.....

.....

Sevinc Səbzəliyeva Azadlı

Sevinc Səbzəliyeva Azadlı

Milli baş örtümüz kəlağayı

Bu il artıq on il olacaq ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bununla da Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş olub. 
Dünyanın cənnət məkan güşələrindən biri olan Azərbaycan adlı bir məmləkətin qədim sakinləri olan xalqımız əsrlər boyu öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini, özünəməxsus həyat tərzini inkişaf etdirərək və qoruyaraq bu günlərə kimi gəlib çıxmışdır. Xalqımız təkrarolunmaz və zəngin bir mədəniyyətə, çoxsaylı milli dəyərlərə malikdir. Bu dəyərlərdən biri də milli baş örtülərimizdir. Bir qadının baş örtüsü onun gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi hesab edilir. Azərbaycan ərazisində ən geniş yayılmış baş örtüsü olan kəlağayı dördkünc formada hazırlanır. Onu hazırlamaq üçün xüsusi yerlərdə, özəl bəslənmiş barama qurdlarından əldə olunmuş ipək saplardan toxunmuş parçalar istifadə olunur.
Azərbaycanda kəlağayının istehsal tarixi kifayət qədər qədimdir. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək səviyyəli kəlağayılar hazırlanırdı. Eləcə də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində ipək fabrikində incə ipək saplardan hazırlanan parçalar nəfis tərtibatdan sonra gözoxşayan baş örtülərinə çevrilirdi. Qeyd edək ki, Ordubad ərazisində bu baş örtüsü “çərqət” (və ya çarqat), “örpək” də adlandırılırdı. Onu da vurğulamaq yerinə düşər ki, kəlağayı istifadəsi heç də dinlə əlaqəli olmayıb. Bu baş örtüsü birbaşa milli geyim nümunələrimizi tamamlayan bir elementdir.
Bir cox əl əməyi, göz nuru olan sənətkarlıq işləri kimi kəlağayının da ərsəyə gəlməsi mürəkkəb proses yolu keçir. Bu zaman baramaçı, toxucu, boyaqçı, qəlibçi, kəlağayıçı kimi peşə sahibləri bir araya gəlirdilər. Hazır parçanın bir baş örtüsünə çevrilməsi iki gün zaman alır və sadəcə 125 qram çəkiyə malik olur, bir üzük içindən asanlıqla kçirdi.
Ağ ipək sapdan toxunan kəlağayının boyanması üçün müxtəlif bitkilərin qabığından, kökündən, meyvəsindən, çiçəyindən istifadə edilirdi. Boyanmış parça qurudulduqdan sonra xüsusi qəliblərdən istifadə edilərək bəzədilirdi. Qeyd edək ki, qəliblər davamlılığına görə xüsusi ağaclardan hazırlanırdı (xüsusən də meşə armudunun oduncağından) və üzərində Azərbaycan xalqının milli ornamentləri, həndəsi və nəbati elementlər təsvir edilir, məhz bu iş üçün nəzərdə tutulurdu. Milli ornametlərimizdən olan “buta” kəlağayıların bəzədilməsində sıxlıqla istifadə olunan elementlərdən biridir. Demək olar ki, hər bölgədə müəyyən ornamentlər o bölgənin ustaları tərəfindən özünəməxsus tərzdə bəzədilir və bəzən də elə həmin bölgənin adı ilə də adlandırılırdı: “Muğan-buta”, “Bakı-buta”, “Xilə-buta”, “Şirvan-buta”, “Naxçıvan Buta” və s. Əgər diqqət etsək, tədtibatına görə sadəcə buta ornamentinin onlarla növünü görmüş olarıq. Bu ornamentin “şah buta”, “saya buta”, “əyri buta”, “dilikli (və ya dişli) buta”, “qıvrım buta”, “qarmaqlı buta”, “şabalıd buta”, “badamı buta”, “dik (və ya iti uclu) buta”, “qoşa buta”, “qotazlı buta”, “çiçəkli buta” və s. kimi növləri var. Kompozisiyada istifadəsinə görə “ailə buta”, “dost buta”, “küsülü buta”, “sevgili buta” və s. kimi adlandırılır. Bununla yanaşı, dağı ifadə edən, suyu rəmzləndirən, Günəşə, Yer kürəsinə və həyata işarə olan digər elementlər, yerlə göy arasında əlaqəni ifadə edən quş motivləri və eləcə də nəbati ornametlər kəlağayıların tərtibatında əsrlərdir ki, istifadə olunan milli ornamentlərimizdir. Qəliblər üzərindəki ornamentlər oyma üsulu ilə hazırlanırdı və müxtəlif rənglərə batırılaraq basma üsulu ilə bəzədilirdi.
