Urmu gölünün öyküsü
Adıma Urmu derlər
Suyum göyə çəkilib…
Göllüyüm qeyb olsa da,
Yenə quru göllərin ən gözəli özüməm.
Türküstan talesizi
Aralın bacısıyam;
O daha tez qurdu –
Məhşərə hazırlaşır
atamqızı elə bil…
Ən uzaq yaddaşımdan süzülüb gələnləri
danışım, qoy qalmasın –
Min illər öncəydi – biz ayrılanda
Aral sağ əlini çəkdi başıma
Başıma gələnə bax –
Min illər sonradı
indi biz ikimiz də quruyuruq,
quruyuruq…
Nə mənim Acıçayım,
nə də bacım Aralın
Ceyhun ilə Seyhunu
su daşımır dağlardan…
Xəzərə də əl çatmır…
Araz boynuburuqdu…
Aralın da mənimtək
gəmiləri pas atır…
Tanrının işinə bax –
Duzlu su çürütməyən gəmilər indi bir-bir
susuzluqdan qəhr olur…
Elə bil dil bilirlər
Elə bil göl bilirlər…
Göl vardımı bizimtək?..
Siz, ey zalim göllərin ən zalim gəmiləri
Sirdaşınız kim olsun?..
Kölgənizə yığışıb
əsnək vurur dəvələr
Balıqlar üzüşərdi böyrünüzdə ilmüdam
Bəlkə mən bilməyirəm
Balıqlar dəvə olub?
Bircə onu bilirəm
dəvələr balıq olmaz…
Qanadsızdı dəvələr
Dəvələr dözümlüdü
Dözəcəklər, dözəcəklər
Bizim
son qətrəmiz də quruyan gün –
baxarsız,
Qanad çıxaracaqdır
Kölgədəki dəvələr
İnanın, düz sözümdü…
Xəzərə əlim çatmır…
Dənizi dinləyirəm
Nə danışır bilmirəm
Mən dağ dili bilirəm
Çöl dilini bilirəm
Çəməndə gül bilirəm
Dəniz dili bilmirəm
Dənizi dinləyirəm
Nə danışır bilmirəm
İnsan bilmədiklərni
Öyrənməyə aşina
Bəlkə ona görə də
Dəniz öyrədənimdir
Dağlarsa dərd ortağım
Dağlardan qopan çaylar
Dinləyib dərdimizi
Sevgimizi dinləyib
Dinləyib yuxumuzu
Nə ki gizlinimiz var
Sulara danışmışıq
Dərdimiz yüngülləşib
Bəs o dərd yüklü çaylar
Haraya gəlib çıxıb?
Bizim bütün çayların
Son ünvanı Xəzərdi
Dədəmiz-babamız da
Hey axın eləyiblər
Dağlardan dənizlərə…
Yoxsa, öz sirlərinin
yoxsa, yuxularının
ardınca at çapıblar?..
Atlarının ayağı
dənizə dəyməyincə
dinməyibdi ulular…
Harda dəniz vardısa
Bir türk at çapıb ora
Bir çay dərd daşıyıbdır
O dənizə əminəm…
Qabarırsa dənizlər
Yuxunu xeyrə yozub
Sakit ləpələyirsə
qaramatı itirir;
Dəniz ana kimidir
Ata Dağlar sussa da
Ana gah layla çalar
Gah əsib-coşub susar…
Dənizi dinləyirəm…
Dinləyib-öyrənirəm…