.....

.....

Vüsal Yurdoğlu – Bir qız axtara səni

Vüsal Yurdoğlu – Bir qız axtara səni

***

Qəfil bir ölüm gələ,

Gəlib apara səni.

Nə həkimlər qaytara,

Nə də pul-para səni.

Qəbrin ola boyunca..,

Qonşun, yerə qoyunca

Yuyub sərə doyunca

Ağ səni, qara səni.

Olmaya dərdə yiyə,

Ruhun çəkilə göyə.

Çölündən qurdlar yeyə,

İçindən yara səni.

Xəbər tutmaz köçündən,

Ölümündən, üçündən.

Şəkillərin içindən

Bir qız axtara səni.

***

Kimsə bilmir, nə bilsin,
Kiminizəm mən sizin?!
Heç siz də bilmirsiniz,
Bilməyin, ay əzizim…

Nəyinizə gərəkdir?!
Bilsəniz, nə olacaq?!
Adımı yazsanız, nə..,
Silsəniz, nə olacaq?!

Mən ki sizə uzağam,
Mən ki sizə yaxınam.
Mən ki “siz”in varınız,
Mən ki “sən”in yoxunam…

Mən ki sizin yuxunuz,
“Siz”dən “sən”ə keçəndə.
Sizin təbəssümünüz
Ölür mənə keçəndə…

Yaşatmağı bacarmır
Fikirlərim kimsəni…
Həm “siz”i düşünürəm,
Düşünürəm həm “sən”i.

Dayanmıram, durmuram
Doğru-düzgün yerimdə.
Mən gah xoşbəxt yerində,
Mən gah üzgün yerində…

Axı, “sən”ə nə verim,
Sevinc verim, ya kədər?!
Neyləyim ki tikanlıdır
Gətirdiyim çiçəklər?!

Gülümsədin, dağıldı
İçimdəki buludlar…
“Sən”cə, “siz”cə, dünənki
Yağışlar unudular?!

Nə qış keçir bu təhər,
Nə də gəlir yaz, ömrüm.
“Siz”dən “sən”ə keçincə
Yarıladıq biz ömrü.

***

Ölənlə ölünmür, qalan yaşayır,
Yaşa, gözüm nuru, nə qədər varsan.
Gec deyil ki.., həyat indi başlayır,
Sən məni hamıdan tez unudarsan.

Unut, unutsunlar bizi, sevgidir,
Unut, xatirəsi, izi sevgidir…
Unut, unudulmaq özü sevgidir,
Sən məni hamıdan tez unudarsan.

Bu sözü nə vaxtsa demişdim sənə,
Getmək – hər dəfədə dönüşdü sənə…
Mən məni götürüb dəyişdim sənə,
Sən məni hamıdan tez unudarsan.

İndi yox dünyada məndən iz, lisan,
Mən yoxam, o gündən sən sən olmusan.
Mənə ağlayan da tək sən olmusan,
Sən məni hamıdan tez unudarsan.

Ağlayıb-ağlayıb gözün quruyar,
Yuyular kədərin, üzün quruyar.
Qoru unudanı, özün qoru, yar,
Sən məni hamıdan tez unudarsan.

Həyat çox sınayır unudanları,
Bir gedib bir geri qayıdanları…
Sən məni gec sevdin.., unut bunları,
Sən məni hamıdan tez unudarsan.