.....

.....

Susdurun o nəğməni – Yeganənin şeirləri

Susdurun o nəğməni – Yeganənin şeirləri

“HƏSRƏT”

Duyğularımı
darmadağın edir
həsrətin qəlpələri.
Yox, bitməyibmiş, illər sonra
Ürəyimin sahillərini
Döyür xatirə ləpələri.
Düşüncələrim dumanlanır,
Baxışlarıma xiffət çökür.
Qəlbim vurnuxur içərimdə,
İllər tutub ətəyimdən
Görən indi məni hara çəkir?
Eh, o zavallı xatirələr,
Yollarım üstə çözələnir.
Nə çətinmiş həyat deyilən,
Sevinci bitir, dərdi bitmir,
Elə həmişə təzələnir.

“BULUD”

Allah, düş aşağı,
bir az söhbət edək.
Həsrətdən darılıram.
Yerdə
danışmağa adam tapılmır,
Susmaqdan yoruluram.
Gərək
məni bulud yaradaydım,
dönəydim buludun yağışına.
Bulud içinə qapılmır.

“SUSDURUN O NƏĞMƏNİ”

Tərpəndikcə o tellər
Həsrətimə toxunur.
Elə bil kəlmə-kəlmə
İçərimdə oxunur.
Susdurun o nəğməni.

Səslənir həzin-həzin,
Dərdimə köklənirəm.
Çölümdən üzülürəm,
İçimdə təklənirəm.
Susdurun o nəğməni.

Uyuşub ahənginə
Pıçıldayır dodağım.
Necə yatır dilimə,
Göynəyir köhnə dağım.
Susdurun o nəğməni.

Xatirələr yol boyu
Sökülür ilmə-ilmə.
Elə bil çəkib məni
Aparırlar ölümə.
Susdurun o nəğməni.

“Amma Sən”

Məndən olsaydı
ürəyimə daş bağlayardım.
Arxanca baxan gözlərimi
ümidlərimə basdığın
közlə dağlayardım,
xatirələr yolumu kəsdi.
Elə bil ömür də tələsdi
həsrətə sarı –
illəri ötdü bir nəfəsdə…
Məndən olsaydı
elə ürəkdən ağlayardım,
üzümə durdu göz yaşlarım.
Səninlə bitdi baharım,
yerini saçlarımın qarı aldı.
Yolları ayrılanlar da
yaddaşımdan itdi –
uzaqlaşan sönük bir xəyal
və bir vida qaldı hərədən.
Bir də
cavabı
heç bir zaman tapılmayacaq
ən sonuncu sual..!
Amma Sən
Ürəyimdəki ağrılarımda çoxaldın,
Qayğılarımda dərinləşdin.
Səni duyğularımda daşıdım,
Mən öz ömrümü deyil,
Səni yaşadım.