Söz mülkündə nakam qalan
Diləklərin dəmiyəm mən.
Haqq sevdalı ürəklərin
Sızıldayan simiyəm mən.
Qəmkeşəm qəmə qatlaşan,
Fərhadam dağları aşan,
Köç etməyə hazırlaşan
Qərib quşlar kimiyəm mən.
Olmasa da yaşım yetmiş,
Yetmişinə yolum yetmiş.
Hasili talana getmiş
Bir yiyəsız zəmiyəm mən.
Bax ahına, amanına,
Dalğasına, tufanına.
Yanını son limanına
Söykəyəcək gəmiyəm mən.
Dərd qəddini əyənlərin,
Ox bağrına dəyənlərin,
Araz-Araz deyənlərin,
Gözlərinin nəmiyəm mən.
Mən Qayıbam, yaram dərin,
Dərdim qaynar, odum sərin.
Vətən dərdi çəkənlərin
Dağa dönmüş qəmiyəm mən.
Kimi çalır uzaqlarda
Bir gəraylı həzin-həzin.
Körpələnmiş duyğu kimi
Pak, araylı, həzin-həzin.
Bəlkə o xoş xəbər gəlir,
Bəlkə də son əsər gəlir.
Qulaq ver, bir nəfər gəlir
Üz nur, aylı, həzin-həzin.
Bu gün qədir gecəmizdir,
Hər saat, hər an təmizdir.
Gəlin gələn həmin qızdır,
Xan saraylı, həzin-həzin.
Süpür, Qayıb, artıq yolu,
Oyat gəlsin lal bülbülü.
Gəraylının hər bir gülü
Haqq-haraylı, həzin-həzin.
Ali Rəştbər-qayıb Cənubi Azərbaycanın Urmiya şəhərindən