***
Yağış yağır, pəncərəmdə damcılar,
Xatirələr ürəyimi qamçılar.
O damcılar bir cüt gözdür, baxırsan,
Pəncərəmə mirvarilər taxırsan.
Yağış kəsib, damcılar da quruyur,
Hava bumbuz otağımda soyuyur.
Mirvari də, o damcı da yox olur,
Ürəyim sıxılır, gözlərim dolur.
Qəlbimi dondurur soyuq baxışın,
İzini itirir bir yaz yağışı.
Elə getmisən ki,geri dönmürsən,
Yağış olub pəncərəmi döymürsən.
***
Mən səni ömrümün heçi sayıram,
Ağlarkən göz yaşım silmədin axı.
Ötən günlərimin köçü sayıram,
Qalıb dərdlərimi bölmədin axı.
Uğuru, sevinci deyib bölməyə
Bir adam, bir kimsə tapmadım axı.
Dərdi də, qəmi də mən tək yaşadım,
Bir həyan, bir dayaq olmadın axı.
İndi öyrəşmişəm özüm təkliyə,
Səni öz yanımda ğörmədim axı.
Yanımda müqəvva olub dursan da,
Əl verdim, əlimi tutmadın axı.
***
Mən doğulduğum gün doğuldun sən də,
Sən özünü tapdın, yarandın məndə.
İlk addımlarımın şahidi sənsən,
Ey yol yoldaşım, qapqara kölgəm.
İllərlə sən mənim yanımda oldun,
Mənimlə birlikdə yaşa da doldun.
Əyildi qamətin, büküldü belin,
Ey dilsiz, ağızsız qapqara kölgəm.
Görürəm, üzündə yaranmış qəmi,
Qorxma, tək qoymaram heç zaman səni.
Özüm bu dünyadan köçdüyüm zaman
Səni də özümlə aparram, kölgəm.
Bu dünya boşalıb qalacaq bizsiz,
Keçdiyim bu yollar qalacaq izsiz.
İndi yol yoldaşım, ölərkən ancaq
Bir məzar daşımın kölgəsi, kölgəm.
***
Sızıldayır ürəyim, əsir bədənim,
O Bakı küləyi keçir içimdən.
Ayrılıram görüşdən,
Sinəmdə kök saldı o pıçıltılar.
Bizimki alınmadı, dedin, ayrılaq,
Yağışda yuyuldu ayaq izimiz.
Bilirsən? Düz gəlmir artıq sözümüz,
Bu həsrətə ayrılığa dözəcəmmi görəsən?
İllər yuyub o sevgini atacaqmı, görəsən?
Yollarımız ayrıldı,
Bir də heç kəsişmədi,
Qəlbimdə yaşatdığım gizli bir sevgi qaldı.
Tez-tez xatırladıb özünü yada saldı.
Zeynəb Xələfova