Mən sənin ömür kitabında
əlfəcini unutduğun səhifəyəm…
Alın yazındakı hərf səhviyəm…
Elə isə tök alnına yorğun tellərini,
görən olmasın mən hərfi…
Gizlət məni hər kəsdən.
Gizlət əkizlərdən,
yalqızlardan gizlət…
Gizlət dənizlərdən,
ulduzlardan gizlət…
Bircə balıqlardan gizlətmə, nolar?!
Balıqların qarğışı pis tutur adamı.
Bu buludun yağışı pis tutur adamı, bilirəm…
Mən bu buludun xətrinə dəymişəm bir dəfə.
Var gücümlə adını pıçıldamışam,
Bu sükutun xətrinə dəymişəm bir dəfə…
Etmə!
Çünki dilimdəki
cümlələrin mübtədası sənsən,
Ancaq xəbər yoxdur…
Sənsizlik adda ölüm var,
Ancaq qəbir yoxdur…
Bilirəm ki, “sənsizlikdir”,
Deyirəm ki, “ömürdür!”
Sənsiz doğan Günəşin
doğduğu kömürdür…
Bir gün məni soruşsalar,
deyərsən ki,
deyərsən ki,
sahibini itirmiş eynək kimiydi –
görmürdü…
Sənsizliksə – çiçəklərin,
böcəklərin,
küləklərin qarşısında üzüm yoxdur…
Qollarımın əlindən al məni,
Üstümdə bu boyda boşluğa lüzum yoxdur…
Kəpənək nə istəyər ki,
təkcə hüzurdan başqa?!
Səndən heç nə istəmirəm,
təkcə üzrdən başqa…
Dostum Zəhra Əkrəmə
O ulduzu görürsən?
Bax, onu…
Barmağını uzat,
Sən hansını göstərsən,
Mən onu deyirəm…
Göy üzündə ulduzların sayı milyondur,
Biz sadəcə bizdən küsən ulduzları görürük.
İkimiz də it ilində doğulmuşuq,
Ona görə dərdimizi ulduzlara hürürük.
Amma ulduzlar məni bağışlamaz.
Bağışlasalar, it olub hürərəm,
At olub kişnərəm.
Sən də məni bağışlama, dostum.
Sən də məni bağışlama,
Səndə nə qədər qaldığımı görüm…
Sən də məni bağışlama,
Önəmli kəsləri bağışlamazlar, dostum.
Bağışlamaq kişilikdəndirsə,
Önəmsəmək qadınlıqdandır…
Eramızdan bir gün qabaq
söndürdük bütün Günəşləri,
Ümidimiz sonuncu Günəşədir.
Əslində, bütün insanlığın
sürünənlər sinifinə aid olduğunu bilmək
məşəqqətdir…
Eramızdan bir gün qabaq
bağışladıq bütün Tanrıları,
Amma Tanrılar bizi bağışlamazlar,
Bağışlasalar, it olub hürərəm,
At olub kişnərəm…
Sən də məni bağışlama, dostum.
Sən də məni bağışlama,
Sənin əllərin heç bir işə yaramır…
Sənin əllərin heç bir işə yaramır, dostum,
Yarasa belə,
onlar məni bağışlamazlar.
Sən də məni bağışlama…
Sən ki Tanrı deyilsən,
Bağışlamaq sənin nəyinə?
Küləklər şəhəri olsa da,
Çox da güvənmə buraların küləyinə.
Bu dəfə ürəyinin səsini dinləmə,
Çıx zirvəsindən boylan,
bəlkə gözlərinlə görəsən…
Bir könüldən min könülə sevənlər
Yeri gəldi, bir Könülə unutdular,
Bir Günelə dəyişdilər, Balacam…
Hələ nağıllara inanan yaşındır,
Bir az da böyü,
Sənə “ağ atlı oğlanın nağılı”nı alacam…
Məni də yaxşı biri sanma…
Qısqanclığım olmasa
Səni qışın oğlan çağında yalqız buraxaram…
Suss, dinlə!
Hamıdan gizlədiyim sirrimi sənə açıram:
“Mən Allahdan başqa hər kəsdən qorxuram…”
Sən deyəni heç eşidən oldumu?
Cənnətinə sarı gedən oldumu?
Əldə savab, təbrik edən oldumu?
Söylə, günün necə keçdi, İlahi?
Şans dediyin bir atımlıq güllədir,
Boşa çıxdı, kimsə mənə gülmədi…
Ömür nədir? Susulmalı kəlmədir,
Söz ki dildən çıxdı – puçdur, İlahi…
Viran tale, sınıq-salxaq bünövrə,
Keçməz daha ömür adlı bu nömrə.
Kəpənək də gül üstdə bir gün ömrə
Dözəmmədi, bezib uçdu, İlahi!
Malım-mülküm bir bu uçuq daxmadır,
Nikolaydanqalmadır lap, sovxadır…
Qənşərində gördüm üç-dörd arvadı,
Nəsə yaman pıçapıçdır, İlahi…
Təpəgözün gözü yolda dörd olub,
Kim oyubsa o gözünü, mərd olub.
Düşünmürəm bir göz ona dərd olub,
Çıxan birdir, qalan üçdür, İlahi…
Yüz yaşasın padşahı da, xanı da,
Bu nağılın almaları hanı daa?!
Div canıymış göyərçinin canı da,
Bu nə divdir, bu nə quşdur, İlahi?!
Ömür-divin uydurduğu nağıldır,
Bu nağıla bir alma da çox oldu.
Baş qarışdı, alan qaçdı, dağıldı,
O üç alma kimə düşdü, İlahi?
Sənin dərdin daha çoxdur, dərindir,
İnan, olmaq istəməzdim yerində…
Görüşərik bu günlərin birində,
Gecən xeyrə! Daha gecdir, İlahi!