Vətənimizin ikiyə parçalanmasına Məmməd İsmayıl baxışı
Bəlkə də, qəribə alın yazısının poetik tələbiydi, onun şairliyi. Bu şairlik Məmməd İsmayılı sadəcə doğulduğu Tovuzun yox, bütün türk dünyasının atəşin söz ustası kimi tarixə möhürlədi. Vətənin taleyi ilə bir uyğunluq varıydı şairin alın yazısında. Dünyaya gəlişi ikinci dünya müharibəsinin oyunları ilə müşayiət olunurdu. Atasını müharibə qeyb etmiş bir uşağın son sığınacağı anadan başqa kim ola bilərdi ki?! Nə yaxşı ki, türk qadınlarının kişilik qeyrəti hər an balalarını hifz etməkdədir: “Gəzəndə kürəyimdə, Dağa dönüb ürəyim. Heç bilmirəm onlara, Ata əlləri deyim, Ana əlləri deyim”. Onun poeziyasında əvəzedilməz bir ana obrazı ilə qarşılaşırıq. Bəlkə də, şairin ürəyinin dərinliklərində kök salan vətən məhəbbətini elə anasının müharibənin amansızlıqlarından fürsət tapıb söylədiyi folklor nümunələri göyərtmişdi:
Tilsim qapılarını,
“Sim-sim” aça bilmədi.
Böyük qardaş, ortancıl
Növbə kiçiyə çatdı
Dünya nağıl yaratdı.
Şübhəsiz ki, Məmməd İsmayılın qəlbindəki vətənpərvərlik alovunun ilk qığılcımları elə bu nağılvari gerçəklikləri dinləyərkən közərirdi. “Ayırmaq olarmı, balığı sudan, Balıq bilməsə də, xalıq biləcək” – şübhələrinə əminlik, yaddaşının başlanğıcından ayrılıq məsuliyyətini onun çiyinlərinə yükləmişdi. Ayrılmadan bölünmələr törəyirdi:
Min ildi açılmır eynimiz nədən,
Daha bölünməkdən gəlmişik cana.
Tərs kimi adın da bölünür, vətən,
Bölünür Azərə, bir də Baycana.
Əvvəlcə ikiyə bölünmüş, sonra da hissə-hissə pay-puruş edilmiş vətənin başına gətirilənlər Məmməd İsmayıl yaradıcılığının ana xəttini təşkil edir. Bu bölhaböl onun poeziyasını daim məşğul etmiş, “Ölkələr var, ölkələrə güzəşt olub” reallığı ilə barışa bilməmişdir. “Həqiqət deyilən nə var nəzilib, Öz son nəğməsini oxumur qular. Çayımızın suyu başdan kəsilib, Əkdiyimiz şamı qırıb qonşular” – deyərək ən böyük zərbələri haradan aldığımızı dəqiqliyi ilə göstərir. “Yolun olsa da, cadar, Axtar, axtaran tapar” – ümidi ilə bu müsibətlərin kökünə varmaq istəyir:
Kimin Tükmənçayı, Çaldıranı yox?!
Yoxsa hər vərəqi məğlubiyyətdi.De kimin sınağı, imtahanı yox,
Hələbdə arzumu yandırıb yaxıb,
Tehranda, Təbrizdə asıblar məni,
Sabahkı günümə kim şərik çıxıb,
Kimin ayağına yazıblar məni?!
- sualları ilə tarixin qaranlıq səhifələrində baş sındırır, qəribə siyasi meyarlarla qarşılaşır. “Babam mənə kor deyib, Hər yetənə vur deyib” – prinsipi ilə yaşayan bədxahlarımızın niyyətlərini öyrəndikcə daha böyük əzabkeşə çevrilir:
Vətən tikə-tikə, parça-parçasa,
Ömür deyilənin sonu borcasa,
Yuxuya gedibsə içimdə qiyam,
Dərənin axmağı, çölün dəlisi,
Elin ifləməsi və nəsi-nəsi,
Bir də lap inciyim, nə desən oyam,
Mən şair deyiləm, atam-qardaşım. - harayı ilə varlığını inkar edir, şairliyinə üsyankarlıqla, bu cür müsibətlərin qarşısını ala bilməmək acizliyində özünü günahlandırır. Birbaşa özünü qınaq obyektinə çevirir ki, belə işgəncələrlə yüklənmiş xalqının harayına çata bilməyirsə, bir çıxış yolu tapa bilməyirsə, onda daha bunun nəyi şairlik oldu?! “Bəzən xırda yalanları, örtmək üçün bəhanədir yaddaşımız” – deyərək bu parçalanmaya göz yumanları özünəməxsus şəkildə ittiham edir:
Bir azca şübhəm var – Araz sözünə,
Axı o qədər də ara az deyil.
Dərdi damarımda vərdişə döndü,
İndi heç Araz da o Araz deyil.
Misraları ilə sanki bu ayrılığın bitməyəcəyi qorxusunu yaşayır. Necə ki damarda qanımız dayanmadan vərdişkar olaraq dövr eləyir, eləcə də, bu ayrılıq əzabı da bir təbii hal təki öz işində – qan dövranı kimi təkrarlanmağındadır. Belə də təkrarçılıqmı olar?! Bu qədər də dözüm nümayiş etdirməkmi olar?! “Qeyrət məni oyadar, Düşmən baş qaldıranda. Qəlbim Təbrizdə yatar, Günahım Çaldıranda” – deməsi, əsl qeyrət vaxtının çatdığını hayqırır, bu acınacaqlı təkrarın səbəblərini arayır, əsəbləri tarıma çəkilir: “Bəsdi, guruldadıq – gah el, gah vətən. Uzaqdan söz qoşduq bəsdi, Təbrizə. Başını sallayıb işini görən İşlək qarışqalar nə deyir bizə?!” – sualları içində fikirləri dolaşır. Öz başının çarəsini qılmağı bacaran qarışqalar qədər ola bilməmək bacarıqsızlığı şairin hiddətinə səbəb olur. Axı gerçəkləri görmək elə də çətin deyil:
Yolları bağlanmış Təbriz yolları,
Qolları bağlanmış Təbriz qolları,
Əyilib Arazdan su içmək istər,
O ciyəriyanmış Təbriz yolları.
