.....

.....

“20 YANVAR FACİƏSİNİN SONUNCU ŞƏHİDİ – Xəlil Rza Ulutürk” – Yeganə Əhmədova

“20 YANVAR FACİƏSİNİN SONUNCU ŞƏHİDİ – Xəlil Rza Ulutürk” – Yeganə Əhmədova

“20 YANVAR FACİƏSİNİN SONUNCU ŞƏHİDİ – Xəlil Rza Ulutürk”

XX əsrin 80-90-cı illəri Azərbaycan ədəbiyyatı tarixinə milli müstəqilliyimiz yolunda ədəbi qüvvələrin ən fəal mübarizə apardıqları dövr kimi daxil olmuşdur. Milli istiqlaliyyətimiz uğrunda mücadiləyə qalxan ədəbiyyat xadimləri içərisində Bəxtiyar Vahabzadə, Məmməd Araz, xüsusən də Xəlil Rza Ulutürk ön sırada dayanırdı. Sovet hakimiyyətinə qarşı apardıqları mübarizə nəticəsində B.Vahabzadə təqiblərə məruz qalmış, M.Araza qarşı iftira kompaniyası baş qaldırmış, X.Rza isə fiziki və mənəvi qüvvələri ilə birgə bu yolda həyatının ən böyük qurbanını – oğlu Təbrizi vermişdir.
Əsas tənqid hədəfi Sovet hakimiyyəti və onun yeritdiyi antitürk siyasəti olan Xəlil Rza 1988-ci ildən bu quruluşa qarşı açıq mübarizəyə başlamış və bundan sonra şairin fəaliyyəti DTK tərəfindən addım-addım izlənilmişdir. 20 Yanvar faciəsinin baş verdiyi gün əliyalın həmvətənlərinin təpədən dırnağadək silahlanmış rus-erməni ordusu tərəfindən kütləvi qətlini görən şairin qəzəbi imperiyanı qorxuya salmış və onun həbsi haqqında qəti göstəriş verilmişdir. Beləcə Xəlil Rzanın Bakının Azadlıq meydanından başlayan savaşı onu Moskvanın Lefertovo zindanınadək aparmışdır.
Xəlil Rzanın kiçik vücudunun dünyanın altıda bir hissəsini tutan Sovet hakimiyyəti üçün nə qədər böyük bir təhlükə olduğunu onun düşmənləri də etiraf edirdi. Lefortovoda Xəlil Rza ilə söhbət edən müstəntiq F.G.Poxilin aşağıdakı sözləri şairin şəxsiyyətini çox dürüst bir şəkildə xarakterizə etməkdədir:
“Sizin kimi kişilər xalq sərvətidir. Mədəniyyət Fondunun sədri, akademik Dimitri Lixaçov “Qalx!” desə, bütün Rusiya ayağa qalxar. “Hücum!” desə, bütün millət hücuma keçər. Xalq da Sizə bu cür inanır, arxanızca gedir. Adı böyük hərflərlə yazılmağa layiq İnsansınız!… Bakıda Sizi həbs etmək üstündə əmr verən İvan Pavloviç Abramov kimi tutduğunu və nəyə görə tutduğunu yaxşı bilir. Onun toruna düşən kilki deyil, qızıl balıqdır.”
Həbs edilərkən Xəlil Rza ilə canilər arasında gedən aşağıdakı kiçik sorğu-sual da onun qüdrətinin və əyilməzliyinin ifadəsi idi.
” – Silahın varmı?
– Var!
– Hanı?
– Mən özüm silaham!”

