ADINA DARIXMAQ DEYİRİK
Kimsəsizliyimiz gəmirir içimizi,
Tənhalığın soyuğu aparır istimizi,
Gəlsin biri görsün bizi istəyirik
adına darıxmaq deyirik…
Bir əl yaşlı gözlümüzə toxunsun,
Baxsın, qəlbimiz oxunsun.
Səssizliyimizin səsi duyulsun,
Sevincindən su versin, kədərimiz yuyulsun
Gəlsin o biri bizi duysun.
Biz, o birini gözləyirik
adına darıxmaq deyirik…
BİR GÜNÜN İKİ ÜZÜ
Yenə də axşam olar,
Zülmət boğar işığı.
Səhər yenə yenidən,
Zülmət doğar işığı.
Ya düşmən, ya sevgili
Bir-birindən gizlənən.
Ya küsüşüb ayrılan,
Ya da yolu gözlənən.
Biri nur, biri zülmət,
Bir günün iki üzü.
Ya zülmət qovar onu,
Ya qaçar işıq özü…
Zülmətdə günahımız,
Ruhumuzu qaralar.
Sabah aydınlananda,
Qəlbimizi yaralar…
NƏ?
Gilə – gilə səpələndim.
Bu həsrətin gecəsinə
-gündüzünə.
Yazıq ömrüm heç bilmədi,
Bu həyatın gecəsi nə?!
-gündüzü nə?!
NÖQTƏ ZAMANI
Hər şeyin bir başlanğıcı,
bir də var bitdiyi yer.
Yaxşı, yaman nə varsa
gözündə itdiyi yer.
Arxada acılı, şirinli xatirələr
Qarşıda həsrət və kədər
bitirmək çətin nə qədər…
Uzun bir cümlə kimi
yazdım bütün olanı.
Nə sual yeri var, nə nida
Nöqtə zamanı.
UNUT Kİ UNUDUM MƏN DƏ
Burda saçalarımı yolanda daraq,
Bilirlərəm axtarır onu barmağın.
Burda dəniz gözüm coşub daşanda,
Əksimi dənizdə gəzir qarmağın.
Külək qulağıma pıçıldayanda
Bilirəm adımı anırsan orda.
Çöküb üzərimə qayğılar yenə,
Bilirəm halıma yanırsan orda.
Küçənin tinində duran adamı
Oxşatdım bir köhnə şəkilə yenə.
Bildim vərəqlənir köhnə şəkillər
Axtarır yenisi çəkilə yenə…
Bilirəm unutmaq yaman çətindi,
Bir onu bilmirəm yalvarım necə.
Unut, azad elə unudum mən də
Qayğısız yuxuya gedim bu gecə…