.....

.....

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür. Söz yarası – Pərvanə Bayramqızı

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür. Söz yarası – Pərvanə Bayramqızı

Söz yarası

Lələk şüurun həmdəmi oldu. İnsan ürəyini ona açdı, onunla bölüşdü
sirrini.

Elə bilirdim, xətti gözəl olanların mənəvi dünyası da ona uyğun olur.
Düşünürdüm, əsəbi adamlar mətni tələsik yazıb qurtarmağa çalışırlar,
ona görə də xətləri “ilan-qurbağa” olur. Nizam-intizamlı adamlar hərfləri
bir biçimdə düzür, sözlər də tərbiyəli uşaqlar kimi anaları harada qoysa,
orada sakitcə durur. Tanıdığım yaxşı adamların hamısı yaxşı yazırdı.
“Word” proqramında yazmağa başlayandan, şair demiş, “etibarlı-
etibarsız tanınmır”.

Bu proqram adamı tənbəl öyrədir. Dəftərdə yazanda, sözün yerini
dəyişəndə istəyirsən ki, sözü “vırezat” edib, aparıb lazım olan hissəyə
yerləşdirəsən. “Word”də qara salanda görünmür, səhv yazanda vərəq
cırmalı olmuruq, mürəkkəbin bitmir və s.

O zamanlar yazmaq kişi işi sayılıb. Dövrümüzdə bu cür “kişiləşmək”
adi hal alıb, hətta formaları da çoxalıb: kişi kimi şalvar geyinmək, kişi
saçı kimi gödək kəsdirmək, kişi kimi maşın sürmək və s.. Kişi kimi söz
vermək də var, deyəsən, onu mənimsəmək çətindir. Bundan təkcə
qadınlar “əziyyət” çəkmirlər, elə kişilər özləri də söz verib əməl edə
bilmirlər. Yaxşı olar ki, bu ifadə “adam kimi söz vermək” şəklində işlənsin.
Cins fərqi qoyulmadan. (Elə bil kimsə “türklər kişi sözünü adam
anlamında işlədirlər” dedi).

“Molla Nəsrəddin” jurnalının illüstrasiyalarından birində müsəlman
qadın yazan əcnəbi qadına baxıb təəccüblə yanındakına: “Bu qadın kişi
kimi yazır”, – deyir. Elə bilirsiniz, bu təfəkkür dəyişib? “Kişi kimi” yazmağı
indi də qəbul etməyənlər var. Yazmaq kişi işidir? Qadının ürəyi, ruhu,
duyğusu yoxdur?

Yazmaq acan mədəyə qida ötürmək, dolub-daşan qabın başından
boşaltmaq kimidir. İstər kişi, istər qadın mənəvi dünyasını dincəltmək
üçün yazır. Mənəvi dünyamız da cəmiyyətin problemləri ilə yüklənib,
çözüm yollarını axtarırıq. Tapdığımız çarəni kağız vasitəsilə insanlar
arasında yayıb nəyəsə nail olmaqda anlaşılmayan nə var?

Yazmağı qadına qüsur bilib yolunu bağlamaq nə deməkdir? Yazmaq
qadına niyə yasaq edilməlidir? Yəqin ki, bu suallar çoxuna qəribə
görünəcək. Heyrətlənməyin, indiyədək bir dəfə də reallıqdan uzaq heç
nə yazmamışam. Bu da onlardan biridir.
Kişi kimi yox, özü kimi, duyduqlarını olduğu kimi yaza bilməyən
qadınlar çoxdur. Hərəsi bir səbəbdən dişini dişinə sıxıb durur. Bəlkə də,
nə vaxtsa daxilindəki etiraz vulkan kimi püskürəcək. Necə ki… ya da
yazmıram.

Milli Mətbuat Günündə mənəvi buxovları qırıb, əzabla, sayagəlməz
çətinliklər içində imzasını yalnız istedadı ilə tanıda bilən qadın yazarları
ayrıca təbrik edirəm.

Zülməti yarıb işığa çıxardığınız ruhunuz var olsun!

Kişi kimi yazmayın, qadın kimi yazın! Kişiləşməyin! (Maşın sürmək,
şalvar geymək, saç kəsdirmək və s. nəzərdə tutmuram).

