.....

.....

Bəxtiyar Vahabzadə poeziyasında Rusiya-Azərbaycan tarixi gerçəklikləri -YEGANƏ ƏHMƏDOVA

Bəxtiyar Vahabzadə poeziyasında Rusiya-Azərbaycan tarixi gerçəklikləri -YEGANƏ ƏHMƏDOVA

Bəxtiyar Vahabzadə poeziyasında Rusiya-Azərbaycan tarixi gerçəklikləri

Bəxtiyar Vahabzadə poeziyasında Rusiya-Azərbaycan tarixi gerçəklikləri

Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının azadlıq və müstəqillik simasıdır. Ədəbiyyatımızın əsrlərdən bəri davam edib gələn mübariz və döyüşkən ruhu B.Vahabzadənin yaradıcılığında xüsusi bir sənətkarlıqla meydana çıxmışdır. Şairin özünəməxsusluğu ondan ibarət idi ki, o, insanın idraki oyanışını tarixi-ənənəvi köklərlə bağlayır və onu milli ruhun təzahürü kimi təqdim edirdi. Digər tərəfdən Vətəninin dəli bir vurğununa çevrilən B.Vahabzadə onu azadlığı olmadan təsəvvür etmək də istəmirdi. Şair millətin azadlığını millətin mövcudluğundan üstün tutaraq azadlığı yaşama haqqı kimi dəyərləndirirdi. Çünki azadlığı olmayan, kölə halına salınmış bir millət gec-tez məhv olub gedəcəkdir:

Millətin millətliyi
Yaşar ləyaqətində-
Eşqində, qeyrətində,
Şərəfində, adında
Bir də azadlığında.

B. Vahabzadənin ictimai-siyasi lirikasının əsas tənqid hədəfi çar Rusiyası və onun varisi olan Sovet hakimiyyəti idi. Rusiyanın xalqımızı tarixi kökündən ayırmaq siyasətinə qarşı şairin poeziyası amansız bir qəzəblə silahlanmışdır. Bütövlükdə B.Vahabzadə yaradıcılığının əsasını təşkil edən bu həssas məqam onun poemalarında daha böyük sənətkarlıqla qələmə alınmışdır.
1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə:

Necə ayırdınız dırnağı ətdən,
Ürəyi bədəndən, canı cəsəddən?
Axı kim bu haqqı vermişdir sizə,
Sizi kim çağırmış vətənimizə?

-deyən şairin üsyan sədaları özünün ilk yüksək mərhələsinə çatmışdır. Vətənimizin Rusiya tərəfindən işğalının əsasını qoyan bu mənfur müqavilə və ona soyuqqanlıqla imza atanlar şairin kövrək qəlbini yaralamış və onun neçə min illik yaddaşı olan milli mənəviyyatına toxunmuşdur.
Əlbəttə, şairin bu cəsarətli addımı “cavabsız” qalmadı. “Gülüstan”dan sonra şair universitetdəki işindən uzaqlaşdırıldı, şeirlərinə yasaq qoyuldu, çaddi sıxıntılar çəkdi, çoxları ondan üz döndərdi…
Lakin bütün təqiblərə və təzyiqlərə baxmayaraq, B.Vahabzadə “Gülüstan”dan sonra bir-birinin ardınca qələmə aldığı “Ağlar-güləyən”(1962), “Yollar-oğullar”(1963), “Həyat-ölüm”(1965), “Təzadlar”(1967), “Mərziyə”(1984), “Ləyaqət”(1986) kimi poemalarında ya tarixin dili ilə, ya da özgə xalqların həyatına istinadən fikirlərini və etirazlarını davam etdirmişdir. O, istər açıq-aşkar, istərsə də mətnaltı şəkildə bu riyakar quruluşun simasını açıb göstərməkdən çəkinməmişdir. Bu baxımdan şairin “Leninlə söhbət” poeması incə bir istehza üzərində qurulub. Leninə müraciət edən şair, Leninin sözləri ilə onun və onun yaratdığı hakimiyyətin əməlləri arasındakı fərqi dəqiqliklə və ehtiyatla nəzərə çatdırır:

Sənin kimi sevməliyik,
Yurdumuzu, elimizi,
Sənin kimi sevməliyik,
Babamızın ocağını,
Atamızın çırağını,
Nəğməmizi, dilimizi.

