.....

.....

Harri Potter və fəlsəfə daşı – Coan Roulinq (İngilis uşaq ədəbiyyatı)

Harri Potter və fəlsəfə daşı

Ən qaranlıq və qəddar cadugər olan Lord Voldemortun gənc sehrbaz cütlük olan Ceyms və Lili Potterləri öldürür, lakin onların körpə övladları Harrini öldürmək istəyərkən hansısa naməlum gücün təsiri ilə sirli şəkildə yoxa çıxır. Sehrbazlar aləmi Voldemortun məğlub edilməsini bayram edərkən Professor Dambldor, Professor MakQonaqal və nəhəng Haqrid yetim qalmış Harrini maql (sehrbaz olmayan) xalasının – Vernon və Petunya Dursilərin, həmçinin onların həddən artıq qayğı görmüş övladı Dadlinin – yanında qoyur.

On yaşına çatana kimi Harri Durslilərin yanında yaşamağa məcbur olur, Dursliləri isə ona ailə üzvü kimi yox, xidmətçi kimi yanaşır, onu incidir və çoxlu işlədirlər. On yaşının tamamlanmasına az qalmış Harriyə Hoqvartsdan çoxlu məktub gəlməyə başlayır, lakin xalasının əri Vernon Dursli Harrinin məktubları oxumasına imkan vermədən onları məhv edir. Məktubların qarşısını ala bilmədiyini görən Vernon əvvəlcə ailəni bir otelə aparır, lakin məktubların otelə də gəlməyə davam etdiyini gördükdə o, ailəni kiçik bir adaya aparır. On bir yaşının tamam olduğu gecədə həmin adaya enən Haqrid nəhayət ki, Hoqvartsdan gələn məktubu Harriyə çatdırır və Durslilərin on il ərzində ondan gizlətdikləri həqiqəti danışır: Harri sehrbazdır və Hoqvartsa qəbul edilib. Haqrid məktəb üçün lazım olan əşyaların alınması üçün Harrini Londonun altında yerləşən Diaqon küçəsinə aparır və burada Harri ilk dəfə sehrbazlar arasında “sağ qalmış oğlan” kimi məşhur olduğunu görür. Həmçinin bəlli olur ki on bir yaşına kimi əziyyət içində yaşayan Harri, valideynlərinin Qrinqots Bankında (sehrbazların bankı) qoyduğu sərvət sayəsində zəngin bir adam imiş. Haqridin müşayəti ilə Harri Hoqvartsda təhsilin birinci ili üçün lazım olan hər şeyi alır.
Sehrli çubuq almaq üçün dükana getdikdə Harri öyrənir ki, sehrbazlar çubuğu yox, çubuq sehrbazları seçir. Harrini seçən çubuq Simurq quşunun lələyindən hazırlanmış olur.[1] Harri öyrənir ki, simurqlar ömrü boyu yalnız bir lələk verir, yalnız lələyindən Harrinin çubuğu hazırlanmış simurq istisna olaraq iki lələk verib, lələklərdən birindən Harrinin çubuğu, digərindən isə Harinin başında cızıq qoymuş Lord Voldemortun çubuğu hazırlanıb. Haqrid ad günü hədiyyəsi olaraq Harriyə şimal bayquşu hədiyyə edir, Harri isə quşun adını Hedviq qoyur. Bir ay sonra Hoqvartsa getmək üçün Harri “Kral Xaçı” dəmiryolu vağzalında Hoqvarts Ekspress qatarını axtarır. Elə burda da Uizli ailəsi ilə tanış olur. Onlar harriyə 9¾ Platformasına çatmaq üçün sehrli divarın arasından keçməyi öyrədirlər.

