***
Canımın ağrıyan yeri,
Həsrətimin üç hərfli nidası,
Atam mənim!!!
Kimsə bilməz içimdəki bu yası.
Bir zəng gələ, mən açam ki,səsindir,
İnan mənə ,inan atam bəsimdir.
Sənsizliyim ağrılıdır,ağırdır,
Mən xırdayam,mən acizəm əlində.
Sarılıram məzarına, isinmirəm ay Ata,
Çağırıram hər nəfəsdə adını.
ayrılığın yaman oldu,sərt oldu,
Deyəmmədim salamat qal,hələlik.
Ay ata,dərdin mənə dərd üstündə dərd oldu!
Öpəmmədim əllərini doyunca,
Mən qayğına qalammadım,bağışla
İndi mənə boylanırsan məzardan,
bir həsrətli,
Bir nisgilli baxışla.
Vəfasızmış bu dünyanın o üzü,
Gedən dönmür,qalan ölmür…
gün keçir.
Həyat bizə hər addımda kəfən adlı don biçir.
Mən küsmərəm,
İncimərəm bilirsən,
Bilirsən ki,bu şeirim
Susdurduğum dərdimdir.
Bir zəng gələ, mən açam ki, səsindir,
İnan mənə, inan, Atam bəsimdir.
***
Rəsmini gördüm,
Gülürdün…mənsizlik yaraşmışdı sənə.
Necə də tez unutmusan hər şeyi,
Necə də tez şəkil dəyişib şəkillərin.
Yalanların boylanırdı boyundan,
Özündən böyük yalanların,
Özündən yaraşıqlı yalanların.
Gülürdün…
Səni mən qədər tanımırdı yanındakı,
O mən qədər bilmirdi səni
Bir insanı ən yaxşı pislik etdiyi tanıyar çünki.
Vəfalı ər,
Fədakar ata…
Nə qəşəng yaraşmışdın şəkilə.
Səndən sonra çox şey dəyişdi oysa,
Mənim Allahım öldü,
Ürəyimə basdırdım özümü.
Sən gülürdün,
Mən matəmini tutarkən sənsizliyimin,
Belimi yerə vuranda yoxluğun,
Xəyanətin
Sən boyundan böyük bir səadətlə gülürdün.
Tutmuşdun yerini…tuta bilmədiyin əllərim son kəs üzülərkən səndən
Sən özünü tamamlayırdın saxta gələcəyinlə.
Mənsizlik yaraşmışdı sənə…
Yalanların qədər,
Alçaqlığın qədər.
Sən gülürdün,ancaq, qızının gözlərindən baxırdı mənim nakam taleyim.
***
Bir tək sənə yazmaq istəyirəm,
Darıxanda əllərim,
Tıncıxanda ürəyim bir tək sənə yazmaq istəyirəm.
Uzun-uzun demək istəyirəm necəyəm,
Necəydim.
Axı,sən həm də, ən yaxın dostumdun
Çəkilirəm küncümə,
Kim deyir ki güclüyəm,qalibəm.
Mən bir savaşda vətənini itirib sağ qalmış döyüşçü kimiyəm.
Sən tanımışdın məni
Ilk dəfə ruhumun şifrələrinə toxunarkən bilirdin bir qızcığaz tapacaqsan
Dizləri çapılmış,üşümüş və yanılmış.
Səndən sonra dəyişmədi heç nə
Gizli bir nifrət böyüyür içimdə, haçansa daşacaq.
Sahibsiz bir susqunluğun ətdən heykəli kimi qarışıram insanlara.
Axı sən də xaindin,
Öz ölkəsini satmışlar qədər,
Öz körpəsini atmışlar qədər,
Kimliyini danmışlar qədər xain.
Bəs niyə mən…bir tək sənə yazmaq istəyirəm ağlarkən,
Gülərkən,
Darıxarkən.
Hardansa gələssən kimi gözləyirəm səni
Duysan iç səsimi, getdiyin yerlər yuvan olmazdı.
Belə qalmazdı bu sevginin biçarə taleyi…
Ne bilim,
Bilirəm yoxsan,
Yadsan,
Olmayassan.
Və bilirəm ki ,mən bir də sənə heç vaxt yazmayacam.
Ancaq…
***
Gəl, şəkil çəkim sənə mən,
Bir pəncərə düşün
Və ardında
Baxışlarından yollara tilov düşmüş bir kişi..
Ən son döngədə ritimsiz addımlarla
Gözdən itir bir qadın.
Kobud kişi barmaqları,
Silir şüşələrin tərli belindən adın.
Her şey öz taleyini yaşayır eyni vaxtın ömründə…
Günəş sürüşür binaların üstündən üzüsabaha sarı
İstidən qovrulmuş yollar sinəsin açıb gecəyə
Gecə çökür yorğun kişi kimi küçəyə
Hər pəncərədən bir yemək qoxusu ucalır,
Məhlədə gəlinlər qaynanalarıyla qocalır.
Sevməyə dəyər həyat,
Bax,
Bax
Parkın ooo başında
Külək məhlə uşaqlarıyla qaçdı-tutdu oynayır .