ÖLDÜRÜB ÖZÜNÜ, DİRİ GƏLƏSƏN
Bir qapı dalında ruhun ağlaya,
bir qapı dalında ruh həsrət çəkə…
kiminsə qəlbində ovunmaq üçün
titrəyə içində ah həsrət çəkə…
Sevdiyin qapını döyüb durasan..
ürəyin döyünə, gözlərin gülə…
dəstəyə gözünlə sığal çəkəsən,
yandıra içini yaş gilə-gilə…
Gəldiyin yollara dönüb baxasan…
bəlkə addım səsi arxadan baxır…
açılmır qıfılı bağlı qapının…
göydən səda gəlir, bir adam baxır…
Qarşına çıxmaya səni sevənlər,
acını udaraq geri gələsən…
yolboyu özünə məzar qazasan
öldürüb özünü, diri gələsən..
BURDA YAĞIŞLARIN DADI BAŞQADI
Burda buludlar da qərib görünür,
Burda yağışların dadı başqadı…
Göyün rəngləri də sevir insanı
Sevib-sevilənin adı başqadı…
Bilmədiyim quşlar qərib yuvada
Ötürlər sabahdan axşama kimi…
Nənəmin laylası öpür üzümdən
ən dadlı, ən şirin oxşama kimi…
Burda nə qeybət var , nə də ki dava,
Sakit gülümsəyib keçir adamlar…
İçdiyim min cürə su əvəzinə
Gözlərdən bir huzur içir adamlar…
Burda gecələrin işığı günəş,
Burda gündüzlərin işığı aydır..
Burda sərin keçir havalar elə..
Nə soyuq qışı var, nə də ki yaydır…
Yoxdu insanların yadı, doğması,
Hamı bir-biriylə eyni addadı…
Torpağın üstündən qonaq gələnlər
Eyni mərtəbədə, eyni qatdadı…
Sevdiyim işimlə məşğulam burda,
Dünən nə idimsə, bu gün də oyam…
Rəngli yuxuların içindəyəm mən..
Bir həzin layla de, səsini duyam…
Burda kitablar da vərəqsiz olur,
Mənim cümlələrım qurulmur daha…
Evimin qapısı yox olub gedib,
Qapımın zəngi də vurulmur daha…
Burda buludlar da qərib görünür,
Burda yağışların dadı başqadı…
Göyün rəngləri də sevir insanı,
Sevib-sevilənin adı başqadı…
ELƏ YORULMUŞAM
Elə yorulmuşam, çəkilməziyin
çəkilib içimdə tarım sim kimi.
Hər gün biraz-biraz suyun vermişəm
dərdlərim göyərib, artıb çim kimi…
Elə yorulmuşam, ayaqlarıma
susuz dəyirmanın daşı asılıb…
Gözünü yollardan çəkib ürəyim,
düyünlər vurduğun qaşım asılıb..
Elə yorulmuşam, gülən dodağım
quruyub gün vuran qızılgül kimi…
Günahkar tutmuşam göydə günəşi,
Kərbəla yolunda yanan çöl kimi…
ARZU
Bir gecə bir dəli külək olasan,
Çapıb köhlənini çıxıb gedəsən…
Dan üzü çatasan getdiyin yerə,
Tanrıya min şükür, dua edəsən..
Bağlı qapılara gücün çatmasa,
Pəncərə açasan, evə dolasan…
Görəndə gözündən incilər axa,
Sevdiyin üzlərə durub baxasan…
Yorğun baxışlara tumar çəkəsən,
Külək olduğunu heç kəs bilməyə…
Bağrına basasan darıxdığını,
Sənin göz yaşını heç kəs silməyə…
Bir evdən bir evə rahatca gedib,
Dərdini biləsən sevdiklərinin…
Dərdinə bir həmdəm tapasan bəlkə,
Heç kəs eşitməyə dediklərini…
Acını, ağrını əllərdən alıb,
Aparıb dəryada boğub gələsən…
Bir cənnət gölünün yanından kecib,
Bir ovuc xoşbəxtlik yığıb gələsən…
Sonra…sonra günəş doğa, sabah açıla,
Yer üzü təzədən gələ dünyaya…
Yığasan öz külək qanadlarına,
Əmanət edəsən Yeri Tanrıya….
Qanadı qırılmış sözümün ayaqları altındayam
Nə ölə bilirəm, nə də ki, yaşaya…
Səssiz çığırıqların son qatındayam…
Nə ata bilirəm, nə də ki, daşıya…
Başımın üstündə buludlar uçur…
Bir əlində alqış, bir əlində oxunmamış dua..
