.....

.....

Sənsizəm – Bahar Cavadovanın şeirləri

Sənsizəm – Bahar Cavadovanın şeirləri

Sənsizəm

Fəsillər də qənim kəsilib mənə,
Baharımdan qışımacan sənsizəm.
Qarışıbdır gecə gündüzə yenə,
Torpagımdan daşımacan sənsizəm.

Parçalandım, yıgammıram mən məni,
Əzib, sıxıb həsrət məni, qəm məni,
Görsən, vallah, tanımazsan sən məni,
Topuğumdan başımacan sənsizəm.

Atdın məni doluya sən, selə sən,
Saldın göyçək ağızlara, dilə sən,
Yanağımdan axdın gilə-gilə sən,
Gözlərimin yaşınacan sənsizəm.

Bax

Necə uydun sevdasına, sən əqlə bax, huşa bax,
Xəyanətdən qübarlanıb, ürək dönüb daşa, bax.
Üzüntüdən, göz yaşından pozulmuş yaddaşa bax,
Qisasını alar zaman, sən çərxi-gərdişə bax.

Bəxtim yazan, niyə yazdın taleyim fağır mənim,
Ömür boyu yük çəkməkdən boynum da yağır mənim.
Daim tutdun üzüntüdən yükümü ağır mənim,
Kürəyimə xəncər kimi bu saplanmış şişə bax.

Yar yarını yolda qoymaz, vəfa yazdın kəm belə,
Üzüntünü, iztirabı yığdın, verdin cəm belə.
Dost bildiyim bir gədanı sanırdım həmdəm belə,
Ona aşiq ürəyimi necə çırpdı daşa, bax.

Sevgisindən məst eləyib göyə ucaltdı məni,
Anladıb xəyanətini yordu, gicəltdi məni.
Ürəyimi xəstə salıb, vaxtsız qocaltdı məni,
Saçım bəyaz, alnım qırış, gözlərimdə yaşa bax.

Nəyinə gərəyəm

Yox daha əvvəlki o cah-cəlalım,
Qışım sərt gəlibdir, ötüb baharım.
Qalan quru cismim, uca vüqarım,
Bir də parçalanmış ürəyəm axı,
Mən sənin nəyinə gərəyəm axı?

Solub, yanağımın rəngi bəyazdır,
Don vurub o qaynar təbi, ayazdır.
Allah hər sevənə bəxt, tale yazdı,
Əzəldən talesiz, beləyəm axı,
Mən sənin nəyinə gərəyəm axı?

Uçub xanımanım, dar qəfəsdəyəm,
Könül intizarda, son nəfəsdəyəm,
Natamam şeirəm, yarım bəstəyəm,
Qəlbdə nakam qalan diləyəm axı,
Mən sənin nəyinə gərəyəm axı?

Niyə qorxum

Gecələr göz yaşlarımdır, bir də mən,
Səni itirməkdən niyə qorxum ki?
Göz yaşımla bəstələnən nəğməyəm,
Səni itirməkdən niyə qorxum ki?

Dərdin fələk kimi qapımdadırsa,
Gözüm gedər-gəlməz yolundadırsa,
Özün boyda ağrı solumdadırsa,
Səni itirməkdən niyə qorxum ki?

Ömrün keçib gedən baharı kimi,
Köç edən bir durna qatarı kimi,
Eşqimin tapdanmış vüqarı kimi,
Səni itirməkdən niyə qorxum ki?

Hara baxsam, baxdım sənin gözünlə,
Kimi görsəm, səhv salırdım üzünlə.
Səni ancaq anıramsa hüznlə,
Səni itirməkdən niyə qorxum ki?

Allah verdi, torpaq aldı əlimdən,
Bacı, qardaş – oldum əzizlərimdən.
Mənim mayam yoğrulubsa zülmdən,
Səni itirməkdən niyə qorxum ki?

Yanımdaydın, ruhun məndən aralı,
Dərdli sinəm neçə yerdən yaralı.
Sən ki çoxdan itiribsən Baharı,
Səni itirməkdən niyə qorxum ki?

Nifrətim heyifdir

Elə sevdi ürək səni, dedim, qiblə, pir budur,
Necə dondan-dona girdin, mənim üçün sirr budur.
Sevən gözü kor olarmış, anladığım bir budur,
Yaz günündə başım üstə oldun duman, çən mənə,
Gec də olsa, tanımışam, nifrətim heyif sənə.

Çox yalanlar söyləmisən, çəkəcək əzab dilin,
İndi niyə söz tapmayır verməyə cavab dilin?
Çox dedim ki, imana gəl, qazansın savab dilin,
Tənə edib öz qəlbində gülürsənmiş sən mənə,
Gec də olsa, tanımışam, nifrətim heyif sənə.

Sənin üçün eşq əyləncə, sürdüyün zövqü-səfa,
Mən eşqinə qısıldıqca çəkdirdin qəlbə cəfa,
Sənin indi bir adın var, etibarsız, bivəfa,
Peşman olub alovlanma, daha dolan gen mənə,
Gec də olsa, tanımışam, nifrətim heyif sənə.

Göz yaşları silah kimi verilmişdi şeytana,
Şeytan kimi gah ağladın, gah sarıldın böhtana.
İnsan kimi sevdim səni, bənzədirdim insana,
Bir kəlmənlə bu canımı qurban verərdim sənə,
Gec də olsa, tanımışam, nifrətim heyif sənə.

Tanıyandan iç üzünü ağız tamı qalmadı,
Bu atəşli məhəbbətin söndü şəmi, qalmadı.
Səni sevən Bahar ölüb, quru canı qalmadı,
Xəyanətlə ağ kəfəni geyindirdin əyninə,
Gec də olsa, tanımışam, nifrətim heyif sənə.