Sovet hakimiyyəti illərində nəşr edilən “Kütləvi kitabxananın işi”
(1954) kitabında belə bir cümlə var: “Mətbuat – bizim partiyanın ən iti və
ən qüvvətli silahıdır”. Həmin dövrdə mətbuatın imkanlarından yaxşı
istifadə edilib. Sovet ideologiyasını daha geniş yaymaq üçün ucqar
yerlərə də mətbuat nümunələri göndəriblər. Təəssüf ki, indi belə maraq
duyulmur. Mətbuat bu gün daha çox düşmən olanların bir-birini
söydürməsi üçün tribunaya çevrilib.

Dövrümüzün mətbuatı – bir notbuk, yaxud telefon. Vur qoltuğuna
(götür əlinə), harada istəsən, nədən istəsən, yaz, adını informasiya qoy.

Dünyada Mətbuat Azadlığı Günü təsis edilib. Məncə, bizdə mətbuat
“azaddır”. Kim nə istəyir, yazır, harada nə görsə, çəkib paylaşır. Qapalı
qalan hadisələr bizlik deyil. Bizə gərək olan gündəmdir, onu da hər cür
“cəlbedici” başlıqla dərc edirlər, oxuyub bilirik ki, filan rayonda altıayaq
quzu doğulub, filankəs filankəsə filan söz dedi, ana dörd uşağını qoyub
qaçdı və s..

“Şeir həsr etdiyi adamın ölümünü ondan gizlətdilər” – Bu ədəbiyyat
saytlarından birinin mətnə seçdiyi başlıqdır.

Yazıda hamıya məlum olan mövzudan söhbət açılıb. Məşhur
mahnıdan, iki insanın sevgisindən bəhs ediblər. IP-yə hesablanmış
başlıq guya diqqətçəkəndir. İzləyici manşeti görən kimi düşünəcək:
“Kimsə kiməsə şeir yazıb, o kimsənin kimsəsi də şeir yazanı tapıb, qətlə
yetirib, onun ölümünü də şeir yazılandan gizləyiblər”. Buna görə də daxil
olub yazını oxuyacaqlar, oxunma sayı da sürətlə artacaq. Məlumatlı
olanlar sərlövhədəncə hər şeyi bilir, olmayanlar da gözucu baxanda
öyrənirlər ki, bu boyda “zülm çəkmək” “Neyləyim?” şeirini (mahnısını)
N.Rəfibəylinin R.Rzaya yazdığını bilmək üçün imiş. (Amma bir-birindən
xəbərsiz dünyadan köçmək, doğrudan da, kədərlidir).

Başqa bir xəbər başlığı – “Həkimdən yayılan kütləvi virusla bağlı
xəbərdarlıq”. Belə çıxır ki, virusu həkimlər yayırmış.

Yeri gəlmişkən, xaricə “ixrac olunan” “jurnalistlərin” daha səsi gəlmir,
ya mən eşitmirəm?

Qeybət sayılmasaydı, deyərdim ki, filankəs filan şey edib.

Sağal, (mayan) yaralar… var – söz yarası…

Bilmirəm, əvvəl-axır nəzarət edən tapılacaqmı bu xırda-xuruş zay
saytlara?

Daxil olub oxumursan, amma sən istəməsən də, qarşına çıxır:
yaraladılar, öldürdülər, zorakılıq oldu və s..

Qan qoxusu duyulan manşetlərdən təngə gəldik.

Sevgi, xeyirxahlıq, yaxşı əməllər təbliğ edin. Onsuz da insanlar bir-
birilərini sevmirlər, incidirlər, bu iyrənc xəbərlərlə az-çox qalan inam,
ümid hisslərini də öldürməyin!

Zorakılığın əleyhinəsinizsə, sosial şəbəkələrdə maarifləndirici
paylaşımlar edin. İzləyici sayına aludə olub insanların əsəblərini
korlamayın! (Təəssüf ki, onlar daha çox oxunurlar).

Deyəsən, məndən jurnalist çıxmaz.

