ÇOBANYASTIĞIM
Sən olan hər çəməndə açılar gözəlliklər,
Çoxlarının dilində həzin nəğmə olarsan.
“Sevir, sevmir” söyləyib ləçəyini “biçərlər,”
Barmaqlar arasından torpağa qarışarsan.
Mən də səni sevərəm, zərif ləçəklim mənim,
Çəkərəm nəfəsimə çöl ətirli qoxunu.
Sarı yanağı üstə uğur böcəklim mənim,
Danışaram yamyaşıl çəmənlərə yuxunu.
Eh… ey narin çiçəyim, ruhumla toxunduğum,
Küskün arzularım var, gerçəyini unudan.
Bəlkə bir gün bitəcək bu xəyal qırıqlığım,
Təki mesaj gəlməsin hələ ömrün sonundan…
Bilmirəm, ovuc-ovuc necə alım əlimə,
Bitirməz səni hələ bu kədər bataqlığım.
Gözləsən, bəlkə yuxum çin çıxar ağ günümə,
Yenə pöhrələrsən, yenə, çobanyastığım…
12.03.2023
“SƏNİ AXTARIRAM”
(tele-tamasa)
Söhbət nədən gedir? “Havada bulud,”
Ardını deməyim, dilim tutular…
Göy də əsrarəngiz, yer də bilirsən,
Hər yerdə görünən “sənim payı” var…
Sən məni anlayan dərin bir dünya,
Sən mənə yaraşan adım kimisən.
Sən gözümdə nursan, üzümdə həya,
Məbəddə sönməyən odum kimisən…
Elə zalımdır ki, dilsiz fotolar,
Gecə gün yerinə göz qamaşdırır.
Susub, kövrəlirəm… Elə ağrı var,
canımda titrəyən ruh dolaşdırır.
Əlim yalın qalsa, həyat nə etsin,
Yenə qibləsinə dönük deyillər.
Bir az zaman keçsin, bu ələm bitsin,
Demərəm…
Qoy, sənlə açsın səhər…
Yadıma da düşdü, indi sən deyən:
“Yaşlaşan adamdı sənsiz hər günüm”- Bu gün də qocalır, ömrü qısalır,
Saatlar yubanmır, sən tələs, ömrüm…
PORTRET YALANLAR
Bilməzsən, harayadək yır-yığış eyləyəsən,
Dünyanı itirərsən öz içinin köçündə.
Qərib qalmış ruhunu hara sürgün edəsən,
Həyatına yazılmış bir pay ömrün içində…
Min ələmlə vurnuxan xəyallar xumar olmaz,
Özünün gücü yetməz ÖZÜN ağırlığına.
Acı badələri də ürək içməyə qıymaz,
Yaşamayan, sürünən həyatın sağlığına…
Bu qədər söz ömründən kəsib atarsanmı, can?
Deyilmisən, ən şirin nemət ruha pay kimi?
Dünya da yerə möhtac insan ağırlığından,
Səslənəndə öz səsin yetər sənə hay kimi.
Nə zamansa torpağa qarışacaq zərrəyəm,
Mən bir kaman dilində sızlayan sarı siməm.
Mən əslində bilirəm, mən əslində heç kiməm,
Bir yaranış övladı, kainata təsliməm…
YOL DÜŞÜNCƏLƏRİ
Hər şey yerini tutub, dövran dönməz sənə də,
Heç nə düzəlməyəcək, deyib könlün qırmayım.
Nə bilirsən, bilinməz düzələcək bəlkə də,
ümid verib, xoş gələn gün önündə durmayım.
Sən gördüyüntək deyil, ey çəhrayı baxışlım,
Bu cahan göy qurşağı, rəngi tutar səmanı.
Şair də yaxşı deyib, yaxşı deyib biləsən,
Görəsən ki, “yağış yuyub, gün qurudub cahanı…”
Bəlkə kövrəlməsəydin, bu qədər dolmasaydın,
Yanmasaydın bəlkə də bir məzlumun halına.
Ovcuna dolu-dolu yağıb ağlamasaydın,
Toxunmazdım könlündə səntək nur daşıyana.
Yenə istə, dəyişər, aləm dönər büsbütün,
Yaradanın əlində sən istəyən pay nə ki…
Sonuna da çıxarsan o bekar “bəlkə”lərin,
Qatla barmaqlarını, arzudu da, say, nə ki…
İNTİHAR HƏZZİ
Bir ömür nəfəsimsən havamı aydınladan,
Bir duasan dilimdə kitablara düşməyən.
Dadı olmur şeirin yazılmasa adına,
Söz adlanmır həsrətin alovunda bişməyən.
Azaltmaz heç bir ələm səni sevinc varından,
Allahın qələminin mürəkkəbi tükənməz.
Sevgi ismətdir, ey can, kəm etməz ar-abrından,
Könlümdə yandırdığım eşqin çırağı sönməz.
Dan ulduzuyam indi zülmət bağrını dələn,
Sübhədək arzu dilə, könlüm nubarı gəlsin.
Bir də bəxt ulduzum ol, başıma göydən ələn,
Mələklər ərşdən gələn tale, qədəri görsün…
Qoy yatmış səhərlər də nəfəsinlə ayılsın,
Gözünə kədər əkmə, gec olur sağalması.
Bu dünyanın ən gözəl intiharı sayılsın,
Qollarımın ölüncə boynundan asılması…
Güvənin qədər idi
içimdəki getməzlik,
çölümdəki imtinam.
Niyə ovutmadı bəs
uydurduğun yalanlar,
uydurduğun adamlar…
Bir toxunuş qədərdim,
nəfəsinə uzaqdan.
Heç doğulmayacaqdım
bəlkə bəxt qucağından…
Min ildi yol gəlirdim
bir hissin ayağına.
Sən könlündə çevirdin
yol gedən qonağına.
Sənə necə güvənim,
ey əbədi mehmanım?
Geriyə dönüşüm yox,
bu dünyada olsan da
Tapılmayan dərmanım.
Hesab et ki, birdənəm,
biz də səninlə
“Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik”.