Xəlil Rzanın Lefortovo gündəliyindən və zindanda yazılan əsərlərindən məlumdur ki, şair 9 aya yaxın həbs həyatında yalnız Vətənini və onun azadlığını düşünmüşdür. Bu azadlığa qənim kəsilənlər hər yerdə şairin qəzəb və hiddəti ilə müşayiət edilmişdir. Müstəntiq F.G.Poxil Xəlil Rzanın özünə də etiraf edirdi ki, “Bu çıxışları dinləyəndən sonra erməniyə əl vermək mümkün deyil, ermənidən iyrənirsən”.
Mübaliğəsiz demək olar ki, azadlıq mübarizəsinə atılan ədəbi simalar içərisində Xəlil Rza qədər ikinci bir fədakar üsyançı tapmaq çətindir. Xəlil Rza o nadir bəşər övladlarından idi ki, mənsub olduğu xalqın bütün milli və mənəvi dəyərləri küll halında onun vücudunda təzahür etmişdi. Təsadüfi deyil ki, zindan həyatı Xəlil Rzanın iradəsini qırmaq əvəzinə, onu daha da mətnləşdirmişdir. Zülmün mənbəyi sayılan Moskva və onun siması olan Lefortovo zindanı şairin mövcud rejimə qarşı sərtliyini artırmış, onu əzmkar bir qüdrətə çevirmişdir. Bu baxımdan məhbəs həyatı şairin mübarizə səlnaməsinin özəlliyini təşkil edirdi. Başqa sözlə deyilsə, Lefortovo zindanı Xəlil Rzanın həyat və fəaliyyətinin kulminasiya nöqtəsi idi.
Xəlil Rzanı Lefertovoya aparan 20 Yanvar hadisələri şairin həyatında və yaradıcılığında məxsusi yer tuturdu. 20 Yanvar faciəsinin Xəlil Rzanın taleyində buraxdığı iz və faciə qurbanlarının xatirəsi onu ömrü boyu tərk etməmişdir. Əsərlərində o məşum günləri dəfələrlə xatırlayan Xəlil Rza həmin hadisələrin əsasında “Əlvida, Azərbaycan!” adlı poema da yazmışdır. Əsəri zindana salındığı ilk günlərdə qələmə alan şair məhbəs həyatının çətin sınaqlarla dolu günlərində belə daim faciə qurbanlarını yad etmiş və şəhidlərin haqları uğrunda mübarizə aparmışdır.
Faciənin baş verdiyi gün gülləbaran edilən insanların son nəfəslərində al-qanları ilə divara yazdıqları kəlmələri şair poemanın epiqrafına çıxartmışdır. Bu misralar həm də əsərin əsas ideya xəttini təşkil edirdi:

