!

– Başındakı telləri yolub gəldin?.. – Qız sualında haqlı idi, Durna ilə Hacıleylək bir-birlərinə çox oxşayırdılar, hətta eyni quş olduğunu söyləmək olardı. Hər ikisinin rəngi ağ, qanadlarının ucu qara idi, dimdikləri uzun, ayaqları nazik uzun. Belə olduqda harda idi onlar arasında fərq ki, adam onları eyni saymasın? Lakin Durnanın başındakı tellər Hacıleyləkdə yox idi.

– Niyə məni aldadırsan? Axı, sən osan!

Hacıleylək “yox” dedi, Atanur qəbul etmədi. Aradakı mübahisəni Atanur həll etdi. O ayağa qalxıb quşun bir qanadını tam açıb uzatdı.

–Bax! – Quş uzun boğazını açılmış qanadının səmtinə doğru uzatdı.

–Hııı, bu mənim Durna olduğumu sübut etmir!

–Yalançı, necə etmir? Rəngin ağ, qanadın ağ, qanadının… qanadının ucu da qara. Bayaq da belə idi. Rəngini dəyişmədin ki. – Qanadı şaqqıltı ilə buraxıb quşun ayaqlarından yapışdı. – Uzun, nazik ayaqlar… Buna nə deyirsən?

–Mən və Durna zahirən bir-birimizə oxşayırıq, çünki qohumuq. Fərqimiz… – Hacıleylək azca susub əlavə etdi: – Hə, fərqimiz də çox böyükdür. Mən gördüyüm işi durnalar görə bilməz.

– O hansı işdir elə? – Qız Hacıleyləkdən sordu.

– Dimdiyimdə uşaq daşıyıram! – Hacıleyləyin dediklərinə inanmayan qız gözlərini qıyıb quşu süzdü. – Səni də evinizə mən gətirdim.

– O zaman sən xalamı da gətirə bilərsən!

– Xalanı?

– Hə!

Quş susub başını göyə millədi, sanki səmadan imdad diləyirdi. Durmadan dalbadal qaqqıldayıb dimdiklərini şaqqıldatdıqdan sonra məyuscasına üzünü qıza tutdu.

– Bilirsən, bu vaxta qədər mən xala daşımamışam.

– Niyə?

– Bu vaxta qədər xalalar məndən bala istəyiblər, sən ilk uşaqsan ki, xala gətirməyimi istəyirsən.

– Fərqi nədir? Ya bala olsun, ya xala…

Hacıleylək yaxına gəlib qanadı ilə qızın boynunu qucaqladı, onu necə başa salacağını bilmirdi. Çox götür-qoydan sonra müşkülünün sirrini belə izah etdi.

– Xalalar böyük olur, mənim vücudumsa balacadır. Gücümdən qat-qat ağır yükü havaya qaldıra bilmərəm. – Qanadının ucu ilə başını sığalladı. – Qoy fikirləşim…

Tapdığı çarə həyat təcrübəsinin nəticəsi idi. Böyük balıqları ovladıqda etdiyi kimi etsəydi, onda nə zor imiş xalanı gətirmək.

– Xalanı bölürəm… – Hacıleyləyin ağzına baxan qız, ilk əvvəl onun nə dediyini anlamadı. Görəsən, səhv eşitməyib ki? Quş danışmağa davam edəndə anlaşılmaz heç nə qalmadı. Bir qanadını açıb digər qanadı ilə onu hissə-hissə bölürmüş kimi nişanladı. – Yarısını yuvama aparıram, sonra gəlib yarısını apararam, yarısını da… – Qız matdım-matdım quşun şaqqıldayan dimdiklərindən fışqıran “yarım” və “aparmaq” kəlmələrini eşidirdi, amma bunların yalnız kəlmə olaraq ağızdan çıxması ona imkan vermirdi Hacıleyləyin niyyətini anlasın.  

–Xalanı on yerə bölsəm…

– Sən nə danışırsan?

– Gücüm çatmaz? Onda yaxşı, yaxşı, on beş yerə bölərəm…

– Sən nə dediyini bilirsən?

Hacıleylək boğazını bədəninə yığıb qızın sualı qarşısında kiçildi. Bir an ona elə gəldi ki, böyük bir günah işlədib.

– Niyə hirslənirsən?

– Sən heç bilirsən, nə danışırsan?

– Əlbəttə bilirəm. Ağzım dediklərini qulaqlarım eşidir.

– Sən bilirsən adamları bölüb-parçalasan ölərlər?

– Aha, sən diri istəyirsən.

– Əlbəttə.

– Bu müşkül məsələdir.

Hacıleylək dırnaqlarını torpağa batırıb bədənini gərdi, qanadlarını tam açıb boğazını havaya millədi. Qanadları silkələnirdisə, demək, artıq uçuşa hazır idi.

Havaya qalxanda Atanurun səsi onu havada şaqulu istiqamətdə qızın başı üzərində saxladı.

– Hara gedirsən?

– Məgər səsi eşitmirsən?

– Nə səs? – Qız susub durdu, – mən heç nə eşitmirəm.

– Necə yəni eşitmirsən?

– Eşitmirəm də…

– Yaxşı, yaxşı qulaq as. – Quş bir qanadını səs gələn tərəfə uzadır.

Atanur bir əlini qaldırıb qulağının dibinə qoydu.

– Mən heç nə eşitmirəm!

Hacıleylək qıza yaxın gəlib onun digər əlini də qulağının dibinə qoydu.

– İndi necə?

– Yox, səs-filan yoxdur. Siz quşlar həmişə səs eşidirsiniz.

– Elədir, quşlar ayıq olurlar. – Bir qanadını tam açıb şax lələyini havaya qaldırdı. Bu uzağa işarə idi. – Bir uşaq ağlayır.

– Hə, nə olsun?

– Getməliyəm, yepyeni bir körpə doğulub.

– Bundan sənə nə?

– Dedim axı, mən uşaqları xalalara daşıyıram… Gərək, öz işimi görüm.

– Kaş, xalaları balalara daşımağı bacaraydın…