Burada müəllif demək istəyir ki, “möhtərəm” Lenin, sən öz yurdunu, babanın ocağını, atanın çırağını, nəğməni, dilini sevdiyin kimi, biz də öz milli dəyərlərrimizi sevirik. Sənin vətənin, ocağın, dilin sənə əziz olduğu kimi, bizim vətənimiz, ocağımız, dilimiz də bizə əzizdir. Elə isə sən nə haqla mənim vətənimə soxulursan, dilimə yasaq qoyursan?! Budurmu sənin bizə vəd etdiyin azadlıq və böyük gələcək?
Eləcə də “Ağlar-güləyən” poemasında Səhhətin guya öz zəmanəsi haqqında dediyi:

Hansı qanunda var ki,
Öz elindən olasan,
Öz dilindən olasan,
Hədəf də sən olasan,
Güllə də sən olasan?

misraları B.Vahabzadənin özünün Leninlərə və onların quruluşuna qarşı birbaşa açıq ittihamı idi.
B.Vahabzadənin poemaları içərisində yüksək sənətkarlıq nümunəsi olan “Yollar-oğullar” əsəri mühüm yer tutur. Poemanın süjeti Fransa-Əlcəzair müharibəsi üzərində qurulsa da, əslində, burada Rusiya-Azərbaycan tarixi gerçəklikləri ön plana çəkilmişdir. Sadəcə olaraq, əsərdəki hadisələr Azərbaycandan Əlcəzairə köçürülmüş, Rusiya müstəmləkəçiliyi Fransa müstəmləkəçiliyi ilə əvəz edilmişdir. Lakin poemanın məzmunu arxasında gizlənən əsl məna, hələ o zaman diqqətdən yayınmamış, mübahisələrə səbəb olmuşdur.
Xalq şairi Xəlil Rzanın poema ilə ilk dəfə necə tanış olduğunu göstərən aşağıdakı sətirlər əsərin mahiyyəti ilə bağlı bizdə kifayət qədər dərin təsəvvür yaradır. X.Rza “Azərbaycan” jurnalının redaksiyasında şair Əlağa Kürçaylının poema haqqında dediklərini belə xatırlayır: “Bəxtiyar Yaltaya dincəlməyə getdiyi zaman mənə təzə poemasını verdi. Mən oxudum, çox xoşuma gəldi. Amma redaksiyamızda işləyən namərd filankəs (mən qəsddən o adamın adını çəkmirəm. Çünki onu bütün yazıçılar tanıyır), bu əsərin antisovet əsər olduğu və millətçilik təbliğ etdiyi barədə həm Mərkəzi Komitəyə, həm DTK-ya, həm də Yazıçılar İttifaqının sədri Mehdi Hüseyinə danos yazmışdır”.
X.Rza yazır ki, “…Bir neçə gündən sonra öyrəndim ki, Ə.Kürçaylı Bəxtiyara teleqram vurmuş, o da istirahətini yarımçıq qoyub gəlmişdir. Əsəri oxuyan M.Hüseyn Bəxtiyarı müdafiə etmiş, bu əsərdə çuğulçunun dediklərinin olmadığını bildirmiş və poemanın üzərinə yazmışdır: “Məhkum xalqların milli azadlıq hərəkatına həsr edilən bu əsər lazımlı əsərdir və çap olunmalıdır”.
B.Vahabzadə bu poemada Sovet hakimiyyəti illərində Rusiyanın Azərbaycana münasibətini göstərməklə qalmamış, üstəlik uzaqgörənlik də etmişdir:

Bax bu güllə səsləri
“Mən də bir xalqam”-deyən
Millətimin səsidir,
Azadlıq nəğməsidir.

