Yeniyetmələr və uşaqlarla çalışan psixoloq kimi bəzi mövzular ətrafında söhbət apararaq valideynləri məlumatlandırmağınızı istərdim.
1. Müasir Z və Alfa nəsli ilə valideynlər necə davranmalıdırlar?
– Z və Alfa nəsli bizim indiyə qədər tanıdığımız nəsillərdən daha fərqlidir. Çünki onlar doğuşdan texnologiya ilə təmasdadırlar və hər şeyi bir düyməyə toxunaraq idarə edə biləcəklərini düşünürlər. Bu uşaqlarla ünsiyyət qurarkən azadlıqlarına hörmətlə yanaşaraq, onu məhdudlaşdırmadan qaydalar qoymaq vacibdir. Uşağınız sizdən asılıdır, lakin iyerarxik nizam əvvəlki kimi deyil. Alfa uşaqlar valideyni istiqamətləndirmək istəyirlər və valideyn yalnız uşağa uyğunlaşaraq sağlam ünsiyyət bağı qura bilər. Bu uşaqlar ehtiyaclarını asanlıqla ifadə edə bilirlər. Onlar problemlərə bizim edə bilməyəcəyimiz fərqli prizmadan baxmaq qabiliyyətinə malikdirlər, ona görə də onların həlli üsullarını nəzərdən keçirmək çox vacibdir. Virtual oyunlara və virtual təcrübələrə məruz qalma səbəbindən emosional şüur və ünsiyyət bacarıqlarını gücləndirmək vacibdir, çünki uşaqların virtual və realı ayırd edə bilməsi kiçik yaşlarda çox çətindir. Tədqiqatlar göstərir ki, valideynlərinin iştirakı olmadan gündə bir saatdan çox ekran qarşısında vaxt keçirən uşaqların idrak və dil bacarıqlarına cavabdeh olan beyin bölgələri daha az inkişaf edir. Ümumi dil tapmaq, güvən qazanmaq üçün oyunlar oynamaq, birgə fəaliyyətlər münasibətlərinizə müsbət təsir edəcək. Tələblərindən çox ehtiyaclarını qarşılamanız sizin üzərinizdə hakimiyyət qurmalarına mane olacaq.
2. Oğlan və qızların tərbiyə üsulundakı fərq, diqqət etməli olduğumuz məqamlar hansılardır?
– Oğlan və qızların tərbiyə üsullarında fərqlilikləri nəzərə almaq vacibdir, amma burada diqqət cinsə deyil, fərdi xüsusiyyətlərə yönəlməlidir. Hər bir uşaq fərdidir və onların inkişafı, maraqları müxtəlif ola bilər. Bununla yanaşı, oğlan və qızların tərbiyəsində bəzi fərqli yanaşmalar ola bilər. Bu fərqi anlamadan tərbiyəni düzgün qurmaq mümkün deyil. Diqqət edilməli məqamlardan biri gender steriotipləridir. Oğlan olduğu üçün xoşagəlməz davranışlarına göz yumulan, qız olduğu üçün fəaliyyətləri məhdudlaşdırılan biri münasibətlərdə özünü və başqalarını dəyərləndirməkdə çətinlik çəkəcək. Həm oğlanlar, həm də qızlar üçün gender stereotiplərinin təsirindən uzaq, kifayət qədər imkanlar təmin etmək vacibdir. Cəmiyyətin təlqin etdiyi ehtiyaclar deyil, onların özlərinə uyğun maraqlarını inkişaf etdirmələrinə şərait yaradılmalıdır.
3. Övladı diqqət dağınıqlığından əziyyət çəkən valideynlərə tövsiyələriniz nələrdən ibarətdir?
