“Zərif kölgələr”in bu günkü müsahibi psixoloq, ehtiyatda olan polkovnik-leytenant, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elbrus Kəlbiyevdir.
-Dərgimizin səhifələrinə xoş gəldiniz. İlk öncə xahiş edirəm özünüz barədə oxucularımıza məlumat verin.
– Mən, Elburs Kəlbiyev 1977-ci ildə Lerik rayonunda ziyalı ailəsində anadan olmuşam. 1994-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Hərbi Məktəbinə daxil oldum və 1998-ci ildə həmin məktəbini Psixologiya ixtisası üzrə təhsil aldım. 2017-ci ilədək Milli Orduda müxtəlif vəzifələrdə xidmət etdim. Ehtiyata buraxılandan sonra isə yaradıcılıq ilə məşğul olmağa başladım. İlk romanım 2019-cu ildə işıq üzü gördü. İndiyə qədər detektiv janrında yazdığım 7 romanım çap olunub. “Şahmat qaydaları ilə qətl”, “Ölülərin pıçıltısı”, “Kobranın ölüm rəqsi”, “Şeytan ruhunun ləpiri”, “Utancaq Qatil”, “Heroqliflərin sirri” və “Üç saniyədən çox”.
-Bəzən insanların sənət dünyasına gəlmələri hər hansı bir hadisə ilə əlaqəli olur. Sizin yolunuz bu dünyadan necə düşdü? Niyə məhz detektiv janr?
-Mən də yazmağa təsadüfən başladım. Lakin hər hansı bir konkret hadisə buna səbəb olmadı. Əvvəllər detektiv janrda çox oxuyur və bu janrı çox sevirdim. Həmişə də düşünürdüm ki, şahmat ilə detektiv roman arasında çox gözəl vəhdət yaratmaq olar. Hətta axtardım ki, bəlkə belə bir əsər dünyada yazılıb. Görəndə ki, yoxdur, oturub özüm yazdım. Belə demək mümkünsə özüm üçün yazdım.

– Peşəsindən asılı olmayaraq hər bir yazarın əsərlərini yaratma düsturu var ki, bu düstur onu digər yazarlardan fərqləndirir. Elbrus Kəlbiyevin xüsusi yaratma düsturu nədir?
– Mənim düsturum elə peşəm ilə, ixtisasım ilə bağlıdır. Psixoloq olmağım əsərlərimdə xüsusi dəsti-xətt yaratmaq üçün vasitə oldu. Hər bir əsərimdə ayrıca psixoloji xətt qabarıq verilmişdir. Əsərlərimdə baş verən bütün hadisələrin psixoloji səbəbləri göstərilir ki, bu da oxucular üçün çox faydalı və maraqlıdır. Hesab edirəm ki, hansı janrda yazdıqlarından asılı olmayaraq bütün yazarlar heç olmasa psixologiyanın əlifbasını bilməli, əsas psixoloji qanunlardan xəbərdar olmalıdırlar. Çünki bədii əsərlər oxucu psixologiyasına təsir etməli, oxucuda müsbət psixoloji dəyişimlər etmək gücündə olmalıdır.
– Daha çox ilham aldığınız kitablar hansılar oldu?
– Çingiz Abdullayevin, Aqata Kristininin kitablarını çox oxuyurdum.
– Detektiv əsərləri bu qədər çox oxumasaydınız yaradıcılığınızda sırf bu janrda yazmamaq ehtimalı ola bilərdi?
– Onların müəyyən qədər təsiri olub. Lakin texniki fənləri də daha çox oxuyurdum. Yəni sırf o janrda yazım deyə oxumurdum o kitabları. Bir növ induksiya etmək, nədənsə nəticə çıxarmağı və araşdırmağı xoşlayırdım. Hətta televiziyada verlişlər olurdu və həmin proqramlar üçün suallar hazırlayırdım.
– “Şahmat qaydaları ilə qətl” romanı bildiyimiz qədər ilk qələm təcrübənizdir. Bəs nə üçün məhz şahmat?
– 7 yaşımdan şahmat üzrə çempion olmuşam. Sonradan valideyinlərim daha çox dərslərimlə maraqlanmağıma üstünlük verdilər.
Sizə görə yaşadığımız mühit, cəmiyyətimiz yazıçının iç dünyası ilə eyni səslənir?
-Ən çətin vəziyyət elə buradadır. Ən yaxşı toxumu münbit torpaqda əkməsən böyüməz, bəhrə verməz. Yazıçı üçün, onun inkişafı üçün münbit şərait də cəmiyyətdə olan oxucu kütləsidir. Əfsus ki, bu gün bizdə oxucu sayı çox azdır. Bunun müxtəlif səbəbləri var. Bu səbəblərin arasında ilk texnologiyanın inkişafı, sosial şəbəkələrin insanları dustaq etməsidir. İkinci böyük səbəb isə bu gün bizdə kitaba meydan verilməməsidir. Dahi Üzeyir Hacıbəyov demişkən, bir cəmiyyətdə nəyə meydan versən o da inkişaf edəcək. Ən hündürdə olan meydan isə televiziya məkanlarıdır. Televiziyalar tribunadır. Orada görünən nə varsa cəmiyyət tərəfindən yüksəkdə duran kimi qəbul olunur. Əfsus ki, əksər teleekranlarda bu gün yüksək mədəniyyət yox, cəmiyyətin tör-töküntüsü yer alıb. Yaradıcı insanlar ilə oxucu arasında dərin bir uçurum var. Fikrimcə nəhayət Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Ali Məktəblərin rəhbərlikləri, Televiziya rəhbərləri birgə planlar qurub tək kitabı deyil, ümumiyyətlə üst mədəniyyəti üstə, öz yerinə qaldırmaq üçün konkret addımlar atmalıdırlar. Yoxsa deməklə, danışmaqla heç nə həll olunmur.

