.....

.....

Dərsin başlanması – Nuran Ağaşov (hekayə)

Dərsin başlanması – Nuran Ağaşov (hekayə)

“Balaca yazarlar” üçün

Dərsin başlanması

Bu gün sentyabrın 14-dür. Yəni sabahdan yeni dərs ili başlanır. Bir tərəfdən sevirəm ki, əziz müəllimimi, sevimli sinif yoldaşlarımı görəcəyəm, digər tərəfdən kədərlənirəm ki, yenə səhər tezdən oyanmalı olacağam.
Bu fikirlərlə könülsüz-könülsüz çantamı yığmağa başladım. Birdən anama tərəf dönüb dedim:

-Mən prezident olsam, bir gün əvvəl canlı yayım açıb bütün uşaqlardan soruşaram ki, məktəblərin açılmasını istəyirsiniz ya yox? Onlar cavab verəcəklər ki, bəli, cənab prezident, əlbəttə, istəyirik. Mən də deyəcəyəm ki, səmimi olun, uşaqlar, bilirəm ki, heç biriniz məktəbi sevmirsiniz. Çünki özüm də uşaq olanda məktəbə getmək istəmirdim. Məcburiyyət qarşısında qalıb gedirdim. Ona görə də məktəbləri birdəfəlik bağlayıram. Onlar da sevinəcəklər.
Anam dedi:

-Birdən içlərində bir ağıllı, çalışqan uşaq oldu, qayıtdı ki, cənab prezident, bəs məktəb olmasa, biz həyat üçün, yaşamaq üçün, inkişaf üçün vacib olan elmi bilikləri necə əldə edərik? Onda nə deyəcəksən?
Mən tez cavab verdim:

-Onda da deyəcəyəm ki, ay sağ ol, ağıllı balam, mən də bəzi tənbəllərə bunu başa salmağa çalışırdım ki, məktəb vacibdir, oxumaq lazımdır. Yoxsa insan məhv olub gedər. Ona görə də məktəblər açılır. Sabahdan hamı məktəbə!

Nuran Ağaşov