.....

.....

Gecikmiş sevgilər susqun olarmış – Bəxtiyar Nəcəfov

Gecikmiş sevgilər susqun olarmış – Bəxtiyar Nəcəfov

Nədəndir?

Səninlə yaşanan ömür bitsə də,
Sənli xatirələr, bitməz, nədəndir?
Həsrətdən gözümün nuru itsə də,
Gözlərin-gözümdən, itməz, nədəndir?

Sənsiz boğur məni aldığım nəfəs,
İnan ki, heç nəyə qalmayıb həvəs,
Əlacsız qalmışam… dünyada bir kəs,
Könlümü təsəlli etməz, nədəndir?

Daha dönüşünə yox bir güman da,
Hicranın qəlbimə vermir aman da.
Səninlə yox olub gedən zaman da,
Sənin yoxluğunda, getməz, nədəndir?

Xoş günlər bir anda yaşandı, bitdi,
Şadlığım, sevincim səninlə getdi…
Bitməyən bu eşqin, bir ömrə yetdi,
Hicranın bir ömrə yetməz, nədəndir?

Analara ithaf

Analar min sevgi, nəvaziş ilə,
Övladın dünyaya gətirir bir gün.
Gün gəlir, övlad da min bir kədərlə,
Ananı dünyadan ötürür bir gün…

Analar tez köçür… düşündüm, niyə?
Çün Allah lütf edir hər gözəlliyə.
Cənnət Analarla nurlansın deyə,
Onu Cənnətinə götürür bir gün.

Analar ruhudur Cənnətə ətir,
Cismidir, dünyanı bir gün tərk edir.
Ardınca həsrətdən sətirbəsətir,
Şeir də ömrünü bitirir bir gün…

Əlvida deyirəm…

Ömrümə gec gəldin, tez də get barı,
Mən ki gənc deyiləm, yaş da ötüşüb.
Sənin taleyinin bahar çağları,
Mənim taleyimin qışına düşüb…

Sevgimin sən adlı həsrəti, ya da,
Sənsizlik adında qisməti varmış.
Gənclik sevgiləri çılğın olsa da,
Gecikmiş sevgilər susqun olarmış.

Bəzən eşq yağsa da qəlbə sel kimi,
Bu seli gözlərdən yağdırmaq olmur.
Kiçik bir ürəyə sığan sevgini,
Böyük bir dünyaya sığdırmaq olmur.

Sənə indən belə xoşbəxt, gur həyat,
Mənəsə qocalıq, tənhalıq baxır.
Boş ver, unut məni, arzu-kama çat.
Nəyinə gərəyəm mən sənin axı?..

Gecikən eşq oldu, tələsən zaman
Unudaq sevgimiz aşıb-daşmamış.
Odur ki, hər şeyə son qoyub bu an,
Əlvida deyirəm, salamlaşmamış…

Vətən

Vətən, sənin məğrur, uca
Bayrağına qurban olum.
Zəngin, şanlı, tarixinin
Qaynağına qurban olum.

İgid olan nər doğular,
Əzəl gündən ər doğular.
Dastan yazan mərd oğullar
Oylağına qurban olum.

Yurd eşqiylə aldım nəfəs.
Torpaqdan pay olmaz əbəs!
Candan əziz, pak, müqəddəs,
Torpağına qurban olum.

Unuda bilmirəm səni.

Baxma incimişəm, səndən uzağam,
Doğmamsan, qəlbimdən silmirəm səni.
Mən elə bilirdim unudacağam,
Çox heyif… unuda bilmirəm səni.

Sənsən ürəyimin qəmi, harayı,
Sənsiz viranədir könül sarayı.
Hər şeyi unutdum səndən savayı,
Çox heyif… unuda bilmirəm səni.

Nə qədər zülmlər etsən də mənə,
Ürəyim səninçün çırpınır yenə…
Bir bilsən, necə də həsrətəm sənə,
Çox heyif… unuda bilmirəm səni.

Uğrunda nələrə mən sinə gərdim
Sevgimi xalıtək yoluna sərdim.
Son dəfə üzünü görsəm, deyərdim:
Çox heyif… unuda bilmirəm səni.