Heç nəyə xəbər gözü ilə baxmıram. Gördüklərimi danışmağa
ərinirəm, yanımda olanı çatdırmağa həvəsim olmur. Müəssisədə toz-
torpaqlı yeri görəndə düşündüm ki, təmir gedir. Ötüb getdim. Həmin
yerdən ötən bir işçi isə araşdırıb bu barədə xeyli məlumat toplamışdı.
Hətta “günahkar” da tapmışdı. Adam bir hadisəni dinclik, dincliyi də
hadisə kimi qəbul edə bilər. Baxır kim nəyə necə yanaşır. Məndən yaxşı
işçi də olmaz. “Rəhbər yarıdan” deyiləm. Tutaq ki, diktoram, xəbər mətni
oxumalıyam, əgər yalandırsa, oxumaqdan imtina edəcəyəm, veriliş
aparıramsa, şou xatirinə tituluna layiq olmayan “xalq artisti” ilə “səmimi”
söhbət etməyəcəyəm, həkiməmsə, xəstəyə dərman aldırmayacağam,
qan lazımdırsa, özüm verəcəyəm, müəlliməmsə, direktoru yalandan
tərifləməyəcəyəm, valideynin cibinə göz dikməyəcəyəm. Nəşriyyat
işçisiyəmsə, pul alıb gicbəsərlərin yazılarını çap etməyəcəyəm və s..
Belə ipə-sapa yatmayan işçi kimin nəyinə lazımdır ki, ona şərait
yaratsın?

Bizdə idarə və müəssisələrdəki rəhbərlər isə özləri kimi
“məsuliyyətli”, “çalışqan”, “başıaşağı” işçiləri sevirlər. Bu etirafdan sonra
çətin ki, aranızda mənimlə işləmək istəyən tapıla.

Narahat olmayın, işdən çıxmamışam. Xəyallardan yazmaq qadağan
deyil ki?

Etirazımı mətnlərimlə çatdırıram. Çalışıram, çətinlikləri göstərib
tövsiyə edim. Öz mətni haqqında yüksək fikirdə olmaq eyibdir, bilirəm.
Amma “Yolsuz cəmiyyətin yolu” mətnini kim yazsaydı, oxuyub
alqışlayardım. Kimin olsaydı, ürəkağrısını duyardım. Cəmiyyətin
bugünkü vəziyyətinə acıyan, çıxış yolu düşünən adamların olduğunu
bilib bir azca toxtayardım. Bu cür mətnlərim çoxdur, izləyənlər bilirlər.
Bilirlər ki, vətən mövzusu həmişə beynimdə, qələmimin ucundadır.
Vətəndən, qəhrəmanlıqdan təkcə hansısa əlamətdar tarixlə bağlı
boğazdan yuxarı yazmıram. İlin bütün günü ən vacib mövzulardan
yazılarım olur. Ən əsas profilimi kitabxanaya çevirmişəm. Mütaliəni təbliğ
edirəm. Görən, bilən var? Dəyərləndirilir? Buna görə haradansa mükafat
alıram? Yox! Bu, könül işidir, bu əqidədir, bu insanın öz yoludur.

Kədərə də qəlbimdə yer var, sevincə də. Yeri gələndə də yumora
keçirəm. Heç biri qeyri-səmimi deyil. Duyan duyur. On-onbeş oxucum
var, onlar daim oxuyurlar. O kəslər oxuyurlar ki, özlərinin yolu var.

Yaxşı işləri qiymətləndirməyən laqeyd ziyalılardan, paxıl adamlardan
heç nə gözləmirəm. Yazdıqlarımı cəmiyyəti düşünüb yazıram. Sevgim
təmənnasızdır. Amma ağrı ilə yazdığım mətnləri görməzdən gələnlərin
məhz bu yazını oxumaqlarını istəyirəm. Təkcə bu mətnlə kimin hansı
əqidənin sahibi olduğunu təyin etmək olur.

Ötən əsrin mətbuatı böyük problemləri ilə birlikdə həm də örnəkdir.
“Füyuzat”la “Molla Nəsrəddin”in qarşı-qarşıya qoyulması millətin ana dili,
üslub baxımından problemi olsa da, hər iki jurnalın məqsədi
maarifləndirmək olub.

Mollalıq olmasaydı, Nəsrəddin Nəsrəddin olmayacaqdı. “Molla
Nəsrəddin” olmasaydı, görün kimlər olmayacaqdı?

“Əkinçi”nin sayəsində də “tarlada cütü şur ilə sürürük”. Söz tarlasını
deyirəm.

Ağ çala, qara toxum…
Əlim ilə əkərəm,
Dilim ilə biçərəm.