Quşlar da özünü sərhəd dirəyinə çırpır:
-Hardadı yuva!?
Ağlımın ucundan bir insan keçir,
Gözləri cənnət işıqlı…
Baxır… baxır…gülümsəyib qaçır içimdən…
Bir qılınc sancılır ürəyimin başına
Namərd barışıqlı…
Gözünü gözümdən qaçırır gözlər…
Tökülən yaşlar unudulur..
Çəkilən ahlar unudulur…
Evsizlərin evinə qədər…
Cırtdaının divinə qədər…
Bir az da yumruqlarım qanamasa…
Qanatmasalar…çırpıb içindən dağıtmasalar…
Şərqdən qərbə, şimaldan cənuba
Ovcuma yığa bilsəm…
Yenidən yumruğumu sıxa bilsəm!!!
Açıla qollarım, sevinə qədər…
Qanadı qırılmış sözümün ayaqları altındayam
Nə ölə bilirəm, nə də yaşaya…
Səssiz çığırıqların son qatındayam…
Nə ata bilirəm, nə də daşıya…
Nəfəsimi dəniz tək
içimə çəkmişəm mən…
dalğaları damarda
qanıma bükmüşəm mən…
qağayılar baş çəkir
duzsuz gülüşlərimə…
balıqlar yer saxlayıb
səssiz yerişlərimə…
qumların arasında
sevənlərin ayağı.
addımımı dəng edib
dilsiz balıqqulağı…
gəmilər də açılıb
bu sabah sonsuzluğa.
addımlar yola çıxıb
su altda sənsizliyə.
Yosunlar yosun kimi
saçlarıma dolaşır…
ölüm necə sərindi,
yanır ruhum, alışır.
XƏBƏRİN VARMI
Uzaq yaxın bir yoldayam
sonumdan xəbərin varmı?
gündə beş vaxt üzüm göyə
yönümdən xəbərin varmı?
Ağır-ağır nəfəs alan,
öz içinə qəfəs olan,
ətrafına heç kəs olan
özümdən xəbərin varmı?
Gündüzləri gecə gedən,
hər addımı heçə gedən,
hara gedən, necə gedən
sozümdən xəbərin varmı?
Üz tutmuşam sağ-soluma,
qılınc vermişəm qoluma,
çıxanda yezid yoluma
suyumdan xəbərin varmı?
Quyulara əsir salan,
yaxınlığı bir sirr olan,
inamında kəsir qalan
huyumdan xəbərin varmı?
“Ol”!- deyəndə olmuşam mən
“Öl!”!- deyəndə ölmüşəm mən,
dünyanı SƏN bilmişəm mən,
deyimdən xəbərin varmı?
Sənsən mənim içimdə, Sən,
Çölüm də sən, içim də sən,
Sən elə Mən biçimdəsən,
Özündən xəbərin varmı?
VAĞZAL
Vağzal ayrılıq dadır,
Yagıs yağır bu axşam.
Bir küpenin küncündə
Yer tapıb oturmuşam.
Relslərin arasından
Balaca pişik keçir.
Mənimsə ürəyimdən
Doğma ev-eşik keçir.
Çətir-çətir adamlar,
Ayrılığı basdırır.
Bir azca aralıda
Kimsəsiz bir kəs durur.
İki əl ara-sıra
Bir-birini bağlayır.
Bir dəstə gül arada
Gülə-gülə ağlayır.
Atasının boynundan
Asılıbdır qızcığaz.
Əlləri sacındadir ,
Gözləri uzaq bir az.
Yağış yağır gözümdən,
Əllərim çətir olur.
Yagır, öpür torpağı
Ən gözəl ətir olur .
Yağış yağır bu axşam,
Qatar gedir durmadan.
Mənsə, vaqon sayıram,
Ayrılığı yığmadan.
Pəncərədən kəpənək
Özün atır içəri.
Yerimdən səksənirəm,
Yağıs yuyur küçəni.
QARABAĞI ÜRƏYİMDƏ GƏTİRMİŞƏM
Zaman çatıb, deyən kimi,
Sərkərdəmin -Qalx!-səsinə
oyanmışam, səs vermişəm.
Yetər artıq, ay qəsbkar,
ay zülmkar, bəs demişəm!
Qaniçənin yaddaşına yazılacaq,
Məzarını qazdıracaq dərs vermişəm.
Xudafərin nəfəsini Xan Arazın küləyində
Gətirmişəm, Vətən sənə!
