“Bəxtin ögeyiyəm – əlimi tutmur”
Təkcənəm, birdənəm, birim, hardasan?
Bilmirsən, darıxır,
darıxır necə;
darıxır səninçün biri hardasa…
Yaralar incidir, sanki içincə –
göynəyir qəlbimdə yerin, hardasan?
Bəxtin ögeyiyəm – əlimi tutmur,
vüsal çox uzaqdır, dilimə yatmır.
Mən sənə çatmıram, sənə mən çatmır,
yarım qalmışam mən, yarım, hardasan?
Qəlbinin ağrısı nədir, bilmirəm,
Bilirəm:
çətinəm, bir az dərd-sərəm.
Soyutmur ayrılıq, bəlkə öldürə?!
Soyuldum mən səndən, dərim, hardasan?
Saçından ayrılan yol harda bitir?
gəlim, mən qürursuz – hər şeyə xətir.
Sənə inanırdım, inancım itir,
Başına döndüyüm – pirim, hardasan?
Təkcənəm, birdənəm, birim, hardasan?
“Uzaqların şeiri”
Yaxınlığı çoxmu gördün,
uzağımda nə gəzirsən?
adın əzbərdir
dilimdə,
dodağımda,
nə gəzirsən?
Nə gəzirsən yad şəhərdə?
Suyunmu çatmadı sənin,
çörəyinmi yetmədi?
Sevgimmi sənə az gəldi,
ürəyimmi yetmədi?
Nə gəzirsən yad şəhərdə?
Orda havalar zəhərli…
orda altı ay gecədir,
burda altı ay zəhərdi.
Nə gəzirsən yad şəhərdə?
Xırda səsə diksinərdin;
qorxudacaq axı səni,
yad ürəyin tıqqıltısı…
cəhənnəm, göy şaqqıltısı.
Nə gəzirsən?..
Yaxınlığı çoxmu gördün,
uzağımda nə gəzirsən?
adın əzbərdir
dilimdə,
dodağımda,
nə gəzirsən?
“Get, qızım!”
Yol görünür?
-get, qızım.
Çox çək-çevir eləmə.
çiçəklərə heyifdir,
“sevmir-sevir” eləmə.
Yol görünür?
-get, qızım.
Durmağın mənası yox,
bir könlü dəfələrlə
qırmağın mənası yox.
Qürur bir dəfə qırılar,
insan bir dəfə vurular,
yorular ürək, yorular..
Yol görünür?
-get, qızım.
“Göylər arzu bitirmir…”
Uşaq idim –
külək çərpələngimi
əlimdən alıb aparanda.
Və mən o gündən göylərə küsdüm.
Böyüdüm və anladım,
anladım ki, qayıtmır;
uçub gedən çərpələng,
keçib gedən uşaqlıq
və o anki xoşbəxtlik.
Uşaq idim –
Böyümək idi ən böyük arzum,
amma yıxılmağı sevməzdim.
Çünki yıxılanda dizim əzilərdi,
əlim qanayardı,
sonra nənəm məni yıxan daşı tapıb,
tənbehləyərdi, danlayardı…
daş susardı peşmanlığından
“…və hələ nənəsi ölmüyüv onun!”
deyərdi daşa.
Böyüdüm və anladım,
anladım ki, daşlar düşmürmüş başa…
Ağrılar ötüb gedir,
nənə də ölüb gedir,
Üzə qayıtmayan daşlar
qayıdıb olur başdaşı…
daşlar yenə susur.
Və mən o gündən daşlara küsdüm.
Uşaq idim –
əlimin çatmadığı yerə
daş atardım.
Tanrının ətəyini doldurardım,
ürəyimi boşaldardım,
Böyüdüm və anladım,
anladım ki,
göylərin tanrı boyda dərdi var,
başqa bir dərd götürmür,
göylər arzu bitirmir.
Və mən o gündən tanrılara küsdüm.