Yeddi Məzarsız Şəhid Polisimizin əziz xatirəsinə
Əgər yaşasaydı Mirvarid ana,
Sizi oxşayardı Telli Durnalar.
Düzərdi şeirinə o yana yana,
-Qanadı Şimşəkdən yelli durnalar.
Sizə sinəsində çalardı layla,
Deyərdi- a Yeddi civanım, layla..
Bəlkə ağrınızı alardı layla…
Taleyi muğamdan dilli Durnalar..
Çiçəklər açılıb, çöllər qurulub,
Suları bulanmış göllər durulub,
Dağlara Gün doğub, bağlar bar alıb,
Qayıdın a bizim Elli Durnalar!!!
Deməyin, kəm yazı, qısa ömürlü..
Məkanı müəmma, məzarı sirli!
Şəhadət yerləri, ocaqlı, pirli,
Məqamı Cənnətdə bəlli Durnalar..
Əcəldən hünərli, ölümü canlı,
Əməli şərəfli, amalı şanlı,
Əyninin kəfəni müqəddəs qanlı,
Lalənin köksündə- xallı Durnalar..
Bir çiçək var üzü qışa,
Bir ürək var, dönüb daşa,
Kaş ki, bir gün bəyaz quşa
Dönüb, dolanam dağlara.
Xəbər gələ dəli yardan,
Deyələr qurtulub dardan,
Qanad çalıb, buludlardan
Enib, boylanam dağlara.
Bircə kərə düşəm yada,
Qaya əks ede səs-səda,
Sevgidən tutuşam oda,
Yanıb, qalanam dağlara.
Laləyəm, qəm alın yazım,
Çəkilmədi işvə-nazım,
Kaş çalına könül sazım
Çapa, talanam dağlara.
Oxşayıb şəklimi mənim yerimə,
Sevməyə bir məzar daşı verərəm.
Ölərsəm sinənə, mənim yerimə
Sıxmağa, bir cüt göz yaşı verərəm.
Dinib daş dilində, daş olan səsə,
Uçub, mərmər üstə qoşulan səsə,
Olumla, ölümlə, “kaş” … olan səsə,
Ömrümdən hər keçən yaşı verərəm.
Yar yana, yollarda yarı qalana!
Əyilib, əriyib, yarı qalana,
Qara baş daşından yarı qalana,
Yağaram, yaslığa yaşı verərəm.
Ağlasın Müşfiqin “tar”ı gülləri..
Sən getdin izindən mənə xatirə,
Qoydun yol uzunu sarı gülləri.
Onsuz da var idi bir sarı həsrət,
Dərib, aparardın barı, gülləri…
Qədəmsiz yolların ritmi pozular,
Yuxusu dağılar, tərsə yozurlar…
Qopub, çiliklənər dəli arzular,
Yarı yolu ağlar, yarı gülləri..
Göylərdən süzülüb, dağlardan enər,
Küsgün buludların saçında dinər,
Əsən küləklərin tərkinə minər,
Gəzib, soraqlayar arı gülləri..
Toz almış dəftəri varaqladıqca,
Göz göz sətirləri oraqladıqca,
Yığıb, dəstələyib, daraqladıqca,
Gördüm qız gülləri, qarı gülləri..
Lalənin bağrı xal, közdü daməni,
Kor qafil nə sizi bilməz, nə məni…
Qoy tutsun naləsi çölü, çəməni,
Ağlasın Müşfiqin “tar”ı gülləri…
Gənc Şəhidimiz, Müşfiqimizin (Aprel döyüşçüsü Müşfiq Orucov) əziz xatirəsinə.
Düşünmə ki, odum sönüb,
Günəşə dönmüşəm ana.
Bir ovuc torpağa dönüb,
Mən vətən olmuşam ana.
Axtarma yollarda məni.
Demə rüzgar, tufan olub,
Demə, gülüm qönçə solub,
Buxarlanıb, bulud olub,
Gözünə qonmuşam, ana.
Axtarma yollarda məni.
Sübh səhərin mehi kimi.
Göy çəmənin şehi kimi,
Yandıran can ahı kimi,
Köksünə dolmuşam ana.
Axtarma yollarda məni.
Çəkəmmədim daha nazın,
Qırdım yarın könül sazın,
Sevdiyim ala göz qızın,
Naməsin almışım ana.
Axtarma yollarda məni.
Mərd yeridir meydan, savaş,
Nə qəm eylə, nə də təlaş,
Bas yerimə bağrına daş,
Dağlarda qalmışam ana.
Axtarma yollarda məni.