Bir millətin qürur günü – 28 May
Hər millətin qəlbində bir gün var – o gün tarixlə qürurun qucaqlaşdığı, keçmişin sabahla əl-ələ verdiyi gündür. Hər millət, bir zaman öz taleyini öz əli ilə yazmağa qalxar. Və o zaman, ya qürurla ayağa qalxar, ya da susqunluqla tarixə qarışar. Azərbaycan xalqı üçün o qürurlu dönüş nöqtəsi – 28 Maydır.
Sanki zamanın köksünə sancılmış bir gün…
Tarixin qaranlığını yaran bir işıq…
28 May 1918-ci il – Məmməd Əmin Rəsulzadə və silahdaşlarının azadlıq, müstəqillik və millət uğrunda qaldırdığı müqəddəs bayraq günüdür. O gün Şərqdə ilk dünyəvi və demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, sadəcə bir dövlətin qurulması deyildi – bir millətin ruhunun oyanması, bir xalqın “mən varam” deməsi idi.
Cəmi 23 ay yaşayan bu Respublika, sanki ömrü qısa, amma izi dərin bir ulduz kimi Azərbaycan səmasında parladı. İlk dəfə bir türk- müsəlman ölkəsində qadınlara seçki hüququ verildi, parlament təsis olundu, azad mətbuat və milli ordu formalaşdı. Bütün bunlar gələcəyə atılan möhkəm təməllər idi.
Amma təəssüf ki, tarixin o zamankı sərt rüzgarları bu müstəqillik çırağını söndürdü. Lakin Məmməd Əminin bir çağırışı zamanın o üzündən bu üzünə qədər əks-səda verdi:
“Bir kərə yüksələn bayraq, bir daha enməz!”
Və illər sonra – 1991-ci ilin payızında, Azərbaycan yenidən müstəqilliyini elan etdi. 1990-cı ildən başlayaraq 28 May – Respublika Günü kimi qeyd edilməyə başlandı.
Və illər sonra – 2021-ci il…
Azərbaycan artıq qalib idi. Qarabağ azad olunmuş, şəhidlərin ruhu rahatlıq tapmış, üçrəngli bayraq Şuşada dalğalanmışdı.
Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncamla, 28 May tarixinin adı da dəyişdi – Azərbaycan Respublikasının Müstəqillik Günü kimi rəsmi bayram elan olundu.
Bu, təkcə bir adın dəyişməsi deyildi.
Bu – tarixi dəyərin bərpası,
şəhidlərin ruhuna ehtiram,
Məmməd Əminin amalına sədaqət,
və müstəqil Azərbaycanın siyasi iradəsinin parlaq təcəssümü idi.
Bu gün artıq 28 May yalnız təqvimdə bir tarix deyil. Bu gün – qalib Azərbaycanın öz tarixini özü yazdığı gündür.
Bu gün – Şuşa azaddır, Xarıbülbül başını dik tutub, şəhid analarının baxışında həm həsrət, həm də iftixar var.
Bayrağın kölgəsi – vətəndir…
O bayraq bu gün məktəblərdə, səngərlərdə, qəlblərdə dalğalanır. Onun hər rəngi bir anlamdır:
Qırmızı Qan – şəhidlərin qanı,
Yaşıl – bu torpağın dini,
Mavi – türk kimliyimizin səmavi üzü.
Və bu bayrağın kölgəsi – vətəndir.
Vətəni vətən edən isə – onun uğrunda canından keçən şəhidlərdir.
Onlar torpağın qan qardaşı, bu xalqın yaddaş kitabındakı sönməz adlardır.
Yaşa Azərbaycan!
Bu sənin bayramındır!
Bu, tarixə sığmayan qürurun,
Böyüklüyə açılan yolun bayramıdır.
Bu gün, həm tarixdir, həm gələcəkdir
Vətənini sevən bir qəlbin yazısı ilə…
Aynurə İnci