.....

.....

Nə xoşbəxt imişəm bir zaman Allah – Əli Kərim (şeirlər)

Nə xoşbəxt imişəm bir zaman Allah – Əli Kərim (şeirlər)

Nə xoşbəxt imişəm bir zaman Allah

Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm,
nə xoşbəxt,
xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən.
Niyə yazmamışam o zaman, Allah,
Əlimə qələm də gəlməyir indi.
De, niyə aradan küləklər əsir?
Aramız, de, niyə belə sərindir?
İçdiyim o su da səadət imiş,
İşə getməyim də, qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan ayıltmağım da.
Dünya başdan-başa səadət imiş,
Mənsə bu dünyanın qoynundayammış,

Dünya fırlanırmış sevinc gücüylə,
Bəs indi nə olub belə dayanmış?
Göylər səadətin çətiri imiş,
Torpaq da səadət məhvəri imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər,
ruhumun səhəri imiş.
Dilin quruyaydı sənin, ay həsrət,
Sən bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki lal olub heç dinməyəydin.
Dünya başdan-başa səadət imiş,
Görəsən, heç bir də olarmı yenə?
Dünya başdan-başa nə imiş dedin?
Dünya başdan-başa nə imiş, de nə?

METRONUN
YAYLI QAPILARI

Adam var bu qapıları açar,
Bir az
saxlayar, deyər:
“Birdən,
Arxadan gələnə dəyər”.
Bəzən
heç dönüb baxmaz da
Heç özü bilməz də
Kimdir: dostdur,
yoxsa düşmən.
Qapını yavaş-yavaş
buraxar əlindən.
Eləsi də olur ki,
Tələsik özünü içəri soxur,
Elə bil
Heç arxada adam yoxdur.
Kimliyi yazılmayıb ki,
insanların alnına.
Qapılar
Açılır, örtülür,
Gah sürətlə,
gah asta;
Gah bu geniş dünyaya,
gah da yerin altına.

Qayıt

Həsrətin araya atdı, dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi,-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı

Vəsiyyət

Yeri oldu-olmadı
həkim ki
girdi xəstənin qılığına,
Nəsə pıçıldadı
dostlarından
birinin qulağına –
Onda həkim, Salam-əleykim!

Hardan gəldi çıxdı
ölüm – bu qoca kaftar.
Yaman kəmfürsətdir.
Görmür ki
əlimdə nə qədər
işim var?
Heç kim inanmır ki,
Öləcək…
Elə mən də…
Amma ölüm
oğlanlarımın
kədərli təbəssümüylə
gülümsəyəndə,
Onların hələ dünyanı
tamam yığa bilməmiş
gözləriylə baxanda
onlarla bir oyanıb da
bir oynayanda.
Hər işdə onlardan
geri qalmayanda,
Sadiq köpək kimi
girəni,
çıxanı yoxlayıb
qapının yanından
ayrılmayanda
İnandım öləcəyimə…
Demədim heç kimə.
Tabutuma oğlanlarımı
yaxın qoymayın!
Təbəssümlərini qoyarlar ora,
Qoymayın onları
həyətdən bir adam çağıra,
Oyuncaqlarını.
oyunlarını gətirib
qoyarlar tabutuma.
Birdən-birə
qocalarlar.
Mənsə aparıram
sizə lazım olmayan
nəyim var.
Amma qoyub gedirəm
nöqsanlarımı.
Onlar narahat yaşadar
oğlanlarımı.
Tabutuma
Bir az kağız qoyun.
bir dənə də qələm.
Hayıf bu yaşda
heç nə,
heç nə deməmişəm.
Dostlar
bir şeir desinlər,
İşdi
imkan olsa,
bir dənə də mahnı
çaldırsınlar.
Şeirlə mahnının möcüzəsilə
Ayılmağa
çox dəli bir ümidim var.
Ölüm çəkmiş olsa
üzümə
sarı bir kədər
Əvvəlki təbəssümümü
salın yada
düşünüb bir qədər.
Gecələr
yazmaq,
oxumaq eşqi gələndə
Paşanın.
Azərin,
Orxanın.
Asın təbəssümümü
divar lampası kimi
başı üstdən
Üç canımın.
üç
igid oğlanımın
Paşamın,
Azərimin,
Orxanımın.