Fəlsəfi Düşüncələr – I HİSSƏ
Sistematik mütəfəkkir olan İbn Sinanın dünyagörüşü haqqında aydın təsəvvür əldə etmək üçün, əvvəlcə, onun elmlərə verdiyi təsnifata nəzər yetirmək lazımdır. Filosofun anlayışında elm dedikdə, şübhəsiz olaraq, ilk növbədə, fəlsəfə nəzərdə tutulur. Fəlsəfənin məqsədi bütün şeylərin həqiqətini insan üçün mümkün dərəcədə dərk etməkdən ibarətdir. Mütəfəkkirə görə, fəlsəfi elmlər iki növə ayrılır: nəzəri və əməli. Belə ki, bəzi şeylər xarici aləmin bir hissəsidir, onlar bizim varlığımızdan müstəqil şəkildə mövcuddur, digərləri
isə bizim iradə və əməllərimizdən asılıdır. Nəzəri fəlsəfənin məqsədi müxtəlif şeylərin varlıqlarını olduğu kimi təsəvvür etmək və onlar haqqında təsdiq edilə bilən bilik əldə etməkdir. Əməli fəlsəfə isə insan əməlinə aid olan şeylər haqqında aydın, etibarlı biliyə yönəlib. Əgər əməli fəlsəfə insanı əməldə və əxlaqda kamilləşdirirsə, nəzəri fəlsəfə onu bilikdə kamilləşdirir. Məntiq isə özünəməxsus bir elmdir. O, elmlərin tərəzisi və düzgün düşüncənin meyarıdır. Məntiq həqiqətə çatmaq üçün vasitə rolunu oynayan elmdir. Elmlərin təsnifatına həsr olunmuş kiçik bir risalədə İbn Sina bu üç təməl elmdən başqa, bir sıra digər elmləri də sadalayır və ümumilikdə bütün elmlərin sayı əlli üçə çatır. Fəri və ya cüzi, yəni xüsusi elmlər əsli
və ya əsas elmlərin qollarıdır və öz başlanğıcını onlardan götürür, məsələn, tibb və ya əlkimya təbiət elminin qollarıdır. Buradan aydın olur ki, bütün elmlər arasında olan əlaqə ardıcıllıq və tabeçilik prinsipi üzərində qurulub. Onlar arasında üstün və aşağı səviyyəli, birinci və ikinci dərəcəli elmlər mövcuddur.
Bu kimi rabitə əslində kainatın və ya vücudun nizamını əks etdirir. Cədvəl 1 bütün əsas elmlərin siyahısını təqdim edir. Göründüyü kimi, nəzəri fəlsəfə – hərəsinin ayrı-ayrı qollara ayrılması ilə birlikdə – üç əsas elmdən ibarətdir: təbiət elmi maddi, daim dəyişən və ya hərəkətdə olan varlıqları tədqiq
edir; riyaziyyat elminin mövzusu mücərrəd kəmiyyətlərlə bağlı olan məfhumlardır; və nəhayət, ilahiyyat elmi ən ümumi və ümdə məfhumlar, varlıq və ya vücud, səmavi əqllər və hər
şeyin başlanğıcı olan Birinci səbəb, yəni Allah haqqındadır. Əməli fəlsəfəyə daxil olan elmlərin məqsədi istər fərdi, istərsə də ictimai səviyyədə yer alan praktiki məsələlərdir. Məntiq elmi isə təfəkkür və fikirlərin düzgün ifadə olunması ilə məşğul olan açar elmdir. Bu bölgünün əsasında vaxtilə “birinci müəllim”in – Aristotelin vermiş olduğu və müasir dövrədək müxtəlif mütəfəkkirlərdə müəyyən dəyişikliklərə məruz qalmaqla öz əhəmiyyətini qorumuş təsnifat durur. İbn Sinadan sonra müsəlman aləmində bu təsnifatı alimlərin əksəriyyəti qəbul etmişdi. Məsələn, Nəsirəddin Tusi “Əxlaqi-Nasiri” əsərində, demək olar, eyni bölgünü verir. Sadalanan bütün elmlər barədə əsərlər yazmış İbn Sina mövcud qeyri-maddi və maddi aləmlər haqqında əhatəli və xırdalığına qədər işlənmiş elmi mənzərə formalaşdırmağa çalışmışdı.
Kainat sistemində mövcud olan hər bir şey, hər bir xırda ünsür, elmlərdə olduğu kimi, bütün digər varlıqlarla bu və ya digər şəkildə əlaqədardır. Bu kontekstdə İbn Sinanın alleqoriyaları holistik yanaşma üzərində qurulduğu üçün həm nəzəri, həm də əməli mahiyyət kəsb edən əsərlərdir. Nəzəri hazırlıq – maddi və qeyri-maddi dünya, hər şeyin İlkin səbəbihaqqında biliklər – verməklə bərabər, bu hekayələrin praktiki baxımdan əsas motivi insanın kamilliyə çatmasıdır, onun yuxarı istiqamətə yönəlib, səmavi və ya ilahi reallığa yaxınlaşmasıdır. Alleqoriyalarda bu proses “səyahət” adlanır və onun bir sıra mərhələləri mövcuddur. Bu “səyahət”i yaxşı anlamaq üçün onun özülünü təşkil edən İbn Sinanın varlıq və kainat
haqqında fikirlərinə ümumi bir nəzər yetirmək labüddür. Həmin nizamın bir növ xəritəsini təqdim olunan ikinci cədvəldəki kimi cızmaq mümkündür.
Mənbə: “Həyy ibn Yəqzan Quş Risaləsi”