.....

.....

Taleyin sərhəddi olurmu? – Fərqanə Səfərli

Taleyin sərhəddi olurmu? – Fərqanə Səfərli

TALEYİN  SƏRHƏDDİ  OLURMU ?

Özümüzü dərk edəndən dünyanı anlamağa, başa düşməyə çalışırıq. Yaxud da dünyada özümüzü dərk etmək, kim olduğumuzu anlamaq, kimliyimizin, mövqeyimizin bu dünyada hansı yerdə durduğunu bilməyə, öz yerimizin təxmini də olsa düsturunu hesablamağa səy göstəririk. Çox fikirləşirik, amma bir az səthi düşünmürük ki, dünya bizim başımızda deyil, ayağımızın altında fırlanır. Ayağımızın altında olan bu torpaq, daş, su, ağac hissələri  bizi yaşatmağa xidmət edir. Bunlar bir vasitə olaraq, İlahi qüvvənin insanı onun özünün qoyduğu vaxta qədər  çatdırmasına ən gözəl işarələrdir. Bəlkə bunların qurtardığı yerdə bitir taleyimiz, ya da hər birimizin tamamlanmış vaxtına kimi o bizə dözür? Bir az dözməmiş kimi göründükdə isə adına “Taleyim bura qədərmiş”_ deyirik. Taleyin limitini dünyanın orbitinə bağlaya bilsək ilin 365 günü yarı gecə, yarı gündüz yaşayacaq o da. Bu da bizə gülməli gələcək, ya da ağlamalı… Birimizin ümidini oğurlayacaq, birimizin yerini, birimizə ağac kimi qol-budaq verib sonra payızını gətirəcək, ya da ki, bir çənbərə salıb elə hey fırlanmağa məcbur edəcək. Heç bir fərqi yoxdur, nəticə eynidir. Doğumdan ölümə qədərki bir  “Fasiləni ” yaşayırıq. Bu zaman fasiləsinin hansl rəngdə olması, “Tarixi-Nadir”lərlə başımızı qatmağımızın fərqi yoxdur. Bu variantda nəticə səbəbdən doğmur, çünki o belə də olmalıdır. Çünki hər kəs ona verilən dərsini oxuyur. Dərsimizi necə oxuyur, necə hazırlaşırıq….? Bəlkə də bunlar həqiqi taleyin sərhəddini müəyyən edəcəklər. Birmənalı götürdükdə Xoşbəxtlik həyatımızda kiçik doza kimi hərdənbir insana şəfa verərək ölənədək qoruyur onu. Biz həmişə onun ardınca qaçırıq, Bədbəxtliksə özü gəlib bizi tapır. Deməli tale anamızın iki övladı varmış, övlada isə fərq qoymazlar. O, bizi biz etmək üçün hər ikisini sevəcək, qoruyacaq. Sadəcə bizim özümüzə qalır ki, nəyi necə görəcək, hansı formada görəcəyik…