.....

.....

Şəlalə Şəfəq “Darıxmağın zamanı”

Şəlalə Şəfəq “Darıxmağın zamanı”

Həm sevilən müəllim, həm gözəl şeirlər müəllifi Şəlalə Şəfəqin bu yaxınlarda “Maarif” nəşriyyatında
“ Darıxmağın zamanı” adlı şeirlər kitabı çapdan çıxıb. Hələ gənc yaşlarından şeirlər yazsa da, şeirləri bir çox mətbuu orqanlarda , müxtəlif antalogoyalarda çap olunsa da müəyyən səbəblər üzündən kitab nəşr etdirmək yalnız bugünə qismət olub. Kitabda şairin müxtəlif mövzulu yüz əllidən çox şeiri toplanıb. Redaktoru Elvin İntiqamoğlu, ön sözün müəllifi sevilən şair İbrahim İlyaslı olan “Darıxmağın zamanı” şeirlər kitabını əminik ki, poeziyasevərlər maraqla qarşılayacaqlar. Arzu edirik ki, İbrahim müəllimin dediyi kimi, hər dəfə darıxmağın zamanı gəlincə, oxucular da bu kitabdakı şeirlər üçün darıxsınlar. Darıxıb da oxusunlar. Oxuyub da zövq alsınlar.


Düşdüm

İstədim həsrəti qoymayam yaxın,
Kədərdən qaçırdım, qəm yaxaladı.
Yanağım üstündə iz saldı hicran,
Gülüşün yerini nəm yaxaladı.

Qismət buracanmış, biz kimik onun
Yolunu bağlayıb önünü kəsək?
İncitməz vüsalın əzablı yolu,
Öldürər həsrətin atdığı kəsək.

Hamının heç kimi olmadım daha,
Qəlbimə damğanı vurub gedəndən.
Tənhalıq yar oldu, aramızdakı
Sevgi bağlarını qırıb gedəndən.

Son nidaya döndü bu qəfil görüş,
Dilinin “əlvida” sözünə düşdüm.
Gedəcək bir yerim olmadığından,
Sənli xəyalların izinə düşdüm.

Bağışladın

Dərd oldu qəlbimə sənli hislərim,
Onları hamıdan gizli bəslədim,
Mən səndən bir damcı sevgi istədim,
Sən mənə bir dünya qəm bağışladın.

Şaxtanı, sazağı, dolunu verdin,
Gülləri soldurub, kolunu verdin,
Həsrətin, hicranın bolunu verdin,
Sevgini, sevinci kəm bağışladın.

Gündüzə caladın gecələrimi,
Puç etdin arzumu, ümidlərimi,
Aldın gözlərimdən gülüşlərimi,
Yanağım üstünə nəm bağışladın.

Mən sənin qəlbindən silmişəm ahı,
Alıb gecələri, verdim sabahı,
Bu sınıq könlümün nədir günahı,
Bürüdün dumana, çən bağışladın.

Bütün sualların cavabı səndin,
Ümidlə gözləyir “bəlkə”lər indi,
Sanma ki qəlbimdən adın silindi,
Mənə bir ömürlük “sən” bağışladın.

Ağlayasan

Hərdən elə dolasan,
Dərdin ürəkdən bezə,
Göz yaşın çağlamaqçün
Xəlvət bucağı gəzə.

Baş qoymağa ananın
Axtarasan dizini,
Sıxasan, ağlayasan
Xəyallara gözünü.

Ağlayasan bəxtinin
Başına daş düşəndə,
Ağlayasan gözünün
Yadına yaş düşəndə.

Ağlayasan ömrünə
Vaxtsız gələn qışında,
Ağlayıb boğulasan
Tökdüyün göz yaşında.

Yanağın göz yaşını
İçdikcə ağlayasan,
Xəyalından gəncliyin
Keçdikcə ağlayasan.

Həzin xatirələrin
Sızıldaya dərində,
Əl açıb acizliyin
Ağlayasan əlində.

Ağlayasan dostların
Seyrələn sırasında,
Sıxılasan kədərlə,
Həsrətin arasında.

Bayatının bəmində,
Hönkürtünün zilində,
Ağlayasan ananın
Ağı deyən dilində.

Bir isti baxışlının
Gözündə ağlayasan,
“Ağlama”- pıçıldayan
Sözündə ağlayasan.

Göz yaşında yuyunub
Durulanasan barı,
Tanrın alıb apara
Səni özünə sarı…