Nifrətimi top ağzında yağdırmışam yağış kimi,
Sıldırımlar üzərində, meşəlikdə,
cəngəllikdə,
əlbəyaxa döyüşlərdə
susdurmuşam namərdləri bir daş kimi.
Bütün dünya şahid olub,
haqq uğrunda savaş kimin?
Mən haqqımı Allahımla, mələyimlə
Gətirmişəm, Vətən sənə!
Hər addımda bir kəndimi,
Hər nəfəsdə bir daşımı,
bir zirvəmi, bir bəndimi,
Hər atəşdə əl qoyduğum
Quranımı, pir andımı,
Hər ocağa bərəkəti çörəyimdə
gətirmişəm, Vətən sənə!
Otuz ilin ağrısını, acısını,
Həsrətini, sancısını
Qırx dörd gündə bitirmişəm.
Qırx dörd günün hər anında
Gözlərimi, ayağımı,
əllərimi, qollarımı,bədənimi itirmişəm.
Əvəzində…əvəzində
Bütövləşıb böyümüşəm.
Yenilməyən ordu adı, qazi adı,
əbədiyyət yollarını fəth eyləyən şəhid adı,
qalib adı qazanmışam.
Anaların, bacıların üzağlığı
Namusumu, vicdanımı,
Son borcumu qeyrətimdə
gətirmişəm, Vətən sənə!
Bir çiynimdə odlu silah,
bir çiynimdə dost yaralı,
Bir gözümdə düşmən adı,
bir gözümdə vaxt daralır,
Sal daşları əllərimlə didə-didə,
Hər anımda ölüm qoxan o yolları gedə-gedə,
Şəhidimi qucaqlayıb kürəyimdə
gətirmişəm, Vətən sənə!
Düşmənin talan etdiyi
uçuq-sökük divar olub səngərimiz,
yıxıb düşmən xəyalını yerişimiz, ləngərimiz,
içimizdə Vətən eşqi, nə olacaq əngəlimiz?
hər oğulun qisasını
yumruq kimi biləyimdə
gətirmişəm, Vətən sənə!
Məzar-məzar, şəhid-şəhid
Çoxaltmışam, qaytarmışam,
Yağı düşməndən almışam
Mən bu Vətən torpağını.
Iti qovan tək qovmuşam
Doğma yurddan şər, yağını.
Birdəfəlik bu zillətə, xəyanətə
Son qoymuşam.
Kəsmişəm ağ yollarımdan
Onun qara ayağını.
Tarıx deyə yazılacaq bu dastanı
söhbətimdə gətirmişəm, Vətən sənə!
Bayrağımı qaya üstə, dağ başında
Zirvələrdə ucaltmışam,
Azanımın gür səsini məscidlərdə,
türbələrdə ucaltmışam,
Himnimizin hürr səsini fəxarətlə, dəyanətlə,
Qürur dolu avazımla
azad olan ellərimdə ucaltmışam.
Qarabağı vətən boyda ürəyimdə
gətirmişəm, Vətən sənə!
Sən şəhid düşən gün böyüdüm, ata!
Bir az qorxular,
bir az təsəllilər böyütdü məni.
yenidən doğuldum sən ölən gün , Ata!
əvvəl əlim-qolum bağlandı,
dilim-ağzım yox kimi…
tək gözlərim danışdı,
hələ anlamadığım sənsizliyin dualarında,
gözlərimdən axan yaşlarda doğularaq böyüdüm, ata!
çığırdım, bağırdım səsim gəldikcə..
səsim də böyüdü ,Ata!
Ata!- deyıb, tabutunu qucaqlarkən,
Boyun bərabəri məzarında yatarkən,
Elə torpaq boyda böyüdüm!
Acılarım da torpaq boyda,
qisasım da torpaq boyda böyüdü, Ata!.
əlimə verilən bayrağı gözümün üstə qoyub öpəndə,
bayraq ucalıqda üç rəngdə boy atdım.
Ucaldım … sən yaşda olub, qocaldım, Ata!
Sənin yükünü çiynimə götürüb,
Ağır-ağır yaşlandım,
bir anda ata oldum, oğul oldum..
məndən kiçik olanlara ağıl oldum.
Insanı dərd böyüdərmiş,
Dərd ucaldarmış…
Nəfəs kimi ala bilmədiyim yoxluğun
məni sən elədi…
sənin şərəfin, sənin şəhidliyin,
sənin qürurun,sənin sevgi düsturun
səni mən elədi..