Qatarda Harri qısa müddətdə Ron Uizli ilə dostlaşır, onlar Qrinqotsu, qarşıdakı təhsil ilini müzakirə edirlər. Yolda onlar Hermiona Qreyncer ilə tanış olurlar. Daha sonra Hermiona onların ən yaxşı dostu olur. Harri bu səfər zamanı özünə düşmən də tapır; qarşıdakı il ərzində Drako Malfoy yoldaşları Vinsent Krabb və Qreqori Qoylla birlikdə Harrini izləyir, ona ziyan vurmağa çalışırlar, çünki qatarda Malfoy Harriyə dostlqu təklif edib, Ronla əlaqəni kəsməyi təklif etsə də Harri bundan imtina edir.
Məktəbin böyük zalında ilk nahardan əvvəl təzə tələbələr Seçici şlyapa tərəfindən fakultələrə bölünürlər. Harrinin seçilməsi zamanı şlyapa Harrini güclü, lakin qara cadugərlərin yetişdiyi Slizerin fakultəsinə göndərmək istəsə də, Harrinin etirazından sonra onu Professor Dambldorun da vaxtilə təhsil aldığı Qriffindor fakultəsinə göndərir. Ron və Hermiona da Qriffindor fakultəsinə göndərilir. Drako isə Slizerin fakultəsinə düşür. Nahar zamanı Harri Professor Sneypin ona baxdığını görür və başında Lord Voldemort tərəfindən qoyulmuş cızıqda ağrı hiss edir.

Professor Sneypin çətin keçən İksir dərsindən sonra Harri və Ron Haqridin (Hoqvartsın açar saxlayanı) Qadağan olunmuş meşə yaxınlığında yerləşən daxmasına gedirlər. Burda onlar öyrənirlər ki, Qrinqotsda oğurluq hadisəsi baş verib və bu hadisə məhz Harrinin Haqridlə birgə bankda olduğu gün olub. Harri xatırlayır ki, Haqrid məhz oğurluq edilməyə cəhd edilmiş nömrədən nəsə götürmüşdü. Və buna görə də oğru heç nə oğurlaya bilməyib.

İlk süpürgədə uçuş dərsində Nevil Lonqbatm nəzarəti itirərək çox yüksəyə qalxır, süpürgə onu uçuraraq məktəbin divarına çırpır, çətinliklə yerə enən Nevil qolunu yaralayır və müəllim onu həkimə aparır. Nevill yıxılarkən cibindən nənəsinin ona göndərdiyi yaddaş dağarcığını yerə salır. Dağarcığı Malfoy tapır və Nevili ələ salmaq üçün dağarcığı hündür bir yerdə gizlətməyə çalışır. Harri süpürgəsini götürərək göyə uçur və dağarcığı əldə edir. Harrinin süpürgədə ilk uçuşunu Qriffindor fakultəsinin dekanı Professor MakQonoqal görür. MakQonoqal onu öz kabinetinə apararaq Qriffindorun Qviddiç klubunun arayıcısı təyin edir.

Gecə Drako ilə sehrbaz duelinə gəldikləri zaman Nevil və Hermionanın müşayət etdiyi Ron və Harri səhvən qadağan olunmuş dəhlizə girirlər və nəhəng üçbaşlı iti görürlər. Onlar qaçırlar, lakin Hermiona bədheybətin quyu üzərində dayandığını görür. Harri düşünür ki, həmin qorxunc heyvan Haqridin Qrinqotsdan götürdüyü əşyanı qoruyur.
Ronun Hermionanın çox danışması və çox bilməsini tənqid etməsindən sonra Hermiona inciyir və qızların tualetinə gedərək ağlamağa başlayır. Hellouen bayramı zamanı Professor Kuirinus Kuirel zala daxil olaraq qəsrin zirzəmisinə trollun girdiyini xəbər verir və huşunu itirir. Dambldor qrup rəhbərlərinə uşaqları yataqxanaya aparmağı tapşırır, bu arada Harri və Ron heç nədən xəbəri olmayan Hermionanı xəbərdar etmək üçün qızların tualetinə gedirlər. Troll zirzəmidən çıxaraq məktəbin içində gəzməyə başlayır və qızların tualetinə gedir. O, əlindəki sopa ilə bir neçə dəfə Hermionaya zərbə endirməyə çalışsa da, Hermiona gizlənir, Harri və Rona trollun fikrini yayındırmağa çalışırlar. Harri trollun belinə atılaraq sehrli çubuğunu onun burnuna soxur, Ron isə tilsimlə sopanı trollun əlindən alaraq onun başına zərbə endirir. Müəllimlər tualetə gəldikdə artıq troll huşsuz halda yerdə uzanmış olur. Hermiona günahı öz boynuna götürərək Harri və Ronu müdafiə edir. Bundan sonra uşaqların üçü də möhkəm dost olurlar.

