Əbədi həyat
(Hekayə 44 günlük Vətən Müharibəsi şəhidi Nadirli Kənan İlqar oğluna həsr olunur. Ruhuna sayğılar…)
Hərbi xidmətə çağırış binasının həyəti adamla dolu idi – könüllü orduya yazılmağa gələn gənclər, onları yola salmağa gələn doğmalar, həyətdə gəzişən mühafizəçilər. Gənclər inamlı addımlarla həyətdə var-gəl edir, cəbhəyə yola düşəcəkləri anı həsrətlə gözləyirdilər. Hər biri qəlbində özü ilə bir sevgi, bir istilik aparırdı. Amma hamısının baxışlarında eyni parlaqlıq alışırdı. Bu, vətən eşqindən doğan atəşin alovları idi.
Əsən zəif sentyabr küləyi dirəkdəki üçrəngli bayrağı asta-asta dalğalandırırdı. Rüzgar çinar yarpaqlarını qaldırır, yarpaqlar adamların üstünə səpilirdi. Sanki təbiət də bu gəncləri alqışlayır, döyüşə getmək üçün həvəsləndirirdi.
Kənan qəti addımlarla binaya tərəf irəliləyirdi. O, bu anı uzun müddət gözləmişdi. Uşaqlıqdan bəri atası ilə izlədiyi müharibə filmləri, qardaşları ilə oynadığı “müharibə oyunları” gözlərinin önündən keçirdi.
Bu gün o, artıq sadəcə bir tamaşaçı deyildi. Bu gün Kənan uşaqlıqda taxta silahla apardığı “döyüşləri” gerçəkləşdirməyə, vətən torpaqlarının azadlığı üçün son nəfəsinə qədər vuruşmağa gedirdi. Qəlbi həm qürurla, həm də məsuliyyətlə döyünürdü. Bu hisslərlə yanaşı içində qorxu da vardı, ancaq bu qorxu ölümün deyil, vətənin çağırışına gec qalmağın qorxusu idi.
Kənan komissarlığa daxil oldu:
-Salam… Nadirli Kənan İlqar oğlu. 2000- ci il fevralın 2-də doğulmuşam. Kövüzbulaqdanam. Hərbi xidmətdən yenicə gəlmişəm. Könüllü döyüşə getmək istəyirəm, – deyə özü haqqında məlumat verdi.
Zabit başını qaldırıb ona baxdı:
-Salam, oğlum. Bu qərarı vermək asan deyil. Bilirsən ki, bu gedişin dönüşü olmaya bilər? Sən hazırsanmı? – deyə onun psixoloji hazırlığını yoxlamaq istədi.
-Mən çox düşündüm, çox gecələr yatmadım. Anladım ki, azadlıq yalnız sözlə deyil, qanla da qorunur. Bu torpaqlar uğrunda can verənlərin xatirəsinə səssiz qalmamaq üçün bura gəlmişəm. Vətənin bizə ehtiyacı olan bir vaxtda evdə sakit otura bilmərəm.
Sözünə bir qədər ara verib dedi:
-Əsgərlikdən gələndən sonra hərbiyə yazılmaq istədim, hətta sənədlərimi də hazırlamışdım. Əkiz qardaşım Zəka ilə birlikdə. Amma… Paltarlarımı yumaq üçün maşına atanda sənədlərim də içində qalıb islandı, yararsız hala düşdü. Zəka getdi, mən qaldım, – təəssüf dolu səsi otağın divarlarında cingildədi.
Sonra zabitin gözlərinə baxaraq:
-Demək, qismətimdə zabit kimi yox, əsgər kimi döyüşmək varmış. Olsun! Təki Vətənə xidmət edim, – əlavə etdi.
Zabit soruşdu:
-Ailən bu qərarınla razıdırmı?
Kənan bir anlıq susub:
-Anam göz yaşlarını gizlətməyə çalışırdı. “Oğlum, sən dönməsən də, başımı dik tutaram” dedi. Atam isə kədər qarışıq qürurla “Bilirəm ki, səni saxlamaq olmaz, gedəcəksən. Allah səni pənahında saxlasın” dedi. Mənim üçün bundan böyük dua yoxdur, – əlavə etdi.
Zabit gözlərindən vətən sevgisi yağan bu gəncə qürurla baxdı:
-Vətən səni gözləyir, igid. Bura gələn hər könüllü bir ordunun gücüdür.
Kənan qətiyyətlə:
-Hər bir azərbaycanlı kimi mənim də arzum torpaqlarımızı azad görməkdir. Geri zəfərlə dönmək, vətənimdə qürurla gəzmək üçün gedirəm. Amma əgər bu yolun sonunda şəhadətə ucalmaq varsa, bu səadəti də yaşamağa hazıram, – dedi.