– Övladınızı tanımağa çalışın. Uşağınızın diqqət və enerji səviyyələrini müşahidə edin. Hansı saatlarda daha məhsuldar olduğunu müəyyənləşdirin, dərs tapşırıqlarını işləməyi həmin saatlara salın. Qısa, aydın təlimatlar verin. Bir tapşırığı bitirsin, sonra diğərinə keçsin. Qaydalarınız olsun. Gündəlik sabit cədvəl həm diqqətə, həm davranışa müsbət təsir edir. Uşağın çalışdığı və oynadığı mühiti mümkün qədər diqqəti yayındıran əşyalardan təmizləyin. Ətrafda nə qədər az əşya olsa, diqqətini toplaması o qədər asan olacaq. Tapşırıq işləyərkən hər 15 dəqiqədən bir fasilə verin. İdman, rəqs, fiziki aktivlik diqqəti artırır. Ona görə də, belə fəaliyyətlərə yer verin. Pozitiv gücləndirmələr edin. Kiçik uğurlarına görə tərifləyərək motivasiya edin. Ekran vaxtını azaldın, əvəzinə kitab oxumaq, gəzintilərə çıxmaq, rəsm çəkmək, oyunlar oynamaq faydalı olar.
Valideyn olmaq çətindir, xüsusilə də diqqət problemi yaşayan uşaqlarınız varsa. Ciddi vəziyyətə görə narahat olduğunuzda psixoloqa müraciət edin.
4. Qız övladı yetişdirən valideynlər onların kosmetikaya, bəzək-düzəyə olan marağını necə balansda saxlamalıdırlar?
– Qız övladlarının bəzək-düzəyə marağı təbii bir haldır, uşaqlar ətraf mühitdən gördüklərini təqlid edir və öz şəxsiyyətlərini formalaşdırırlar. Həmçinin, çox zaman kosmetika qadın kimliyiylə əlaqələndirilir. Lakin bu marağı balansda saxlamaq vacibdir ki, uşaqlarda bu məsələyə sağlam bir yanaşma formalaşsın.
Onun marağını qəbul etdiyinizi və bunun normal olduğunu bildirin. Bu, onun özünə olan inamını artıracaq və sizinlə daha açıq şəkildə ünsiyyət qurmasına kömək edəcək.
Ona kosmetika və bəzək məhsullarından necə istifadə edilməsi, dəriyə qulluq qaydaları və keyfiyyətli məhsul seçiminin önəmini öyrədin.
Bəzəkdən çox, təbii gözəlliyi əhəmiyyətini vurğulayın. Misal üçün, “Sağlam dəri hər zaman ən yaxşı bəzəkdir” kimi mesajlar verin.
Ana nümunəsi burada çox vacibdir. Əgər ana kosmetika istifadə edirsə, uşaq da bu nümunəni təqlid edir. Kosmetikadan və ya bəzəkdən istifadə edirsinizsə, bunu balanslı formada edin. Uşaqlar eşitdiklərini deyil, gördüklərini mənimsəyirlər. Qızınıza bəzi makiyaj növlərinin hansı yaşlarda istifdə edilə biləcəyini deyin. Marağını boğmamaq üçün ev daxilində hansısa oyun, tədbir təşkil edərək kosmetikadan istifadəsinə şərait yarada bilərsiniz.
Xarici görünüşdən çox daxili dəyərlərə diqqət çəkin. Ona özünü ifadə etmənin fərqli yollarını göstərin.( geyim tərzi, rəsm, təmizlik və s.) Kosmetika yalnız bir ifadə vasitəsidir, insanın dəyəri onun daxili keyfiyyətlərindədir.
5. Ata-qız, ana-oğul bağının möhkəmliyi nəylə əlaqədardır?
– Ata qızına qarşı emosional dəstək və diqqət göstərdiyi zaman qız uşağı özünü dəyərli və sevilən hiss edir. Bu, onun özünə inamını və potensial münasibətlər qurmasını gücləndirir. Ata qarşı cinsə münasibəti formalaşdıran rol modeldir. Ata sevgisi görməyən qızlar kənarda bu sevgini axtarmağa başlayır.
Ana oğulun duyğularını qəbul edib, ifadə etməsinə imkan yaradırsa, o da gələcək münasibətlərində empatiya qurmağı öyrənir. Ana da öz davranışları ilə nümunə rolunu oynayır.
