.....

.....

Taleyim – Gültəkin Ramizin şeirləri

Taleyim – Gültəkin Ramizin şeirləri

Taleyim

Yenə  gəncliyimin həsrətindəyəm,
Gəncliyim meh kimi əsərək keçdi.
Xatirə qalmadı bir xoş günümdən,
Sevincli günlərim kədəri seçdi.

Döymədi qapımı xoşbəxtlik mənim,
Deyəsən, kiminsə payına düşdü.
Biryolluq qol açıb uçmaq istədim,
Qanadım qırılıb yanıma düşdü.

Mən qaça bilmədim öz taleyimdən,
Fələk yollarımı bağladı mənim.
Qəlbimdə böyüyən acı qəhərdən
Dünyaya gələcək mənim dərdlərim.

Röyalarda qovuş mənə

Gəl səninlə röya görək,
O röyada birgə olaq.
Söhbətləşək, bir az gəzək,
Gələcəyə xəyal quraq.

Məhəbbətdən danış mənə,
O eşq ilə vursun ürək.
Danışanda sərt üzünə
Saçlarımı atsın külək.

Toxunanda saçlarıma
Əllərində ətri qalsın.
Bir çiçək tax saçlarıma,
Gözlərimə sevinc salsın.

Dənizdən dərin gözünə,
Qərq olaraq mən boğulum.
Aşiq olum hər sözünə,
Sözlərindən mən doğulum.

Sakit gəzək biz şəhəri,
Qoy doyunca baxım sənə,
Açanda şirin səhəri
Üzümdə bir gülümsəmə.

Kaş röyadan oyanmasaq,
Röyalarda qovuş mənə.
Həyatda birgə olmasaq,
Röyalarda baxım sənə.

Xəyanət şərabı

Kaş ki tanıdığım kimi qalaydın,
Kaş sənə yad əllər dəyməzdi belə.
Mən sənin ruhunun əsiri idim,
Sən isə meylini saldın özgəyə.

Çox heyif, xəyanət şərabı içdin,
Şöləmi dəyişdin ucuz lampaya.
Düşündün, nur saçar ömrünə bir az,
O “günəş” deyil ki, yansın dünyaya.

Sən elə bir yara vurdun ki, mənə,
Bu yükü daşımaq çox ağır gəlir.
Məhəbbət dünyanı gözəl etsə də,
Mənimsə qəlbimə işgəncə verir.

Düşdüm

Məhəbbət aşiqi şairə kimi,
Bir dəli məcnuntək çölünə düşdüm.
Pərvanə olaraq məhəbətindən
Nakam duyğuların içinə düşdüm.

Sevgi dənizində ruhum bir ada,
Ən təmiz hisslərim çatmadı dada.
Könlünü vermisən özgəyə, yada
Mən isə ellərin dilinə düşdüm.

Bəlkə də həyatın sınağı budur,
Taleyi yazacaq tək xaliq Odur.
Ayrılıq qatarım önümdə durur,
Minib tənhalığın önünə düşdüm.

Sənsiz qalmışam

Həmişə “anacan” mənə deyərdin,
O gözəl sözlərə həsrət qalmışam.
Bir xoş gülüşünlə dünya verərdin,
Dünyamın içində sənsiz qalmışam.

Ayrılıq möhnəti üzür qəlbimi,
Həsrəti yandırır dözməyirəm mən.
Gedişin ömürlük əydi qəddimi,
O məsum balamı itirən gündən.

Balamla dünyanı gözəl görürdüm,
İndisə zülmətdir dünya gözümdə.
Dərdimi-sərimi sənlə bölürdüm,
Danışa bilmirəm bitib sözümdə.

İnan, çarəsizəm, ağrıyır canım,
Dərmanlar, iynələr şəfasın vermir.
Balamın varlığı şəfam, dərmanım,
O xaliq Allahım balamı vermir.

Bu gün ad günündür, adına qurban,
Hədiyyən ananın göz yaşlarıdır.
Bir məğrur baxışla önümdə duran
Qəhrəman balamın məzar daşıdır.