-Yolun qələbəyə aparsın! Zəfərlə geri dön! Sənin kimi gənclərlə bu torpaq heç vaxt əsarət görməz.
Kənan əli ilə bayrağı göstərərək:
-Qoy qayıdanda bu bayrağın kölgəsində başıdik dayanım, – qürurla dilləndi.
Həyətdəki izdiham hələ səngiməmişdi.
Gənclərin şən səsləri, əsgər adlarının oxunuşu, uzaqdan gələn avtobus mühərriklərinin səsi payız səhərinin sükutunu pozurdu.
Kənan binadan çıxıb həyətin bir kənarında dayandı. Əlindəki sənədləri qatlayıb cibinə qoydu, başını qaldırıb boz səmaya baxdı. Artıq hər şey geridə qalmışdı – qərar verilmiş, imza atılmışdı. İndi yalnız gözləmək qalırdı.
Hərbi xidmətdən qayıdandan cəmi bir neçə ay keçmişdi. Kənd həyatı, ata ocağının istisi hələ tam canına hopmamışdı ki, müharibə başladı. İçindəki səs bir an belə susmamışdı: “Get. Qorumaq vaxtıdır.” O da bu səsi dinləmişdi.
Kənan bu düşüncələrlə gəlib həyət qapısının ağzında dayandı. Elə bu vaxt qapıdan bir nəfərin tələsik addımlarla içəri girdiyini gördü. Nəfəsi kəsilmişdi, gözlərində qorxu və həyəcan vardı. Böyük qardaşı Faiq idi.
-Kənan! – deyə səsləndi. Səsində həm təlaş, həm yalvarış vardı: – Sən nə etmisən, ay qardaş?!
Kənan təəccüblə ona baxdı, amma bir söz demədi. Faiq bir neçə addım da yaxınlaşdı, onun qarşısında dayandı.
-Deyirlər, adını yazdırmısan… Könüllü… Düzdür?
-Düzdür, – Kənan sakitcə cavab verdi. – Daha gözləməyə səbir qalmayıb.
-Axı sən yeni gəlmisən əsgərlikdən! – Faiq səsi titrəyə-titrəyə dedi. – İki qardaşımız onsuz da cəbhədədir, sən niyə gedirsən? Bəs anam? Bəs kənd? Bəs biz?
Kənan baxışlarını yerə dikdi, dərin nəfəs aldı.
-Bəs vətən, Faiq? – deyə sakit, amma kəsici səslə soruşdu. – Bəs o torpaq ki, bizi ana kimi qoynunda bəsləyib? Bəs o bayraq ki, uğrunda minlərlə oğul can verib? İndi də vətən bizi çağırır. Mən necə sakit qala bilərdim?
Faiqin gözləri doldu. Uşaqlıqda birlikdə torpaq döyüb “dava-dava” oynadıqları günlər yadına düşdü. O zaman Kənan həmişə komandan olmaq istəyirdi. İndi isə həqiqi döyüşə gedirdi.
-Sən mənim balaca qardaşımsan,- Faiq boğazı düyünlənmiş halda dedi. – Mən səni qoruyacaqdım. Belə razılaşmışdıq axı…
-Həyat dəyişdi, qardaş, – Kənan əlini onun çiyninə qoydu. – İndi mən səni qorumağa gedirəm. Anamgil sənə əmanət.
Sükut çökdü. Heç biri danışmırdı. Yalnız uzaqdan əsgər marşları eşidilirdi. Birdən Faiq onu qucaqladı, bərk-bərk köksünə sıxdı. Bir müddət beləcə qaldı. O, qolları arasına sıxdığı qardaşını buraxmaq istəmirdi.
-İndi ki belədir, mən də sözümü tutacağam, səni tək qoymayacağam, – Faiq Kənanı özündən aralayıb çiyinlərindən yapışdı, gözlərinin içinə baxaraq: – Mən də səninlə gedirəm, – dedi.
Bu xəbər Kənan üçün gözlənilməz olmadı. Çünki o qardaşını yaxşı tanıyırdı. Amma onun getməsinə razı olmadı:
-Yox, qardaş, sən də getsən, atamgil tək qalacaq. Heç olmasa, sən qayıt, onların yanında qal, onlara dayaq ol.
-Kiçik qardaşlarım döyüşdə can qoysunlar, mən burada sakit oturum? Sən düşünürsən ki, mən buna razı olacağam?
-Bəs atamgil nə deyəcək? Onlara demisən?
-Yox, bilmirlər, – Faiq sakit səslə cavab verdi: – Qərarı indi vedim. Anam çox ağladı, səni qaytarmaq üçün gəlmişdim. Amma indi ki, fikrin qətidir, mən də səninlə gedirəm. Anama atam dayaq olar.