Bu mövzu bir çox psixoloji nəzəriyyələrdə öz əksini tapıb.(Sosial Öyrənmə, Gender Rolllar, Psixi inkişaf Nəzəriyyələri və s.) Uşaqlar sosial, cinsi rolları valideynləri təqlid edərək öyrənirlər. Qızların atalarına, oğlanların analarına şüuraltı cazibə hiss etməsi onların öz cinsiyyət identifiksıyasını formalaşdırmaqda böyük rol oynayır.
6. Müasir dövrlə ayaqlaşmaq, onlarının hərtərəfli inkişafını təmin etmək üçün övladlarımızı müxtəlif məşğuliyyətlərə cəlb edirik- rəsm, rəqs, idman və s. Bu cür davranışlarımız onların birtərəfli mükəmməl inkişafına mane olmur ki? Yəni, hər şeydən bir az öyrənməyin mənfi tərəfləri varmı?
– Uşaqları müxtəlif məşğuliyyətlərə cəlb etmək, onların bacarıqlarını aktivləşdirmək hərtərəfli inkişaf etdirmək üçün faydalı bir yanaşmadır. Bununla belə, bu yanaşmanın bəzi çatışmazlıqları da ola bilər.
Müsbət tərəflər- Çoxşaxəli bilik və bacarıqlar əldə etmək dünyagörüşü genişləndirir. Müxtəlif sitasiyalara uyğunlaşma bacarığını artırır, elastikləşdirir. Fərqli sahələrdə tanış olduqda nəyin ona uyğun olduğunu aşkar edir, maraqlarını tapa bilir. Fərqli fəaliyyətlər müxtəlif beyin funksiyalarını inkişaf etdirir və yaradıcı yanaşmanı inkişaf etdirir.
Mənfi tərəflər- Hər şeydən bir az öyrənmə ixtisaslaşmaya, spesifik bir sahəni seçməyə mane olur. Uşaq müəyyən fəaliyyətlərə öz istəyi ilə qoşulmursa, motivasiya düşür, stress yaranır. Özünü tanıma prosesinə təsir edir. Bütün sahələrdə mükəmməl ola bilmir, bu da şəxsiyyətin formalaşmasına mənfi təsir edir.
Nə etməliyik? Tarazlıq yaradın, onları çox yükləməyin. Hiss və duyğulara diqqət edin. Hansı fəaliyyət onun marağına uyğun deyilsə, alternativlər axtarın. Maraqlandığı sahələrdə dərinləşməsinə çalışın. Sərbəst vaxtının, istirahətinin olmasına kömək edin.
Hər şeydən bir az öyrənmək yaxşı bir başlanğıcdır, lakin uzunmüddətli inkişaf üçün spesifik, dəqiq, dərin bilik və bacarıq əldə etmək vacibdir.
7. Övladlarımızın telefona, komputerə olan marağını necə tənzimləyə bilərik? Sosial şəbəkələrdən alınan məlumatların onların tərbiyəsinə, dünyagörüşünə mənfi təsir etməmələri üçün nə etməliyik?
– Yaşa uyğun ekran vaxtı müəyyən edin. Yemək və yuxudan əvvəl texnologiyadan uzaq olması qaydasını qoyun. Özünüz nümunə olun. Əgər siz əlinizdə telefon olduğu halda ona qadağa qoyursunuzsa, bu yaxşı nəticə verməyəcək. Valideynin sözündən çox, davranışı önəmlidir. Faydalı platformalara yönəldin, sosial şəbəkə istifadəsinə nəzarət edin. Oxuduqları, gördükləri məlumatların həmişə doğru olmadığını deyin, tənqidi yanaşma bacarıqlarını formalaşdırın. Sosial şəbəkələrin faydalarını öyrədin ki, maraqlarını sağlam şəkildə yönəldə bilsinlər. Alternativ fəaliyyətlər təklif edin. Rəsm, musiqi, kitab oxumaq, idmanla məşğul olmaq texnologiyadan uzaq olmaq üçün ideal vasitələrdir.
