Fələstinli qız
Xocalıda qar üstə iz salan körpə kimi,
Son dəfə gözlərində yaş, donan körpə kimi,
Atadan və anadan ayrılan,
tənha qalan körpə kimi baxırsan,
kiçik fələstinli qız.
Gözlərində dəhşətli heyrət dolan, o şahid,
Ayaqyalın, ac, susuz heydən qalan, o şahid
Müharibə zülmünə nifrət duyan, o şahid
Qönçə kimi baxırsan ,
kiçik fələstinli qız.
Qəlpələrdən cızılan sağ üzü, sol yanağı
Təcavüz güllələrdən can verən cançanağı
Balaca gəlinciyin ətəyin ləkələyən biləklərindən axan əlləri qan çanağı, qanadları qırılmış
Sərçə kimi baxırsan, kiçik fələstinli qız.
Xocalının gəlməyən yazına bənzəyirsən,
Günahsız anasına qızına bənzəyirsən,
Haqqı danılan acı düzünə bənzəyirsən,
Tarixin ən amansız tarixinə yazılmış
Ləkə kimi baxırsan, kiçik fələstinli qız.
Gələcəyəm, qəm yemə !
Bu körpü arzuları
Yığmışam ürəyimə,
bir gün sənə uzanar.
Gələcəyəm, qəm yemə!
Sərhədlər, məsafələr,
Yol-yol baxan küçələr,
Hamısı sənə gəlir.
Hamısı bir pillədi.
Ən doğmam, atam, anam,
Hamısı “sən”gildədi.
Sən gedəndə bilirdim,
Ayrılıq acı olur.
Bilirdim ki, ən şirin,
gün belə acın olur.
Bilirdim həsrət yükü,
Ən qorxulu nağıldı,
Bitəcək e… bilirəm,
Amma ki, çox ağırdı.
Ağırdı təsəlli də,
Ağırdı hər söz yükü.
Az qala dəli edir
Çiyinlərimi qıran,
Özümdən böyük olan,
Tale yüküm, öz yüküm.
Batmasın ürəyinə
bu sitəmim, incimə!
Məğribdən məşriqədək*
Uzanar arzularım –
gələcəyəm,
qəm yemə!
Gecikmiş məhəbbət
Getdi bir məhəbbət bu qatar ilə,
Ürək də onunla gedərmi, görən?
Qoşulub relslərin takkıltısına
Çırpına-çırpına bitərmi, görən?
Səpildi vağzala xatirələri,
İlk baxış, ilk görüş, ilk təbəssümü.
Film kimi keçdi ötən günləri
Könlündən qopardı bir sarı simi.
Sızladı ürəyi, gözləri doldu,
Qatarın ardınca qaldı gözləri.
Getdi, uzaqlaşdı bir kölgə oldu,
İndi qoşa dəmir yoldu gözləri.
Çəkildi toz-duman , kəsildi səsi,
Boynu bükük qalan səadət(y) idi.
Bir bilet bir ömrün sonuncu qəbzi,
Qatara gecikən məhəbbət(y )idi.
Hamı dağılışdı, vağzalsa sükut,
Sanki ürək idi bağrından qopan.
Dağılmış xatirə, sevgisi süqut,
Bir dolu çamadan, bir tənha adam.
Qırılmış taqəti uçuldu, çökdü,
Çökdü ürəyindən dizinə kimi.
İki damla yaşı bağrını sökdü,
Axdı ürəyindən gözünə kimi.
Qəfil bir əl dəydi yorğun çiyninə,
Qəfil səs dolaşdı qulaqlarında.
Qayıtdı yenidən ruhu əyninə,
İnana bilmədi qulaqlarına.
O səs olum səsi, ümid səsiydi,
Qaytardı cisminə, taqəti, tabı.
Gecikmiş bir sevgi nişanəsiydi,
Açıldı bir yeni ümid kitabı.