Müəllimlərin tualetə gəlməsi zamanı Harri Professor Sneypin ayağının yaralandığını görür.İlk Qviddiç yarışı zamanı Harrinin süpürgəsi özünü qəribə apararaq onu yıxmağa çalışır, Hermiona Professor Sneypin Harriyə baxaraq tilsim oxuduğunu görür. O, gizlincə tilsim edərək Sneypin mantiyasını yandırır, keçərkən isə Kvirelin ayağını tapdalayır. Süpürgəsi üzərində nəzarəti bərpa edən Harri Qızıl Snitçi tutur və Qriffindor qalib gəlir. Haqrid Sneypin Harriyə ziyan vura biləcəyinə inanmır, akin üç başlı itin (Tüklü adlı) Dambldor və Nikolas Flamel adlı bir sehrbazın sirrini qoruduğunu ağzından qaçırır.
Milad tətili zamanı Harri və Uizlilər Hoqvartsda qalsalar da, Hermiona evə gedir. Harrinin aldığı bayram hədiyyələrindən biri naməlum adam tərəfindən göndərilmiş Görünməzlik Mantiyası olur, Haqrid isə ona fleyta hədiyyə edir. Harri mantiyanı məktəb kitabxanasının qadağan olunmuş hissəsinə girmək üşün istifadə edir ki, orada Nikolas Flamel haqqında məlumat tapsın. Kitabxanadan qayıdarkən o, səhv otağa girir və burada İstək Güzgüsünü tapır ki, güzgü də ona valideynlərini göstərir. Harri güzgüdən asılı vəziyyətə düşür, hər gecə yataqxanadan qaçaraq valideynlərini görmək üçün güzgünün yanına gəlir. Növbəti dəfə güzgünün yanına gələn Harri burada Dambldorla qarşılaşır və o, Harriyə güzgünün aldadıcı olduğunu və insana həqiqəti deyil, yalnız görmək istədiyini göstərdiyini deyir.

Miladda Hermionanın Harriyə hədiyyə etdiyi qurbağa şokoladlarından çıxan kartın sonuncusunun içində üzərində Professor Dambldorun təsviri olan kart çıxır. Uşaqlar Nikolas Flamelin əlkimyaçı olduğunu və Dambldorun dostu olduğunu öyrənirlər. Hermiona qısa müddətdə öyrənir ki, Flamel 665 yaşlı əlkimyaçıdır və onun məşhur olmasının səbəbi odur ki, tarixdə məlum olan yeganə Fəlsəfə daşını yaratmağa məhz o müvəffəq olub. Bir neçə gün sonra Harri Sneyp və Kvirel arasında fəlsəfə daşı haqqında danışığın şahidi olur. Harri belə qərara gəlir ki, Sneyp Fəlsəfə daşını oğurlamaq istəyir və daşı qorumaq üçün müəllimlərin birgə yaratdığı tilsimin sirrini açması üçün Kvireli təhdid edir.
Üç dost öyrənirlər ki, sehrbazlıq qanunlarına zidd olaraq Haqrid körpə əjdaha bəsləyir və onlar Haqridi gecəyarısı əjdahanı Rumınyaya göndərməyə razı salırlar. Bunu öyrənən Drako hər şeyi MakQonoqala danışır. Əjdaha təhlükəsiz şəkildə göndərildikdən sonra uşaqlara da cəza verilir. Harri, Hermiona, Drako və Nevil gecə vaxtı Haqridlə birlikdə Qadağan olunmuş meşəyə gedərək ağır yaralanmış təkbuynuza kömək etməli idilər. Onlar iki qrupa bölünərək axtarışa başlayırlar. Harri və Drako qaranlıqda kapişonlu mantiya geyinmiş bir nəfərin meşənin ortasında yıxılmış təkbuynuzun qanını içdiyini görür. Uşaqlar həmin mantiyalının diqqətini cəlb edirlər, lakin Drako qaça bilir, həmin naməlum şəxs Harrinin üstünə hücum etsə də, qəfil peyda olan Frenzi adlı kentavr onu xilas edir. Kentavr gecə vaxtı meşədə gəzməyin onun üçün çox təhlükəli olduğunu bildirir. O, qeyd edir ki, təkbuynuzun qanını içmək ölümcül vəziyyətdə olan istənilən insanın həyatını xilas edir, lakin qan onun dodağına dəydiyi andan həmin adamın həyatı lənətlənir. Çünki. Təkbuynuz kimi gözəl, günahsız və müdafiəsiz bir varlığı öldürmək böyük cinayətdir.