8. Yeniyetmələri zərərli vərdişlərdən uzaq saxlamağın yolları nələrdir? Valideynlər həmin yeniyetmələrlə necə davranmalıdırlar?
Yeniyetmələri zərərli vərdişlərdən uzaq saxlamaq üçün həm profilaktik, həm də dəstəkləyici yanaşmaların olması vacibdir. Bu məsələdə diqqət yetirilməsi lazım olan əsas məqamlardan biri məlumatlandırmadır. Zərərli vərdişlərin sağlamlığa və psixologiyaya mənfi təsirlərini izah edin. Sağlam alternativlər verin, boş vaxtlarında faydalı işlərlə məşğul olmasına şərait yaradın. Özünüz nümunə olun. Zərərli vərdişiniz yoxdursa, deməyə sözünüz var. Dost seçiminə nəzarət edin, lakin bu anlayışlı şəkildə baş versin, azadlığını məhdudlaşmış hiss etməsin. Güvənli, açıq ünsiyyət qurun, sağlam davranışlarını dəyərləndirin. Qadağa əvəzinə sərhəd qoyun, həddən artıq nəzarətdən çəkinin. Mühakimə etmədən dinləyin, duyğularını anlamağa çalışın. Qaydalarınızın səbəbini izah edin.Bacara bilmədiyinizi düşünəndə peşəkar dəstəyi alın.
9. Bəzən övladlarımızı qorumaq üçün onları nəzarət altında saxlayırıq. Bu davranış onların özünüifadəetmə bacarığına nə kimi təsir göstərir?
Övladlarımızı qorumaq, onları nəzarət altında saxlamaq təhlükəsizlik baxımından zəruri ola bilər. Bu, uzun müddət davam edəndə uşağın özünü ifadə etmə bacarığı azalır. Müstəqillik zəifləyir, öz fikirləri olmur, qərar qəbul edə bilmirlər, özgüvən aşağı düşür. Nəzarət altında olan uşaqlar öz emosiyalarını ifadə etməkdə çətinlik çəkə bilər. Bu, daxili gərginliyin artmasına və emosional vəziyyətə səbəb ola bilər. Sərhədlər qoyun, amma sərbəstliyini əlindən almayın. Həyat təcrübəsi qazanmaq üçün bu ona lazımdır. Dinləyin və anlayın. Dəstək olun, lakin nəzarətdə balansı qoruyun. Balanslı yanaşma hər zaman işə yarayır.
10. Ailə, məktəb, mühit! Övladımızın tərbiyəsinə, inkişafına əsasən hansı amilin təsiri çoxdur?
– Hər birinin təsiri böyükdür və fərqli mərhələlərdə dəyişə bilər. Erkən uşaqlıqda ailə uşağın tərbiyəsinə təsir edən əsas mühitdir. Ailədə təhlükəsiz mühit, rol modelin olması, dəyər və normalar xarakterin formalaşmasına təsir göstərir.
Məktəb uşağın həyatı daha yaxşı anlaması, akademik biliklər qazanması, kollektivçiliyi öyrənməsi, intellektual, emosional inkişaf etməsinə təsir göstərir. Müəllimin yanaşma tərzi özünə inam, davranışın formalaşmasına təsir göstərir.
Mühit deyəndə ailə, məktəb, həmçinin internet, televiziya, ətrafdakı insanlar nəzərdə tutulur. Yeniyetməlik dövründə mühitin təsiri daha çox olur. Dostlarla münasibətlər, cəmiyyətə atılma bu dövrdə baş verir. Hansı amilin daha təsirli olması yaşa, şətaitə, həmin amilin keyfiyyətinə bağlıdır.
Ən yaxşı nəticə üçün ailə, məktəb və mühitin harmoniya ilə işləməsi vacibdir.
Bizə zaman ayırıb suallarımızı ətraflı cavablandırdığınız üçün təşəkkür edirik, Rübabə xanım.
Söhbətləşdi: Həmidə Yaqubova