.....

.....

Ağac ana – Xəyalə Sevil (hekayə)

Ağac ana – Xəyalə Sevil (hekayə)

AĞAC ANA

Ayağa durdu. Alma ağacının dibindəki daşın tozunu şalvardan çırpdı. Yenə, köhnə adəti üzrə, ağacı daşlamağa başladı. Bu nə sirrdi onda, bilmədim. Yerə düşən tumturş, göy almaları nə özü yeyir, nə də kimisə yeməyə qoyurdu. Birinci dəfə bu kəndə gələndə məni cəlb edən də elə bu olmuşdu. Üstünün-başının cırığından ağ dərisi görünən Qara adlı bu uşaq ağacın həndəvərindən ayrılmırdı. Əslində Qara uşaq deyilmiş. Kənddə dostlaşdığım bir-iki nəfərdən eşitdim ki, onun iyirmidən çox yaşı var. Ancaq boy-buxunu kimi, ağlı da həmyaşıdlarının yarısında qalmışdı. Hərdən mənə elə gəlirdi ki, onun bir az uzanmış dağınıq, qara saçlarını qırxsalar, bəxti ağaracaq, boy-buxunu uzanacaq, ağlı artacaqdı.
Onunla tanış olmaq istəyirdim. Yaxınlaşıb xoşlamadığım tumturş almalarından istədim. Vermədi. Bilirdim, verməyəcək. Əgər yenə istəsəydim, almaları daş kimi başıma çırpacaqdı və bəlkə də, tüpürəcəkdi. Həmişə onu əsəbiləşdirən balaca uşaqlara belə edirdi. Uşaqlar ondan alma almağın yolunu belə tapmışdılar. Hər gün səhər yuxudan duran kimi bulaqdan su götürmək bəhanəsi ilə Qaragilin həyəti tərəfə gedirdim və hər gün də eyni mənzərə ilə qarşılaşırdım. Qara almaları qucağına yığıb əzizləyir və bir az keçməmiş almaları ağacın başına çırpırdı, tüpürürdü, sonra yenə qucaqlayırdı. Nə edirdisə-etsin, bu ağacı sevməyə bilmirdi. Elə bil bu ağac doğmuşdu Qaranı, ancaq onu dəli doğduğu üçün Qara narazı idi ondan. Nə bilim… bəlkə də, elə həqiqətən, Qaranın anasıydı bu ağac, Qara isə onun insan formasındakı alma balasıydı…
Hər gecə Qaranın yatağı ağacın yaxınlığındakı taxtın üstündə salınırdı. Gecələr Qara yuxulu kirpiklərini qaldırıb gözünü açanda ağac anasını görürdü. Ağac anası isə əsl ana nəvazişi ilə yarpaqlarını aram-aram yellədərək Qaranın yayın istisindən tərləmiş balaca bədənini sərinlədirdi. Qışda isə Qaranı zorla evə aparırlarmış. Gecə hamı yatdıqdan sonra durub ağacın yanına qaçırmış. Ona görə də yazıq ailəsi Qaraya göz-qulaq olmaq üçün yarıyuxulu yatırlarmış.
Günlər keçirdi. Bir aylıq yay istirahətim Qaranın ömründə-günündə gecələyirdi. Şəhərə qayıtmağıma üç-dörd gün qalmışdı, ancaq yenə də Qara mənim ona yaxınlaşmağıma, onunla dost olmağıma icazə verməmişdi. Həmişə ona uzaqdan baxırdım. Şəhərə qayıtmalıydım, ancaq gözlərim gözüm görən uzaqlıqdan ayrıla bilmirdi.
Bir gün səhər yuxudan duranda dedilər ki, Qara bərk soyuqlayıb, yediyini qaytarır. Yayın qızmar vaxtında necə soyuqlamışdı, bilmədim. Nə bilim… bəlkə də, başqa xəstəlik idi. Yazığım gəlirdi Qaraya, ancaq onun üçün heç nə edə bilmirdim.
Tanrıya etdiyim dualarımı Qaranın yanında qoyub şəhərə qayıtdım. Bir-iki gün keçmişdi. Kənddən Qaragilin qonşusu mənə zəng etdi. Qısaca hal-əlvaldan sonra “Qara öldü”dedi.
– Necə yəni? Nə vaxt?
Bu səhər, elə alma ağacının altında.
Bilirsən, nə oldu?! Bütün kənd danışır ee. Qara öləndə ağac bütün yarpaqlarını Qaranın üstünə tökdü, onun cansız bədənini gizlətdi.
Yerimdəcə donub qaldım. İlahi, bu ağac, həqiqətən, Qaranın anasıymış. Qucağında gizlətmişdi Qaranı. Gizlətmişdi ki,tapıb apara bilməsinlər onu yolun o üzündəki məzarlığa…