Bədii mətndə şəxsiyyət ikiləşməsi probleminin təzahürü: Aqil Bəkirin “Gülçək” hekayəsi kontekstində
Fərdin iç dünyasında baş verən parçalanmalar, travmalar, daxili ziddiyyətlər bədii mətndə həllini tapır. Bu xüsusda şəxsiyyət ikiləşməsi, yəni insanın mənliyinin bir neçə qatda, bir neçə fərqli simada yaşaması motivi ədəbiyyatda fəlsəfi, sosial və estetik problem kimi işlənir. Aqil Bəkirin “Gülçək” adlı hekayəsi də bu baxımdan olduqca aktual nümunədir.
Hekayənin əsas qəhrəmanı olan Gülçək uşaqkən yaşadığı zorakılıq hadisəsinin psixoloji nəticəsi olaraq öz içində bir neçə şəxsiyyət daşımağa başlayır. Onun nitqindəki ikiləşmiş danışıq, özünü “biz” şəklində ifadə etməsi, zamana və məkanlara münasibətdə qeyri-müəyyənlik yaşaması şəxsiyyət pozuntusunun bədii təzahürüdür. Hekayənin dəyəri isə obrazın bu vəziyyətini bədii dillə ümumiləşdirməsindədir.
Gülçək obrazında cəmiyyətin həm qadına, həm də kişiyə qarşı sərt tələbləri bir bədənə yerləşdirilir. Əslində, Gülçək bədənində cəmiyyətin diktə etdiyi iki cinsin kimlik qarşıdurmasını daşıyır. O, zorakılığa uğrayan bir uşaq ikən bunu cəmiyyətin qadına yönəlmiş şiddətinin nəticəsi kimi yaşayıb. Eyni zamanda, öz içində o zorakılığı törədən kişilərə bənzəyən bir gücü də inkişaf etdirib.
Hekayənin qəhrəmanının timsalında təsvir olunan şəxsiyyət ikiləşməsi rəmzi xarakter daşıyır. İnsanın parçalanmış cəmiyyətə, zədələnmiş ailəyə, qadın və kişi kimliyi arasında qırılmış sərhədlərə qarşı reaksiyasıdır. “Gülçək” psixoloji zədənin yaddaşla necə işlədiyini göstərən nümunədir: uşaqlıq travması bir yaddaş fraqmenti olaraq unudulmur, əksinə, tədricən yeni şəxsiyyətlər, yeni dillər və yeni baxış bucaqları formalaşdırır.
Gülçəyin psixoloji durumuna nəzər salanda aydın olur ki, onun üçün artıq zaman və məkan yox olub, keçmişi ilə bu günü ayırd edə bilmir, kişi ilə qadını fərqləndirmir, öz adını belə bir məfhum kimi hiss etmir. Bu, şəxsiyyətin ikiləşməsindən daha ziyadə, bəlkə də, çoxluğa çevrilməsi, atomlarına ayrılmasıdır.
Hekayənin özülündə sual dayanır: şəxsiyyət nədir? Gülçək özündən, ya da özü hesab etdiyi mənindən soruşur: “Biz kimik? Biz nəyik?”
Bu müraciət insanın mənlik hissini bölüşdürdüyü, parçalanmış şəkildə yaşadığı daxili simalarını əks etdirir. Onun bu sualları içində yaşayan digər şəxslərə daxili üsyanıdır.
Hekayədə müəllifin dili də bu ikiləşmənin ritminə uyğun dəyişir. Müəyyən cümlələr bir qədər uzanır, digərləri isə qəhrəmanın psixoloji vəziyyətinə uyğun olaraq qeyri-mərkəzli, parça-parça formada təsvir olunur.
Gülçək patriarxal sistemin iki tərəfini (qurban və zorakını) bir bədəndə birləşdirən rəmzi təmsil edir. O, cəmiyyətin qadını necə kimlikdən uzaqlaşdırdığını, kişinin isə güc mənbəyi kimi necə mifləşdirildiyini öz içində daşıyır. Bu baxımdan Gülçək həm real, həm də simvolik obrazdır. O, cinsiyyət kimliyinin qeyri-müəyyənləşməsi, sosial rolların zədələnməsi və travmatik yaddaşın psixikada törətdiyi parçalanmaların canlı təzahürüdür.
Nəticə etibarilə, Aqil Bəkir “Gülçək” hekayəsində şəxsiyyət ikiləşməsini (bəlkə də, çoxlaşmasını) bədii mətndə bir problem kimi işləyib ədəbiyyatın ixtiyarına təqdim etmişdir.
İlahə Səfərzadə