Həsrətdən susuz səhra kimi dil-dodağı cadar-cadar olmuş Təbrizimiz Arazı son damla qanına qədər içməyə hazırdır. Yetər ki, Arazla təsdiqlənmiş bu qeyri-obyektiv sərhəd yox olsun! Bütün günahları üstünə götürmüş Araz günahkarcasına öz məsumluğuna sızlayır, ittiham olmaqdan bezir. Amma bir həqiqəti dana bilmir ki, elə coğrafi-strateji yerlərdən yol salıb ki, özü də istəməyərəkdən bir xalqın, bir torpağın ikiyə bölünməsinin simvoluna çevrilib:
O taydan yüksələn “Arazbarı”dır,
Keçə bilməyirəm, Araz barıdır.
Gör neçə həsrətin Araz barıdır.
Çaya bax, suyunda dağlayır bizi,
Alıb kəməndinə saxlayır bizi,
Tikanlı məftildən tələ bu anlar
Bir də keçməyəcək ələ bu anlar.
Bu elə anlardır ki, milyonlarla türkü ayrılıq tələsinə salıb, birliyə gedən yolları əngəlləyir. Həsrətlər o qədər münbit şəraitə düşüb ki, artıq barını verməkdədir: “Arzun da, Araz da bölündü iki, Yenə biz-biz oldu başımın tükü. Nifrət o günə ki, o zəmanə ki Bir qəlbin iki cür aləmi oldu”. Əslində Araz özü ikiyə bölünmür, Azərbaycanı ikiyə parçalayır. Son misradakı ikibaşlı məna məcaziliyi də ürək titrədicidir. Bütöv Azərbaycanımız bir qəlbdir, amma güneyi bir aləm, quzeyi başqa aləm oldu. Əgər ikiləşmə gedirsə, birlikdən əsər-əlamət qala bilməz. Bu isə şairin haqlı narazılığına səbəb olur;
“Savalan düşmənə yağı dayanmış,
Sinəsi dağlıdır, dağı da yanmış.
Qəzəbdən saçının ağı da yanmış,
Bu odlar diyarı beləmi oldu?!”
Bəlkə də, içi özünü, çölü bizləri yandırdığı üçün məmləkətimizə Odlar diyarı deyiblər?! Bu qədər də qəribə təsadüf olarmı?! Əgər təsadüfdürsə, onda niyə?
Sağ yanımda Naxçıvan,
Sol yanımda Marağa,
Əlincənin qardaşı,
Babəkin yadigarı
Bəzz ucalır o tayda –
Əlim çatmaz, ünüm yetməz nə fayda?!
O tayın da, bu tayın da taybataylığı, doğrudan da, üzücüdür. “Yaddaşıma sığışmasın eni uzunu, Bir tükənməz nağıl olsun Vətən torpağı” – istəyinin nağıldan həqiqətə çevrilməsi müəllifin ən ülvi arzularındandır: “Nədən Araz arzularım çin olmaz, Haçanacan yuxularda çay görüm?!” Bəzən isə bir ümid şamı közərir, bir işıq nöqtəsi görünür:
Orda – Savalanda bir igid yatır,
Hələ ki, uyuyur qılıncı qında.
Hələ ki, yanında gözləyir atı,
Hələ ki, arzusu yol ayrıcında - Bu arzular yol ayrıcından nə vaxt yığılacaq, gözləri yol çəkməkdən nə vaxt ayrılacaq?! Pənah yeri olan bu igidin oyanacağı ümidi ilə şair öz-özünü suallandırır; “Qınından sıyrılar o qılınc haçan, Bir ildə, beş ildə on ildə bilmir. O ölmüş qeyrəti bu zamanacan, Dirilik suyu da dirildə bilmir”. Dirilik suyu ölümsüzlük, əbədiyaşarlıq simvolu olsa da, bəzən ölmüş qeyrətləri diriltməyə də gücü çatmır. Şair bu müəmmalara da açar tapmağa çalışır:
Demə, varlığını illət əyibdi,
Dərdlə öcə düşüb, millət əyibdi.
Xalqımın köksünə güllə dəyibdi,
Qan damır şeirimin misralarından
Qan, qan, qan!
Şərq təfəkkür yozumuna görə qan qovuşuqdur. Bəlkə də, elə bu səbəbdən şair Araz yuxularının çin olacağına inanır. Bu inam onun neçə-neçə şeirlərinin sığınacağıdır. Bu şeirləri oxuculara sevdirən cəhətlərdən biri də vətənin taleyi üçün naratlıq keçirən bir şairin son anda yenə də qələbə əzmini itirməməsidir;
Tufanlarda bir gəmisən,
Yol tapan çağını görüm.
Büdrəməyə büdrəmisən,
Durub qalxmağını görüm. - arzusuyla bütöv Azərbaycan istəyinin reallaşacağına inam yaradır. Türk həmişə tarixin sınaqlarından çıxmalı olub, amma dəyişməyən bir şey var, türk elə türkdür.
