Adam
Deyirlər, sevimli bəndələrini
Hərdənbir sınağa çəkər yaradan.
Allahın sevimli bəndəsiyəmmi?
Nə qədər sınağa çəkilər adam?!
Hayana qaçsaq da, bu tale bizim,
Göz yaşı tökməkdən solub bənizim.
Nə qədər yazsam da, bitməz, əzizim,
Dərdin pəncəsində tək gülər adam.
Nə deyim, belədir dünya əzəldən,
Yoxdur bir əyrisin tapan, düzəldən.
Sonda heç seçilməz quru xəzəldən,
Həyat ağacından tökülər adam.
Qaranlıq
Sevmirəm gecənin qaranlığını,
Qara buludlar da məni qorxudur.
Elə düşünürəm, ölmüş kimiyəm,
Sanıram, dünyanın daha sonudur.
Amma bir tək bundan əminəm ki, mən,
Qaranlıqdan doğar işıqlı səhər.
Günəşli səhərin xətrinə çox vaxt
Qaranlığa dözmək olar birtəhər.
Bilirəm, qaranlıq işıq doğacaq,
Səbirlə gözlərəm gələn sabahı.
Mənim ümidlərim gecə doğulur,
Toxum qaranlıqda cücərir axı.
Gəmi dünya
Fırlanır Yer kürəsi,
Çünki yoxdur yiyəsi.
Dayanmadan, durmadan,
Fırlanır yorulmadan.
Əyləci yox, saxlayaq,
Dayanmır ki, bağlayaq
Bir tərəfə məhvərin,
Dibi dərindən dərin.
Baxdım, gicəldi başım,
Gəl ki, bir zaman nəşim
Basdırılar torpağa,
Onun isti yerinə.
Deyirəm də, dərinə…
Yenə də fırlanacaq,
İstəmir ki, yanacaq.
Gedir öz istəyilə,
Öz ahəstəliyilə.
Nə tələsir, nə çaşır,
Milyon ildir dolaşır.
Gedir bu dünya gəmi,
Altı dağ, üstü zəmi.
Bir gün alim Qaliley
Deyəndə: “Fırlanır yer”,
İnanmadılar ona.
Söylədilər, bəs hanı?
Fırlansa, Yer kürəsi
Aşıb-düşər neçəsi.
Sonda sübut elədi,
Doğrudan da belədir…
Qoy fırlansın, amandır,
Dayansa, son zamandır!
Yalan, gerçək
Yenə düyün düşüb, xəyallarımla
Gerçəklər içində azıb qalmışam.
Doğrusu hansıdır, yalanı hansı?
Bütün xəyalları doğru sanmışam.
Azmışam yalançı xəyallarımın
Göz yaşı axıdan tüstülərində.
Doğru üşüdəndə səhvən qızındım
Yalanın yalançı istilərində.
Mən nədən bu yerə gəldim, İlahi?
Uymuşam şeytanın bal barmağına.
Heç dönüb baxmadım bircə dəfə də
Doğruların acı bağırmağına.
Uyaraq şeytanın fitnə-felinə,
Hərdən harama da saldım meylimi.
Doğrular o anda kəsdi yolumu,
Sandığım doğru yol bu deyildimi?
Yalan və həqiqət, özün ayır, seç,
Doğru acısıyla fərqlidur ondan.
Əsla aldatmasın şirinisi səni,
Acı doğru xoşdur şirin yalandan.
Halal yolu seçib doğru yaşa sən,
Halalı haramdan seçən göz, əldir.
Şirin yalanlarla yaşamaqdansa
Acı həqiqətli ölüm gözəldir!
Qərib yolçu
Mən bir qərib yolçuyam,
Gəl tanıt yolu mənə.
Yağışda islanmışam,
Neyləsin dolu mənə?
Qönçəm açmadı, soldu,
Bağrım yandı, kül oldu.
Getdiyim yol sağ yoldur,
Göstərmə solu mənə.
Yaşasam da yüz sənə,
Ömrüm bitəcək yenə.
Deyəcəklər, “Divanə,
Qəlbi dərd dolu” mənə.
Düşdüm çətinə, dara,
Günlərim oldu qara.
Eləmədi bir çara
Tanrının qulu mənə.
Sözlərimi oxu sən,
Gülab ətri qoxusun.
Kaş ki, rəhmət oxusun
Hər kəsin dili mənə.