– Azərbaycan, əlvida!
Xəzər fırtınasından güclü imiş bu səda.
– Azərbaycan, əlvida!
Aləmdə heç nə yoxdur, yalnız ağappaq divar,
Bir də onu qanıyla qızardan bir oğul var. Son şəhid xatirələrinin həkk edildiyi bu müqəddəs divar şairin nəzərində elə bir ucalığa malikdir ki, onun mənəvi yüksəkliyi Elbrusla, Everestlə müqayisə edilir. Xəlil Rza “mən”inə məxsus sarsılmaz inam əvvəldən axıradək əsərin ümumi ruhunu tərk etmir: Dağılacaq zindanlar, barmaqlıqlar, qapılar,
Zindanları məhv edən oğul mütləq tapılar. Şəhidlərin son dəfə pıçıldadıqları “Azərbaycan, əlvida!” kəlmələri poemadan qırmızı bir xətt kimi keçir. Lakin şairin özünün bu ifadələrə şəxsi münasibəti paradoksaldır. Yəni, əslində, öz ölümü ilə deyil, öz mübarizəsi ilə 20 Yanvar faciəsinin şəhidi zirvəsinə yüksələn Xəlil Rzanın son qənaəti də fərqli və zirvələrə yazılası bir ifadə olmalı idi: Pıçılda ki, bağrımda yaşasa da o səda,
Mən heç vədə demərəm: “Azərbaycan, əlvida!” “Əlvida, Azərbaycan!” poeması zindan həyatı yaşayan şairin xatırlamaları və hadisələrə münasibəti əsasında qurulmuşdur. Son dərəcə gərgin vəziyyətdə olan lirik qəhrəman kiçik və dar kamerada var-gəl edə-edə böyük tarixi hadisələri vərəqləyir. Yaxın keçmişin ağlasığmaz olaylarının və faciəvi sonluğunun nəticəsidir ki, bütün aləm şairin gözünə qırmızı rəngdə görünür: Döşəmə qırmızı, divarlar qanqırmızı,
Qarşımda ağ vərəqdə alqırmızı bir yazı,
Nəfəsimin atəşi qarsalayır kağızı,
Gözümdə bütün aləm başdan- başa qırmızı. Qırmızı rəng Sovet imperiyasının rəmzidir. Yalanın rəngi də qırmızı sayılır. 20 Yanvar faciəsində Bakı küçələrinə axıdılan şəhid qanları da qırmızıdır. Bu qırmızılar xalqımızın taleyində bir vəhdət halında birləşərək onun faciəsinə çevrilir. Yəni qırmızı yalanlar üzərində qırmızı imperiya qurulur və bu imperiya tərəfindən qırmızı qanlar axıdılır. Bakı qanlı bir məzar, özü boyda laləzar,
Selin, suyun altında pərən-pərən bir gülzar. Əsərdə faciənin bütün detalları tarixi dəqiqliklə qələmə alınmışdır. Ağır tankların vahiməli uğultusu, yaralıları daşıyan maşınların gülləyə tutulması, xəstəxanalar küncündəki insanların iniltisi poemanın bütün səhifələrindən eşidilməkdədir: Maşınların üstündən keçə-keçə gəlir tank,
Ərənlərin boyunu ölçə- ölçə gəlir tank,
Ölənlərin üstünə, qalanların üstünə,
Böyrünə əl basıb qaçanların üstünə
Qəh-qəh çəkib gülür tank. Ən dəhşətlisi də odur ki, əliyalın insanların başının üstünü almış ordu adi rus əsgərlərindən deyil, xüsusi təlim görmüş muzdlu zabitlərdən, xüsusən də ermənilərdən təşkil olunmuşdur: Davam edir qırhaqır, kefli əsgərlərə bax,
Xankəndindən göndərilmiş daşnaq əfsərə bax,
Fransadan gəliblər, muzdlu nökərdir onlar,
“İrəvan” konyakıyla xumar boynuyoğunlar. Bu baxımdan 20 Yanvar faciəsinin əslində nə demək olduğunu və bu faciənin acınacaqlı nəticəsini Xəlil Rza özü belə izah etmişdir: “Zirehli tankların dəmir, polad tırtılı yalnız günahsız qocaları, gəncləri, ağ saçlı qadınları yox, həm də SSRİ və Azərbaycan konstitusiyasının ən mühüm maddələrini, humanizmi basıb keçmişdir”.
Xəlil Rza poemada Sovet ordusunun yalnız Bakıya hücumunu təsvir etməklə qalmır. Bu ordu Bakıya gələnə qədər Budapeştə soxulmuş, Praqaya yerimiş, Əfqanıstanın altını üstünə çevirmiş, Qazaxıstanı, Özbəkistanı qan gölündə batırmışdır. Xəlil Rza bəşəriyyəti düşünən bir mütəfəkkir şair kimi göstərmək istəmişdir ki, Qırmızı Ordu təkcə Azərbaycanın deyil, Hitler faşizmi kimi bütün dünyanın düşmənidir. Qana susamış bu ordunun şah əsəri isə məhz Bakı və 20 Yanvar faciəsidir.
“Əlvida, Azərbaycan!” poemasında diqqət çəkən digər mühüm məqam Xəlil Rzanın 20 Yanvar faciəsinin fonunda Qədim Türkün tarixini vərəqləməsidir. Türkləri “qızıl dan ülkəri”nə bənzədən şair “Quran”ı “insanlığın gur səsi” adlandırır və Məhəmməd peyğəmbəri ehtiramla yad edir.
Əlbəttə, 20 Yanvar faciəsindən söhbət gedərkən qəfildən tarixə qayıtmaq təsadüfi deyildi. Təpədən dırnağadək türk oğlu türk olan Xəlil Rza adı ilə qoşa gəzdirdiyi Ulu türkün müqəddəsliyini dərk etdiyi üçün əmindir ki, “Türkə xain çıxanlar xoşbəxt olmayacaqdır”.
