ALLAH
Qoyma bu dərdi-kədəri,
Qoyma məni yeyə, Allah.
Mən olmasam bu taleyə,
Kimsə durmaz yiyə, Allah.
Günlərim yanıb solduqca,
Tüstüm gözümə dolduqca,
Ürəyim kabab olduqca,
Qəm yığışır iyə, Allah.
Ömrüm keçir «dad» içində,
Dərdi-qəmim şad, içimdə,
İçim, çölüm od içində,
Üşüyürəm niyə, Allah?
Gözlərəm ay batanadək,
Fələk sayan bitənədək,
Gələcəyəm qu quşu tək,
Nəğmə deyə-deyə, Allah.
SÖZ İÇİNDƏ
Götürmədim arzuları,
Qoyub gəldim göz içində.
Xəyalımın bir küncündə,
Xatirələr toz içində.
Nənəm məni hey öyərdi,
“Boyuna qurban” deyərdi,
Qara həsrəti göyərdi,
Ürəyimin düz içində.
Bir evdəyəm künc-bucaqsız,
Oynayıram oyuncaqsız,
Yandırır odsuz-ocaqsız,
Fələk məni söz içində.
Tutub məndən əli dərdin,
Qoymur öləm zəli dərdim,
Sən bu qədər dəli dərdin,
Döz, ay canım, döz içində.
FƏLƏK
Zərrə-zərrə qurduğumu,
Bircə anda sökdün, fələk.
Bu sinəmə çalın-çarpaz,
Nə qədər dağ çəkdin, fələk.
Rahatlığı etdin haram,
Hey sızladı könül yaram,
Yavaş-yavaş, aram-aram,
Ürəyimə çökdün, fələk.
İnsafın olaydı barı,
Nə verdinsə, hər şey yarı…
Ətəyindəki daşları,
Sən başıma tökdün, fələk.
O tökdüyün daşlar ilə,
Bu belimi bükdün, fələk…
ANAMIN ÜRƏYİ
…Arzuların qanadında
uçub getdi bahar.
Çəkdiyi bir dərin ahdan
əridi saçındakı qar.
Boylandı gözləri
nigaran-nigaran
dünyaya tərəf.
Qorxdu
sualın altındakı
dayaq nöqtəsini
yuyub aparar göz yaşları.
Geriyə səslədi.
dünyadan,
həyatdan,
ölkədən
qovulanları.
(Qəlbində yer verdi).
Torpaq kiçildikcə,
insan kiçildikcə,
hər gün bir az daha
böyüyür Anamın ürəyi.
Bütün evsizlərin,
bütün Vətənsizlərin,
bütün kimsəsizlərin
gərəyi
Anamın ürəyi…
İLĞIM
Mən –
kökündən qoparılmış
bir ağacam.
Kötüyüm belə qalmamış…
Mən –
sındırılmış bir şüşəyəm.
Toxunsan,
qırıntılarım
doğrayar əllərini…
Mən –
saralmış bir yarpağam.
Daha baharlar belə
dəyişə bilməz rəngimi…
Mən –
bir boşluğam.
Ucsuz-bucaqsız…
Yaxın gəlmə,
yıxılarsan…
ZİNDAN SEVİNCİ
İnsan azad olmaq üçün
gəlir dünyaya.
Çiynində günah daşıyır.
Hərdən “ah” çəkib
nəfəsini azad edir.
Qəlbinin dərinliyində
ölmüş səslərə can verir.
Zindan sevinci yaşayır İNSAN…
VAR
Dünyanın hər üzün görüdk,
Dumanı, sisi, qarı var.
Gah ağladar, gah güldürər,
Qışdan sonra baharı var.
Gedərsə, dönməz nəfəsin,
Yavaşca ölər həvəsin,
İçində boğulan səsin,
İniltisi, ah-zarı var.
Nə əzab çəkməli yerdi…
Əvvəli bir, sonu birdi,
Yetim bilmə sən bu dərdi,
Mənim kimi simsarı var.
QAYITDIM
Əvvəl bu dünyada bir yuxu gördüm,
Sonra da röyamı yozub qayıtdım.
Bu həyatda hər gün gördüklərimi,
Ömür kitabına yazıb qayıtdım.
Qürurum yolumda keçilməz qaya,
Dərdlər qəlb evimdə durdu sıraya,
Doyunca baxmadım bu tamaşaya,
Uzaqdan gözucu süzüb qayıtdım.
Amansız fələkdən çox gördüm həmlə,
Yaxın sirdaş oldum kədərlə, qəmlə,
Kağızın üstündə lələk qələmlə,
Özüm öz qəbrimi qazıb qayıtdım.
KÜSMÜŞƏM
Ölərdim, amma daha
Ölümdən də küsmüşəm…
Ramiz Rövşən
Yordu bu həyat məni,
İzimdən də küsmüşəm.
Hər dərdə sinə gərən,
Dözümdən də küsmüşəm.
Yollarımda duman, çən,
Həsrət saçımda dən-dən,
Mənə sirdaş şeirdən,
Sözümdən də küsmüşəm.
Ömrümün gülşən çağı,
Çəkdi sinəmə dağı,
Korun yanan ocağın,
Közündən də küsmüşəm.
Yaşadığım hər bir an,
Canımdan ayrıldı can,
“Mənim”lə barışmayan,
Özümdən də küsmüşəm.