Bir neçə həftə sonra Harri öyrənir ki, Haqrid əjdaha yumurtasını naməlum bir nəfərdən almış və həmin şəxs Haqriddən Tüklü haqqında soruşarkən Haqrid ona üçbaşlı itin musiqi eşidərkən yuxuya getdiyini danışmışdı. Fəlsəfə daşının təhlükə altında olduğunu öyrənən uşaqlar bu barədə Dambldora məlumat verməyə gedirlər, lakin məlum olur ki, Sehr Nazirliyindən gələn təcili məktubdan sonra Dambldor Londona gedib. Harri düşünür ki, Sneyp süni məktub göndərərək Dambldoru qəsrdən uzaqlaşdırıb və bu gecə Fəlsəfə daşını oğurlamağa çalışacaq. Uşaqlar qərara gəlirlər ki, Dambldorun olmaması şəraitində daşı özləri qorumalıdırlar. Görünməzlik mantiyasının altında gizlənən uşaqlar Tüklünün olduğu otağa gəlirlər, burada Harri Haqridin ona bağışladığı fleytada ifa edərək iti yuxuya verir. Bundan sonra quyuya düşən uşaqlar ağac və şahmat tilsimindən keçirlər.
Bundan sonra içəri keçən uşaqlar uçan açarların içindən qapının açarını tapırlar və Harri sonuncu otağa keçir, Hermionaya isə yaralı Ronu xilas etmək və Dambldora bayquşla məktub göndərərək baş verənləri çatdırılmaq tapşırılır.

İçəri girərkən Harri Kvirelin otaqda olduğunu görür, professor isə trollu qəsrə buraxmasını və birinci Qviddiç yarışması zamanı Harrini öldürməyə çalışmasını etiraf edir. Bütün bu müddət ərzində Sneyp Harrini qorumağa çalışır. Lord Voldemorta xidmət edən Kvirrel isə Fəlsəfə daşını oğurlayaraq onu yenidən həyata qaytarmaq istəyir. Lakin, daşı tapmaq mümkün olmur. Çünki otaqdakı yeganə əşya vaxtilə Harrinin ailəsinin gördüyü güzgü idi. Güzgü Kvirrelə daşın yerini göstərmir. Voldemortun göstərişi ilə Kvirrel Harrini güzgü qabağına gəlməyə məcbur edir. Güzgü Harriyə daşı tapmasını göstərir. Kvirrel nə gördüyünü soruşduqda isə Harri onu aldadır. Bu zaman Voldemort onun yalan danışdığını anlayaraq Kvirrelə onunla danışmağa imkan verməyi əmr edir. Kvirrel həmişə başında gəzdirdiyi çalmanı açır və başının arxasında daha bir üz olduğu ortaya çıxır. Voldemort/Kvirrel Harridən daşı almağa cəhd edir, lakin Harriyə toxunarkən yanıb kül olmağa başlayır.

Son anda özünü çatdıran Dambldor Harrini xilas edir. Üç gün sonra məktəbin xəstəxanasında özünə gələn Harri Dambldorun gülümsəyən baxışlarının təsiri ilə sakitləşir. Dambldor anasının sevgisinin buraxdığı təsir nəticəsində Harriyə toxunan şər qüvvənin yandığını bildirir. Həmçinin Görünməzlik mantiyasının vaxtilə Harrinin atasına məxsus olmasını və Dambldor tərəfindən göndərilməsini danışır. Harri Fəlsəfə daşının taleyini soruşduqda Dambldor daşın artıq məhv edildiyini bildirir.

Dərs ilinin bitməsi münasibətilə təşkil olunmuş ziyafətdə Qriffindorun məktəb kubokunu qazanması elan edilir. Yay tətilində Harri Durslilərin yanına gedir. Durslilər isə ona əvvəlki kimi münasibət göstərməyə çəkinirlər. Harri məktəbdə baş verənlərin heç birini Durslilərə danışmır.