Demək 20 Yanvar faciəsi Azərbaycan xalqının yalnız 1990-cı ildə üzləşdiyi faciə deyil, bütövlükdə xalqın əbədi və əzəli faciəsidir. Poemada faciə qurbanları ilə birgə 37-ci ilin repressiya qurbanlarının xatırlanması da məhz bu tarixi həqiqəti simvolizə edir. Güllə dəyir Müşfiqimin, Cavidimin heykəlinə,
Yusif Vəzir, Seyid Hüseyn güllələnir bir də, bir də. Bu faciəni törədənlər, ona rəvac verənlər və nəhayət göz yumanlar Nizaminin “Xəmsə”sindən, Füzulinin peyğəmbər gözlərindən, Şəhriyarın hüsnündən utanmalıdırlar. Bu da Xəlil Rzanın gəldiyi ibrətamiz bir qənaətdir.
Xəlil Rza “Əlvida, Azərbaycan!” poemasında ədəbiyyatımız üçün yeni olan bir obraz da yaratmışdır – milli gəda obrazı.
Milli gəda milliyətcə türk, mənəviyyatca antitürk olanların, yəni çörəyini, duzunu yediyi Vətənini yadlara satanların timsalıdır. Milli gədalar torpaqlarımıza göz dikənlərin əlaltıları və dəstək verənləridir. Nəhayət, milli gədalar milləti içindən gəmirən sapı özümüzdən olan baltalardır.
Əlbəttə, satqın və xain adamlar bütün dövrlərdə olmuş və az-çox ədəbiyyatda da öz əksini tapmışdır. Lakin Xəlil Rzanın poemasında bu surət tamamilə yeni biçimdə meydana çıxmışdır. Sözü gedən poemada milli gəda qəşəng geyimli, lakin olduqca soyuqqanlı və iblis xislətli bir tip kimi verilmişdir. Vətənimizin başına gətirilən bütün faciələrdə barmağı olan milli gəda MK tərəfindən himayə edilir. Ən qorxulusu da odur ki, milli gəda tək deyil: Beşmi-üçmü milli gəda?
Vətənimin boğazında küt ülgücmü milli gəda?
Dolaşıqdır, bulaşıqdır milli gəda,
MK adlı mağarada necə sıxdı milli gəda. Şair milli gədanın əməllərini faş etmək üçün onun keçdiyi həyat yoluna nəzər salır. Aydın olur ki, milli gəda Qarabağın əldən getməsində mühüm rol oynamışdır. Xankəndinin, Əsgəranın, Zəngəzurun zəbt edilməsi ilə dövlət və şöhrət sahibi olmuşdur. Düşmən Altunkəndin, Basarkeçərin, Kəlbəcərin yaylaqlarını qaçarlayanda o buna laqeydliklə tamaşa etmişdir. Bütün əməllərinə görə şair, milli gədanın ermənidən daha alçaq və rəzil olduğunu vurğulayır: O daşnakdan qat-qat rəzil,
şovinistdən min yol alçaq,
Fatehlərin caynağında
oyuncaqdır, boş oyuncaq. Azadlığa susamış minlərlə insanın qanı Bakı küçələrinə axıdılanda da milli gəda buna özünəməxsus soyuqqanlıqla yanaşır: Bəlkə düşən qırov, qar o qanları siləcək,
Bəlkə qəşəng geyinmiş milli gəda gələcək.
Əmr edəcək rəisə: – Yuyun, silin qanları,
Qımıldanmayacaq da soğulcan vicdanları. Nəhayət, “Əlvida, Azərbaycan!” poemasında yekun olaraq Xəlil Rzanın müqəddəs andı üzərində dayanmaq istərdim.
Məlumdur ki, and mövzusu müharibə dövrü ədəbiyyatının əsasını təşkil edir. İkinci Dünya müharibəsi illərində bu mövzu xüsusilə geniş vüsət almış və qələbənin istiqamətverici qüvvələrindən birinə çevrilmişdir. Şairlər Vətənin müdafiəsinə qalxan qəhrəmanların dili ilə müqəddəs dəyərlərə and içərək əsgərlərimizdə ruh yüksəkliyi yaradırdılar. Lakin təəssüflə qeyd etmək lazımdır ki, belə əsərlər həmişə yüksək bədii keyfiyyətə malik olmurdu. Bu şeirlərdəki andlar ya biri digərini təkrar edir, ya da qafiyə xatirinə bəsit cümlələr üzərində qurulurdu. Ən pis halda isə kommunist ideologiyasından irəli gələn süni dəyərlərdən qaynaqlanırdı.
İkinci Dünya müharibəsindən sonra ədəbiyyatımızda and mövzusu öz bədii həllini Birinci Qarabağ müharibəsində tapır. Bu dövrün ədəbiyyatında yenə də milli dəyərlərə and içən lirik qəhrəmanın səsini eşidirik. Bu lirik qəhrəman isə ilk olaraq “Əlvida, Azərbaycan!” poemasında, başqa sözlə Xəlil Rzanın simasında meydana çıxır.
Xəlil Rzanın andı özünəqədərki andlardan öz səmimiyyəti və təbiiliyi ilə fərqlənirdi. İnanmaq çətin deyil ki, Xəlil Rzanın andı həssas və kövrək şair qəlbinin yanğısından boy verirdi.
20 Yanvar matəmi ilə bircə gecədə qara saçlara qırov düşmüşdü. Torpaq altında kəfənli, kəfənsiz şəhidlər bir-birinə qarışmışdı. Müşfiqin, Cavidin ruhları silkələnmişdi. Odur ki, “Min illər gəlib keçə, unutmaram o günü”- deyən şair 13 yaşlı İlqarın yaralı cəsədinə, cəmi 20 il yaşamış şair və ziyalı Ülvi Bünyadzadənin nakam taleyinə, eləcə də Kalımada, Sibirdə duasız basdırılan neçə-neçə şəhidin ruhuna and içərək söz verir ki:

Mən o zülmətdən qara kor heykəli yıxmamış,
Cahanda son fatehin axırına çıxmamış,
Getməyəcəm aləmdən,
İldırıma dönəcəm,
Bir gün son qəsbkarın
Peysərində sönəcəm!