AYRILIQ
Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq…
Biz ki, bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi gəlbimdə qalan ayrılıq.
Kim qıydı dostların bahar elinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq.
Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!
Gün çıxar, dağların əriyər qarı,
Pozulmaz dostların əhdi, ilqarı,
Keçər ürək dərdi, könül qubarı,
Gəl etmə meydanda cövlan, ayrılıq!
DƏNİZİN SƏSİ GƏLİR
Unutmaq istəyirəm xatirələri,
Dənizin səsi gəlir…
Unutmaq istəyirəm
Qəlbimin sınıq məhəbbətini,
İztirablı bir eşqin hekayətini.
Unutmaq istəyirəm
Acı-şirin xatirələri,
Dənizin səsi gəlir.
Dəniz, sevdalı dəniz,
Əfsanələr kimi şirin, xəyali dəniz,
Sevmişəm dalğalarında,
Günəşində yanmışam.
Qumlu sahillərini
Yalınayaq gəzib dolanmışam.
Məhəbbətim sənə bağlı, dəniz.
Sinəsi sinəm kimi
Hicran dağlı dəniz.
Unutmaq istəyirəm
Sahilində şirin yuxular kii keçən
Həzin axşamları,
Günəşli səhəri,
Unutmaq istəyirəm
Yandırıb-yaxan xatirələri,
Dənizin səsi gəlir…
DAĞLAR
Mən sizi bir daha görə bilməsəm,
Xatirəmi əziz saxlayın, dağlar,
Döşünüzdən lalə dərə bilməsəm,
Siz məni aranda yoxlayın, dağlar…
Uca başınızdan külək göndərin,
Məxmər döşünüzdən çiçək göndərin,
Buluddan bir bəyaz örpək göndərin,
Matəm yaylığını bağlayın, dağlar…
Mən ki, çox sevərdim dağ havasını,
Sevən ürəklərin xoş sevdasını,
Bir qərib gəlinin tutub yasını,
Dost üçün doyunca ağlayın, dağlar.
ALAGÖZLÜM
Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır vaxtsız solur neyləyim?
Nərgizlərin gözü yaşla dolanda
Bənövşələr baxıb qəmgin olanda
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur neyləyim?
Tez gələsən, bəlkə əlac verəsən
Sünbüllərin saçın yığıb hörəsən
Çiçəkləri gəlib özün dərəsən
Yolda qalib baxışları neyləyim?
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır neyləyim?