Şəkillərim
Düzdüm şəkilləri masanın üstə,
Baxdım şəkillərə, baxdım birbəbir.
Şəkillər ömrümdən keçən günləri,
Rəngli çalarlarla mənə göstərir.
Fəsillər əks olur şəkillərimdə,
Hər şəkil bir yazmış, bir qışmış demək.
Bir vaxtlar ömrümə sığa bilməyən
Zaman şəkillərə sığışmış, demək.
Hər biri xatirə…Gözüm önündən
Keçir bircə-bircə gözlərim dolur.
Niyə də dolmasın?
Dünən gördüyüm
Bu gün mənim üçün görünməz olur.
Niyə də dolmasın?
Dünən yanımda
Dayanan insanlar bu gün yoxdursa.
Niyə də dolmasın?
Yaş ilə yaşın,
Dünənlə bu günün fərqi çoxdursa.
Hər şəkil ömrümün bir mərhələsi,
Keçir ömür yolum şəkillərimdən.
Baxdıqca hər şəklə geridə qalan,
Yaşanmış ömrümə qayıdıram mən.
Ax, uşaqlıq şəklim.. Döndüm bir anda,
Həmin dəcəlliyim, şıltaqlığıma.
Ağlıma gəlməzdi bir vaxt gələcək
Şəkildən baxacam uşaqlığıma.
Bu ki məktəb vaxtı, əvəzedilməz,
O günlər, görəsən, nə tez dəyişdi?
Sinif yoldaşlarım, müəllimlərim,
Hamısı birbəbir yadıma düşdü.
Bu filan şəkildir, bu filan yerdir,
Təzə yaşanılıb bunlar elə bil.
Nələri geridə buraxdığımı,
Mənə asta-asta göstərir şəkil.
Zamanın hökmüdür-dəyişər günlər,
Zamanın hökmünə hər kəs baş əyir.
Bir zaman ömürdə yaşanan anlar,
Bir şəkil diliylə “əlvida” deyir.
Ömrünün cızdığın cizgilərindən,
Danışar şəkillər, dinər şəkillər.
Vaxt keçər, gün gələr, hansısa zaman
Şirin xatirəyə dönər şəkillər.
Bağışla
Bir gün xəyalların dərinliyində
Batsam, bağışla.
Bütün həyatını ümidsizliyə
Atsam, bağışla.
İndidən deyirəm, demədi demə,
Sonradan, əzizim, küsmə, incimə.
Mənli günlərini mənsizliyimə
Satsam, bağışla.
Günlər aram-aram keçər ilindən,
Üzülmə, ləçək də qopur gülündən.
“Əlvida” -deməyə bir gün əlindən
Tutsam, bağışla.
Yəqin, düşünəcən, sevməyin budur?
Bu necə fikirdir, necə duyğudur?
Eh, ölüm var, ölüm,
Şirin yuxudur.
Yatsam, bağışla.
Könlüm
Fələyin köksümə vurduqlarından,
Bir gündə min dəfə yarılan könlüm.
Yenə də sən mənə dönük çıxmadın,
Yenidən köksümə sarılan könlüm.
Saf oldun, hər kəsə inandın belə,
Həm alışdın belə, həm yandın belə.
De, sən nədən həssas yarandın belə,
Adicə bir sözdən qırılan könlüm?
Nə olar dayanma gəl pərişantək,
Sən ki çırpınardın dəli tufantək,
İndi inləyirsən qəmli kamantək,
Nisgilli kök üstə qurulan könlum.
Dünənim qəm oldu, bu günüm kədər,
Sabah yaxşı olar, ya bundan betər.
Dincəlmək istərəm, yoruldum…Yetər!
Sən də dincəl biraz, yorulan könlüm.
Ağlama, gözüm, ağlama.
Bu nə yaşdır axır belə?
Ağlama, gözüm, ağlama.
Dönməsin göz yaşın selə,
Ağlama, gözüm, ağlama.
Özüldən, kökdən yanırsan,
Çəkdiyin yükdən yanırsan,
Bilirəm içdən yanırsan,
Ağlama, gözüm, ağlama.
Ağladıqca gözlər şişir,
Göz yaşın ovcuna düşür,
Ağlamaqla nə dəyişir?
Ağlama, gözüm, ağlama.
Bu oddursa, közü yoxdur,
Yuxudursa, yozu yoxdur,
Yazılana pozu yoxdur,
Ağlama, gözüm, ağlama.
Gələn gələr, gedən gedər,
Dünyadan qəflətən gedər,
Heç bilməzsən nədən gedər,
Ağlama, gözüm, ağlama.
Göz yaşların süzüldükcə,
Yanağına düzüldükcə,
Üzüldüm sən üzüldükcə,
Ağlama, gözüm, ağlama.
Haqq libası geyməz dünya,
Mərd olanı öyməz dünya,
Göz yaşına dəyməz dünya,
Ağlama, gözüm, ağlama.
Qaçış
Biz bəzən qaçırıq öz-özümüzdən,
Sürətə baxmırıq, yola baxmırıq.
Elə qaçırıq ki, yolumuz üstə,
Sanki arxamızdan iz buraxmırıq.
Bu günü yaşayıb sabaha baxıb,
Görmürük dünəndə nə qaldığını.
Yaman unuduruq bu günkü günün,
Dünənin üstündə ucaldığını.
Babamız kahada yuva qurmuşdu,
Biz isə fəzada yuva yaratdıq.
Kahada yetişən düşüncələrdən,
Fəzalar kəşf edən idraka çatdıq.
Qaçdı öz-özündən insan övladı,
Atdı keçmişini, tamam unutdu.
Dünəndə özündən alçaq olanı,
Bu günü özündən yüksəkdə tutdu.
Gələcək yaratdı öz əlləriylə,
İmkanlar gözünə sonsuz göründü.
İnsanın zəkası, insanın ağlı,
İnsanı məhv edən qüvvəyə döndü.
Özü öz bəxtini yazmaq istədi,
Bilmədi bir zaman qələmi sına.
Allahın əliylə yaranan insan,
Düşərmiş Allahlıq iddiasına.
Amma düşünməyir qoca dünyanın,
Əzəldən kökündə bir qanunu var:
“Bir vaxt ağlasığmaz olan yüksəklik,
Bir gün də uçulub tamam məhv olar”
Bu qaçış, bu sürət, bu cür estafet,
Dünyanı içindən dağıdacaqdır.
Hansı ki nöqtədən qaçış başladı,
Yenə o nöqtəyə qayıdacaqdır.