.....

.....

İcazənizlə – Adilə Nəzərin şeirləri

İcazənizlə – Adilə Nəzərin şeirləri

İCAZƏNİZLƏ

İxtiyar olsaydı tale yazmağa
Bir qələm çalardım icazənizlə.
Təkcə şairliyim qalsın deyərdim,
Söz sözə calardım icazənizlə.

Gün, gecə bilməzdim, yaşıl bağların
Yolunu yorardım buz bulaqların,
Mərmər qayaların, zirvə dağların
Seyrinə dalardım icazənizlə.

Deyərdim əlini ver, yolu keçək,
Təkcə yuxulardı dünyada gerçək.
Qurumasın deyə bir gül, bir çiçək,
Ağlayıb sulardım icazənizlə.

Baxmazdım kim kimi niyə daşladı,
Xeyir də var, şər də – başqa-başqadı.
Sevərək yaşayıb ölmək başqadı,
Eşqə qul olardım icazənizlə.

Qoy hamı dilinə salam gətirsin,
Rəbbim dərdi-səri sona yetirsin.
Kim nə istəyirsə alıb götürsün,
Mən könül alardım icazənizlə.

KÜLƏK

Gətirdin Günəşi günləri bizə,
Vidalaşdıq axır bu qışla, külək.
Bütün dərd-qəmimiz yuyuldu-getdi
Günlərdir kəsməyən yağışla, külək.

İndi ruhumuz da çiçək ətirli,
Bəndimiz, misramız ətir sətirli,
Yaranır bir anda süsən xətirli –
Məhəbbət bir isti baxışla, külək.

Hərdənbir əs yenə, yenə də gurla,
Gələn hər günümü özün uğurla,
Tələs, yanağımdan öpüş oğurla,
Apar sevdiyimə bağışla, külək.

GƏLİB-GETSİN

Ona de, yaz gəlib, güllənib çöllər,
Yarını yadına sal, gəlib-getsin.
Hər yerdə bülbüllər gül seyrindədir,
Başına at ipək şal, gəlib-getsin.

Yaman gec açılır gecəmin danı,
Haqq deyən qulunun qul haqqı hanı?
Dön bir bax könlümə, sevəni tanı,
Sovuşsun başımdan qal, gəlib-getsin.

Mənəm bu sevdanın altıaylığı,
Saxlaya bilmirəm həsrət yaylığın,
Vallah, belə getməz, gəl, ortalığı,
Boyaya bilərəm al, gəlib-getsin.

Əgər kəsibdisə tam əlaqəni,
Salıbsa özgə bir qəlbə məskəni,
Qapısı ağzına dəfn edin məni,
Yar salsın üstümdən yol, gəlib-getsin.

YENƏ DARIXIRAM, AXŞAMÜSTÜDÜR

Bayırda hava xoş, evim sərindir,
Həmişə üşüdüb məni bu həyat.
Oduna yanmışam daima yaşın,
Rahatlıq tapmıram bax bircə saat.

Hara baxıramsa bitmir qayğılar,
Tək baş etmək olmur demək həyatla.
Canımda dinmədən dinən ağrılar,
Çırpınıb dururlar elə inadla.

Sən də dolanırsan vüsal peşində,
Başında məhəbbət, dilində söhbət.
Qəbul etmirsən ki, yüz il vüsaldan
Bircə gün dadlıdır ayrılıq, həsrət.

Mən həsrət qadını, tənhalıq gülü,
Belə yazılıbdır mənim də yazım.
Ovuda bilirəm özüm-özümü,
Əzəldən tək olsam heç ağlamazdım.

Nəyə gərək axı kimisə sevmək,
Tanrı sevgili tək mənə bəs edir.
Sənə bir sirr açım, sevməyi keçək,
Eşq əzabın incə düşüncəsidir.

Bayırda hava xoş, evimsə sərin,
Əllərim buz kəsir, qəlbim istidir.
Yenə də qarışıb bu gün hisslərim,
Yenə darıxıram, axşamüstüdür.


Gecə yatıb səhər dursan,
Şükr edərsən ki, son deyil.
Deyərsən, varam, yaşayım,
Görərsən ki, asan deyil.

Adam var, istər qış olsun,
Düz yolun da yoxuş olsun,
İstəməz günün xoş olsun,
Anla ki, hamı sən deyil.

Bilirsənmi… dostu ələ,
“Dostu” verər, gülə-gülə.
Qəbul eylə, ay Adilə,
Hər adam da insan deyil.