Sənin xətrinə
Gəlir uzaqlardan soyuq havalar,
İsti yay gününün qaynar ətrinə.
Çatlasa sinəndə bu eşq, bu həsrət,
Bir yağış olummu sənin xətrinə?
Göyün ağrısını yerlərdə duyub,
Oyub bu həsrətin gözünü, oyub,
Bütün günahları boynuma alıb,
Onları yuyummu sənin xətrinə?
Köksündə çağlayan bir dəniz olsam,
Qaynayıb səmanın köksünə dolsam,
Şimşəyə çevrilsəm, ildırım olsam,
Göylərdə susummu sənin xətrinə?
Bir gün arzuları duaya qatıb,
Dərdimi dünyanın dibinə atıb,
Bir qırıq ümidin əlindən tutub,
Üzünə gülümmü sənin xətrinə?
Yollarım əzablı, gələ bilməsən,
Gülüşüm kədərli, gülə bilməsən,
Əgər mənim kimi sevə bilməsən,
Yerinə sevimmi sənin xətrinə?
Xoşbəxtlik yaxında gəlir, desələr,
Üzünə, gözünə gülür, desələr,
Mənə “sevdiyin də sevir”, desələr,
Sevincdən ölümmü sənin xətrinə?
Saralmaz
Könlüm xəyala daldı,
Bu vaxt yarpaq saralmaz,
Ah, nələr yada saldı,
Bu vaxt yarpaq saralmaz.
Sevinc anı qəm içir,
Sanki taleyin seçir.
Hamı üstündən keçir,
Bu vaxt yarpaq saralmaz.
Mən yox idim, var oldum,
Bir solğuna yar oldum.
Onunçün bahar oldum,
Bu vaxt yarpaq saralmaz.
Yarandı duymaq üçün,
Dünyadan doymaq üçün.
Darıxdı solmaq üçün?
Bu vaxt yarpaq saralmaz.
Baharından əl üzüb,
Bəxtini qəm kəm düzüb.
Bəlkə budaqdan küsüb?
Bu vaxt yarpaq saralmaz.
Necə oldu, bilmədim,
Bir lal kimi dinmədim.
Ondan qopa bilmədim,
Bu vaxt yarpaq saralmaz.
Payızda saralardı,
Dönüb xəzan olardı,
Qalsa, kölgə salardı,
Bu vaxt yarpaq saralmaz.
Dünya qəribə yerdir,
Hər yeri sözdür, sirdir.
Bəlkə o da şeirdir?
Bu vaxt yarpaq saralmaz.
Birdənəm
Payızı bu qədər sevmə, birdənəm,
Düşərsən çisəkli yağışlarına.
Yağışın soyuğu, soyuğun rəngi
Qorxuram yansıyar baxışlarına.
Göyləri bu qədər sevmə, birdənəm,
Bilmirsən, nə qədər uzaqlığı var?
Bənzətmə eşqini bu yerə, göyə,
Hər axşam sirli bir qaranlığı var.
Dənizi bu qədər sevmə, birdənəm,
Dəniz sakitliyə alışa bilmir.
Desən də dərdini dərinliklərə,
Saf sular lal olur, danışa bilmir.
Yağışı bu qədər sevmə, birdənəm,
Günəşə ümidli, ümidsizi var.
Söykənib eşqinin kor əsasına
Yollarda yürüyən çətirsizi var.
Sən məni bu qədər sevmə, birdənəm,
Azarsan sevgimin sonsuzluğunda.
İsidə bilməsən ilıq ruhumu,
Qorxuram, ölərəm soyuqluğunda.
Qorxuram
Gözün ocaq, pir yeridir?
Başına dolanıram.
Könlüm səcdənə qapanıb,
İnanmağa qorxuram.
Həsrətdən çəkilən sədəm,
“Sevgiylə düşmən sərhədəm”.
Min ildir, eşqə həsrətəm,
Sevməyə darıxıram.
Baxma, ömrümə qənimsən,
Səndən sonra sən mənimsən.
Dedilər, son sevincimsən,
Gülməyə darıxıram.
Şirinimə acı qatdım,
Dərin xəyallara batdım,
Gözlərində yuxu tapdım,
Ölməyə darıxıram…