Biz qoruya bilmirik.
Ölüm kölgə kimi
izimdədi həmişə,
gecələrsə canımda çapır…
Qazilər ölümü azdırıb gəlir,
bəs niyə,
ölüm onları daha tez tapır?
-İçimizdə gizlənən düşmən ruhları
nişan verir ölümə qəhrəman oğulları…
…Biz qoruya bilmirik, Tanrım,
Sən qoruyanları…
Ötümmü göyüzünə?
Eeeh…gözəl çisgin, yenə
ovutmağamı gəldin küsgün ovqatımı?…
Hər damla bir düymədi-
düşdükcə çiçəklənir
və bu, İlahi nəğmə bir az cizgilər qatır
yeknəsək həyatıma…
Əllərimi açmışam-
damlalar öpüşlənir,
İlahi, əlim doldu- atımmı göyüzünə?
Bu da, mənim nəğməmdi-
darıxan bir mələkçün ötümmü göyüzünə?…
Bircə yarpaq şeir.
Yuxum kirpiklərimdən
asıb yenə gecəni,
görmürəm döyən kimdi
günahsız pəncərəni.
Yenə həmən pıçıltı –
sözlər gəzir yuvasın,
yenə gəlib döyürlər
şeirimin pəncərəsin…
Gözəlim söz, de, niyə
dözmədin səhərəcən?
oyatdın…di gəl daha-
bircə yarpaq şeirsən.
Hə, di gəl, de necəsən?
Nə yaxşı ki, gəlmisən.
Axşam axtardım səni-
kim çatdırıb- bilmisən?
-dedilər ki, şeir var-
bu gün sözün günüdü,
mən də düyünə gəldim-
şeir söz düyünüdü…
Kim qucaqlayar məni?
Böyüklük nədi, əziz?-
aşağıda kimsə yox,
yuxarıda bir, Allah!…
Adamlar Özdən baxır…-
biz, dünyaya kimlərdənsə baxırıq,
kimlərsə bizdən baxır.
Adam var, gözdən baxır,
adam var, sözdən baxır,
kimi özündən baxır,
kimi nəfsindən baxır…
Dostlardan baxdım özümə,
özümdən baxdım
dostlara-
Aydınlığa nə çatar-
qurban ollam Salamına, Sözünə…
Yüksəyə qalxmaq ucalıq deyil,
yüksəkliyin varlığıdı.
İşığın da kölgəsi var-
qıymayın sevgilərə ayrılığı.
Hələ, çiçəklərə bax-
ətrini kimsəyə əsirgəməz ki…
Gözəllik gözəl olanın təbiətidi, əziz,
gözəl olmaya bilməz ki,
Tanrı eşqi kimi…
Mənim Çiçək dostlarım,
mənim Böyük dostlarım,
Söz dostlarım,
Öz dostlarım,
Hərəniz bir dağ kimi,
mənsə boynunuza sarılan duman –
sizi qucaqlayıram…
Kim qucaqlayar məni?…
Sənsizlədim.
Sənli günlər bir an idi,
yenə bitdi…sənsizlədim…
Dünyamız çox balacadı unutmağa…
Ovunmağa başqa yerin,
başqa göyün yoxundusa,
ruh məhkumdu arı kimi,
pətəyinə qayıtmağa-
sənli olan söhbətləri, gülüşləri
yada salıb, sənsizliyi ovutmağa…
Ruh məhkumdu hər gün,
hər gün səhər-axşam
təzə-təzə darıxmağa,
hər gün…hər gün sənə yenə
daha artıq yoluxmağa…
Yoluxub sənə, bitirəm-
sənsizləyir hər nəyim var.
Sənsizliyimdən başqa,
sənsiz, mənim nəyim var?…