Yuxarıdakı misralar mübarizəyə çağırışın bir üsulu idi. Bu mübarizə uzun illər məqamını gözlədi və nəhayət 1990-cı ilin 20 yanvarında güclü bir partlayışla SSRİ-ni təməlindən sarsıtdı…
Məmməd Aslana görə “Vətənin tale xəritəsi Bəxtiyar Vahabzadənin əsərlərində bəzi tarix və coğrafiya kitablarından daha dolğun əks olunub”. Bu baxımdan B.Vahabzadənin yaradıcılığını XX əsr Azərbaycan tarixinin poetik səlnaməsi də adlandırmaq olar. Xüsusən də Azərbaycan-Rusiya tarixi gerçəklikləri onun əsərlərində ədəbi bir dolğunluqla izlənilibdir. Onun müxtəlif şeirlərindən alınan aşağıdakı parçaları eyni tarixin ardıcıl səhifələridir.
Öncə 1813-cü ildə “Gülüstan” və 1828-ci ildə “Türkmənçay” müqavilələri bağlanır. Ölkə Rusiya ilə İran arasında Şimala və Cənuba bölünür:

Tapdamaq olarmı haqqı bu qədər?
Yüz əlli ildir ki, soyurlar bizi.
Bu heç,
Bizə bayram etdirirlər
Tarixdə ən böyük faciəmizi.

1920-ci ildə Azərbaycan Qızıl Ordu tərəfindən zəbt edilir. Şimali Azərbaycanda qurulan Sovet hakimiyyəti xalqımızı öz tarixindən uzaqlaşdırmaqla onu keçmişindən qoparır:

Tariximiz danıldı,
Uydurma tarix ilə
Kimliyimiz anıldı-
Öz kökünü bilməyən
Gözü küllü bu millət
Zamanın yollarında
Hər addımda yanıldı.

Sonra isə 1937-ci ilin dəhşətli repressiyaları başlayır. H.Cavidi, M.Müşfiqi, Ə.Cavadı, Y.VÇəmənzəminlini, S.Mümtazı… daha kimləri qanlı əllər xalqımızın bağrından çəkib qoparır.

Xalqa neçə-neçə tələ qurdular,
Başımız cilova keçəndən bəri.
Qəsddən, bilə-bilə adlandırdılar-
Xalqın dostlarını “xalq düşmənləri”.

Bununla da ölkənin üzərinə Stalin-Bağırov rejiminin vahiməsi çökür. Xalqın dilinə qıfıl vurulur, düşüncələr susdurulur, duyğular ifliç edilir. Millətin ruhuna və beyninə qorxu hakim olur:

Mən qorxuram, sən qorxursan,
O da qorxur, bu da qorxur,
Biz qorxuruq.
Təzə fikir
beynimizə gələn kimi
Tez qorxuruq.

Nəticədə isə insanların həyatında elə bir vəziyyət yaranır ki;

Mən öz faciəmi səadət bildim,
Toyumda ağladım, yasımda güldüm,
Zülmətə nur dedim, yoxa var dedim,
Ən böyük bədbəxtə bəxtiyar dedim.

Lakin gec də olsa, haqq qalib gəlir. 70 il sonra Sovet hakimiyyəti süqut edir. Azərbaycan müstəqilliyə qovuşur:

Şərin əliylə ölən,
Xeyirin, xeyirxahlığın
Sığalıyla dirildi.
Yüz il yatmış gözəli,
bir nəvaziş, bir öpüş
Dərhal oyada bildi.

Mətnaltı şəkildə deyilən bu misralarda “Şər” Sovet hakimiyyətinin timsalıdır. “Xeyir” Vətənin azadlığı yolunda meydanlara atılan xalq ordusudur. “Yatmış gözəl” XX əsrin əvvəlində qundaqda boğulan, lakin əsrin sonlarında təkrar dirilən Azərbaycandır.