– Vəziyyətin belə olmasında günahkar kimi görürsünüz?
– Televiziya rəhbərləri daha diqqətli olmalıdır bu işdə. Nə qədər internet, sosial şəbəkələr inkişaf etsə də, televiziya öz fəaliyyətini itirmir. Orada nə təbliğ olunursa, insanlar onu yüksək sayır. Ona görə də televiziyanın ədəbiyyata dəstək olması vacibdir.
– Detektiv yazarlar bəzən mütaliyə sənətində tam fərqli bir baxış tərzinə sahib olurlar, bəs sizdə bu necədi? Yazıçı Elbrus Kəlbiyev bir mütaliyəçi olaraq bəs kimdir?
– Son vaxtlar demək olar ki, az oxuyuram. Əvvələr daha çox bədii əsərlərə üstünlük verirdimsə, son vaxtlar daha çox elmi əsərlər oxuyuram.
– Az oxumağınız vaxt məhdudluğundandır yoxsa necə?
– Xeyr həmişə öyrənməyə çalışıram. Lakin həm kitab oxuyub, həm yazmağı düzgün hesab etmirəm. Oxumaq da yaradıcılığın bir növüdür. Yəni insan oxuyanda əslində bir iş görür. Onu analiz edir, öz daxilində müzakirə edir, araşdırır və s. Əsər zəif olanda oxucuda da maraq olmur.

-Bildiyim qədər artıq bir kitabınız xarici dilə tərcümə olunub.
-Bəli, ilk kitabım, “Şahmat qaydaları ilə qətl” əsərim keçən il ingilis dilinə tərcümə olundu.
– Bu işdə sizə hər hansı bir dəstək oldu?
-Xeyr, bunu öz hesabıma etdim. Artıq bu əsərimin bir neçə xarici ölkədə elektron satışını təşkil edə bilmişəm. Düzdür, bu iş hələ tam olaraq başa çatmayıb. Amma bu yöndə davam edirəm. Düşünürəm ki, hər bir yazıçı yazarkən məhs bu məqam barədə çox düşünməlidir. Bədii əsər tək dünyanı oxucuya göstərmir. Həm də yazarın ölkəsini, millətini, tarixini, mədəniyyət səviyyəsini dünyaya göstərir. Əsərlərimdə xalqımızın şanlı tarixini, mədəniyyətimizi, ali dəyərlərimizi, ləyaqətimizi, ailə dəyərlərimizi və sair bu kimi çox önəmli məqamları daim diqqətdə saxlamışam. Odur ki, indi kitabımın xaricdə oxunması millətimizin adına yalnız müsbət rəylər gətirəcək.
– Əsərlərinizin qəhrəmanı məşhur İlyas Ocaqov obrazı həyatdan götürülüb, yoxsa təxəllüyülüzün məhsuludur?

-Bu obraz konkret olaraq kiminsə prototipi deyil. Bu obraz mənim xəyallarımın, arzularımın məhsuludur. Mən onu oxucular, əsasən də gənclər üçün bir ədəbiyyat nümunəsi olaraq yaratdım. Onu sevənlərin sayı hər gün daha da çoxalır. Bu da o deməkdir ki, ona oxşamaq, onun kimi olmaq, ondan nümunə götürmək istəyənlərin sayı artır. Elə bu nüans mənim ən böyük uğurumdur.
Müsahibəni hazırladı Havar.