.....

.....

Tofiq Mahmudun şeirləri

Tofiq Mahmudun şeirləri

HEÇ NƏ ALMA!

Evimizə gəlib qonaq.
Dil-dil ötür bir uşaq:
-Mənə verin nə konfet,
Nə peçenye, nə alma…
Anam möhkəm tapşırıb
Heç kəsdən heç nə alma!
Konfetlə yoxdur aram,
Yoxdur almayla aram.
Versəniz də, bunların
Heç birini almaram.
Ona ya konfet uzat,
Ya da ki alma uzat,
Dili “yox, yox” desə də,
Əllərilə bunları
Götürəcək o saat.

SAMİRİN TOPU

Samir bərk vurdu topu,
Elə bərk vurdu yerə,
Gördü ki, hoppanır top
Özündən də hündürə…
Samir yamanca qorxdu,
Dərhal başını əydi.
Hündürə hoppanan top
Enib başına dəydi.

SÜRÜCÜ YOX, HƏKİMDİR.

Təzə maşınımızı
Atam yox, anam sürür.
Hamı həmişə onu
Maşını sürən görür.
Uşaqlar hərdən mənə
Lağ edirlər, gülürlər.
Çünki onlar anamı
Bir sürücü bilirlər.
Hardan bilsinlər onlar
Anam nəçidir, kimdir?!
Hardan bildinlər, anam
Sürücü yox, həkimdir.