Kənan qürurla qardaşına baxdı. Ürəyi elə şiddətlə döyünürdü ki, sanki bu an köksünü dəlib çölə çıxacaqdı. O, qardaşının boynuna sarıldı:
-Mənimlə gələcəyini bilirdim.
Bir-birinə sarılmış qardaşlar uzaqdan onlara göz yaşları içində baxan atalarını görmədilər. İlqar müəllim də Faiqin ardınca komissarlığa gəlmişdi. Bilirdi ki, nə Kənan qayıdacaq, nə də Faiq onu tək buraxacaq. Odur ki, oğullarını yola salmağa gəlmişdi.
-İki oğlum vətənə xidmətdədirlər. İkisini də göndərərəm. Təki torpağımız yağıda qalmasın, – ata onlara yaxınlaşdı.
Qardaşlar atalarının səslərini eşidəndə sanki güclərinə güc qatıldı, gözlərinə işıq gəldi. Atalarının boynunu qucaqlayıb üzündən öpdülər.
-Anam sənə əmanət, ata. Biz dönüncə ondan muğayat ol. Anama de ki, tezliklə yanına dönəcəyəm, onunla mən qalacağam, ona özüm baxacağam, – Kənan inamla dilləndi.
Artıq avtobuslar həyətdə idi. Qardaşlar ataları ilə sağollaşıb vətənin köməyinə tələsdilər.
Cəlilabaddan bir yola düşən qardaşlar Füzulidə ayrıldılar. Onlar fərqli mövqelərdə döyüşməyə başladılar.
Artıq bir ay idi ki, müharibə başlamışdı. Bu müddət ərzində iki rayon və bir çox kəndlər azad olunmuşdu. Bir-birinin ardınca geri alınan torpaqlar döyüşçülərdə ruhyüksəkliyi yaradır, qələbəyə inamı artırırdı.
Qubadlı istiqamətində döyüş səsləri səngimirdi. Top mərmiləri səmanı yarır, torpaq göyün qəzəbini udur, külək isə palçıqlı tozu daşıyaraq hər yeri qaranlıq dumanla örtürdü. Qubadlıda mühasirədə qalan igidlər soyuq torpaq üzərində dayanır, hər nəfəsi bir sınaq kimi qəbul edirdilər. Yaralı ağaclar, sındırılmış evlərin divarları və tüstüylə örtülmüş səhralıq onların iradəsini sınayırdı, amma qəlblərindəki alovu söndürə bilmirdi.
Kənan yanındakı döyüş yoldaşları ilə səssizcə dayanmışdı. Döyüşçülərin gözlərində yorğunluq, amma qorxmayan bir iradə vardı.
-Kənan… Artıq nə qədər davam edə bilərik? – Azər səbirsizliklə soruşdu. Acıqdan gücümüz tükənib…
-Sakit ol, Azər, – Kənan cavab verdi. Mən gedib ərzaq tapacağam. Siz burada gözləyin, inamınızı itirməyin.
Kənan gözlərini uzaqlara dikdi. Meşələr arasında gizli bir yol tapdı. Hər addımı təhlükə ilə dolu olsa da, ürəyi mərdliklə döyünürdü. Gecə ilə gündüz arasında yaralı torpaqları aşaraq əsgərlərə ərzaq tapdı. Hər gətirdiyi çörək və su igidlərin ruhunu canlandırdı, onların qəlbində ümid işığı yandırdı.
Oktyabrın 29-u idi. Səhər erkən döyüş başladı. Top səsləri, mərmilərin partlayışı havanı yarır, torpağı titrədirdi. Kənanla Azər bir daşın dalına sinib düşmən mövqelərini atəşə tuturdular. Sanki torpaq və göy arasındakı bütün qorxu onların ətrafında dönürdü. Azər asta səslə dedi:
-Kənan… Sən həmişə bizə ruh verdin…. Amma… Bu döyüş çox çətin olacaq.
-Ruhunu düşürmə. Vətən üçün döyüşürük və biz qalib gələcəyik!
Bir anlıq səssizlik, sonra mərmi partlayışı… Kənan əvvəlcə bədənində dəhşətli ağrı hiss etdi. Sonra bədəninə yayılan qanın istiliyini bütün canında duydu. Köksünü dələn mərmi qəlpəsi onun vətən eşqi ilə döyünən ürəyini qana boyamışdı. Son dəfə başını qaldırıb vətən göylərinə baxdı, sonra gözlərini birdəfəlik yumdu. Azər qışqırsa da, artıq gec idi. İgid döyüşçünün ürəyi susdu, amma ruhu əsgərlərin qəlbində əbədiləşdi.
Azər dostunun yaralı bədənini qucaqlayıb pıçıldadı:
— Kənan… Sən ölümünlə ölümsüzlük qazandın. Sən əbədi yaşayacaqsan…
Sevil Gül Nur