Kəlağayının bəzədilməsinə onun yelən hissəsindən başlar, mərkəzində bitirərdilər. Bu proses özlüyündə böyük ustalıq, incə zövq, əl alışqanlığı tələb edən bir məqamdır. Bir sözlə, qadın baş örtüsü olan kəlağayı bir kişi əməyinin ən nəfis şəkildə tərtib etdiyi gözəl bir sənət əsəridir.
Elə bir Azərbaycan qadınına rast gəlmək olmazdı ki, onun sandığında ən az beş-altı kəlağayısı olmasın. Qadınlarımız öz ana-nənələrindən zamanına və yerinə görə kəlağayıları istifadə etməyi öyrənmişdir. Gündəlik, xeyir və ya şər mərasimlərində, isti və soyuq zamanlarda və s. Xanımlarımız günlük həyatlarında daha kiçik ölçüyə və sadə bəzəyə, toy və nişan mərasimlərində əlvan rəngli və daha sıx bəzəyə, hüzr yerlərində isə tünd rəngli və daha sadə tərtiba malik olan kəlağayılar istifadə edərdilər. Bu da onların istər geyim zövqlərinin zənginliyini, istərsə də öz hisslərinin ifadə etmə bacarıqlarının tamlığını sərgiləyirdi.Təbii şəkildə əldə olunan ipəkdən hazırlanan kəlağayı yayda sərin, qışda isti saxlayır, ətarfda olan toz-torpagı özündə saxlamaqla sağlığa xidmət edir, qadınlarımıza xüsusi gözəllik verir, onların geyim komponentini tamamlayırdı. Analar gəlin köçərkən üzlərinə örtülən kəlağayılarını gələcək gəlinlərinin başına örtmək üçün əziz-ağır saxlayırdılar. Bu məqsədlə istifadə olunan kəlağayılar adətən ağ və ya qırmızı rəngdə olurdu. Bəzi bölgələrdə bəyin qoluna, toy olan evin qapısına uca bir yerdən qırmızı kəlağayı bağlanardı. Gəlinə aid geyim dəstlərinə kəlağayı ilə boxça tutulardı.
Yas mərasimi olan evin qapısına qara kəlagayı bağlanar, dünyasını dəyişən yaşlı olanda onun üzərinə tünd, cavan və nakam olanda qırmızı kəlağayı örtərdilər. Qara rəngli kəlağayı örtən qadınların yanında ucadan danışmaz, gülməzdirlər, çünki onun yaslı olduğunu baş örtüsündən bilərdilər. Beləliklə, kəlağayı bir elin, bir evin, bir insanın ruh əhvalını anladan bir rəmz hesab olunurdu.
Bu gözəl baş örtüsü zamanında həm də sülh elçisi olmuşdu. Münaqişə böyüməsin deyə ağbirçək analarımız başlarındakı örpəklərini ayaq altına atar-atmaz tərəflər hörmət və ehtiram olaraq sakitləşər və barış bağlamaq üçün ya görüşüb-qucaqlaşar, ya da sakitcə oradan uzaqlaşardılar. Beləcə kəlağayı daha bir missiyanı daşımış olurdu.
Elə bu gün də kəlağayı Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini özündə ehtiva edir. Əsrlər keçsə də kəlağayı xalqımızın həyatında hər zaman önəmli rol oynamışdır. Müəyyən zaman kəsimlərində istehsalı, istifadəsi, təbliği sahəsində durğunluqlar yaşansa da bu sənət sahəsi və bu əvəzsiz milli baş örtüsü dövrümüzə qədər gəlib çatmışdır. Məhz müstəqilliyimizin ikinci baharından sonra digər sənət sahələrinə və milli dəyərlərimizə olduğu kimi bu sahə də dövlət dəstəyinin və xalq dəyərinin digər bir ünvanına çevrildi. Onun istehsalı və təbliği sahəsində ard-arda işlər aparıldı. Bu gün yenə də kəlağayı anaların gəlinləri üçün sevə-sevə aldığı ilk baş örtüsünə çevrilib. O baş örtüsünə ki, nəsildən-nəslə ötürüləcək. Və elə bu gün yenə də hər zaman olduğu kimi özünün təbii qumaşı, nəfis və anlamlı tərtibatı ilə qərb mədəniyyətinin qadın nümayəndələrinin maraq dairəsindədir. Hər zaman olduğu kimi yenə dillər əzbəri, şeirlər bəzəyidir.

Kəlağayım
Bir üzük içindən asanca keçən
Mədəni irsimdə var kəlağayım.
Xalqımla bərabər əsrlər keçən
Nənəmə, anama yar kəlağayım.

Təbiət örnəyi, ar nişanəsi,
Barama qurdunun bar nişanəsi,
Hər eldə, obada var nişanəsi,
Bəyazı başımda qar kəlağayım.

Rəngini sumaqdan, narıncdan alan,
Qarağat, zəfəran, zirincdən alan,
Heyrəti, soğanı, yeləni olan,
Adıyla dünyaya car kəlağayım.

Naxışı incədən, incə olanım,
Saya butasında, şah doğulanım,
İpək saplar ilə tül yoğrulanım,
Ört mənim başımı, sar, kəlağayım.

Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi: Sevinc Səbzəliyeva Azadlı.