.....

.....

Bu dağların qoynunda yaşıl bir kənd var yenə… – Gündüz Sevindik

Bu dağların qoynunda yaşıl bir kənd var yenə… – Gündüz Sevindik

Bu dağların qoynunda yaşıl bir kənd var yenə…

Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı – 
Yoxdu daha, nağıldı…
İtdi, batdı, dağıldı…
Mənim şirin qafiyəm, mənim üçcə hecalım – 
Xocalım, ay Xocalım!

    Xalq şairi Zəlimxan Yaqubun bu misralarını hər dəfə oxuduqca ürəyim qat-qat soyulur, şaxtalı bir Xocalı gecəsində üşüyürmüş kimi üşüyürəm, donuram sanki. 

   Sonra çəkilir hər şey… Gözümün önünə əlvan saraylı, gen aynabəndli, dodağı şəkər, zülfü kəmənd, incəbel gözəllərlə süslənmiş – dağların qoynunda  salınmış, dünyanın ən gözəl, ən yaşıl bir kəndi gəlir. Xocalı kəndi… Bütün varlığımla bu yamyaşıl kəndə can atıram. Orada doğulmaq, orada böyümək, oralı olmaq, orada sevmək, orada ölmək istəyirəm.

   Yenə çəkilir hər şey… Bu dəfə göz önümə gələnlər arzumun tam əksidir. Bu dəfə göz önümə gələnlərin üstündə qırmızı bir rəng var. İnsanların, torpağın, daşın, ağacların, quşların… Bir andaca al-qırmızıya dönür bu yamyaşıl kənd. Deşir qulaqlarımı tankların tırtıllarının səsi, yad danışıqlar, eybəcər gülüşlər, spirt qoxuyan nəfəslər… Yamyaşıl kəndin insanlarını, torpağını, daşını, səmasını didik-didik eləyən qırmızı güllələr nəfəsimi təntidir. Bir tərəfdən də yalnız öz məsumluğu, öz günahsızlığı ilə “silahlanmış” körpələrin, qız-gəlinlərin, qocaların fəryadı dünyanın kor gözlərinə, kar qulaqlarına bağırır, çağırır, kömək istəyir.

   Həmin gecə yamyaşıl kəndin üstünə yağan qar da qırmızı rəngdə idi. Yağan qanlı qar idi o gecə… 

   Və yaşıl kəndin qan-qırmızı rənginə kənardan qırmızı-qırmızı susub baxan bir “qırmızı dünya” da vardı o gecə… 33 ildir ki, öz “qırmızı maska”sının altından Xocalını görə bilməyən bu dünya bu gün də qırmızı rəngdədir. Alnında da kömürlə çəkilmiş Xocalı boyda qara bir ləkə… Düz 33 ildir ki, bu dünya – ədalətdən, sülhdən danışan bu dünyanın liderləri əllərini atıb alınlarındakı bu qara ləkəni silməyə bir dəfə də cəhd etməyiblər. Dağların qoynundakı yamyaşıl Xocalı adlı bu kənd bu gün bütün bəşəriyyətin alın ləkəsi, üz qarasıdır!…

   Mənə görə indiki dünyanın tarixi elə Xocalıdan başlayır. Xocalı haqqın, ədalətin, humanizmin, insanlığın, sevginin və elə bu dünyanın öz üzünə dəyən tərs bir şapalaqdır. 

   Xocalı dünyanın “şəxsiyyət vəsiqəsidir”… Üstündə günahsız insanların axıdılan qanlarının ləkəsi, üstündə barıt qoxusu, güllə yeri, fitnə, yalan, xəyanət, murdarlıq damğası olan köhnə, artıq cırılıb tamam köhnəlməkdə olan “şəxsiyyət vəsiqəsi”… Üzərində hələ də Xocalı adında bir “şəxsiyyət vəsiqəsi” gəzdirən bu dünyanın son aqibəti necə olacaq görəsən? Xocalının aqibətimi?

   Gözlərimsə yol çəkir… “Bu dağların qoynunda yaşıl bir kənd varıyıdı” – deyə-deyə. İtən, batan, dağılan, nağıla dönən kənd. 

    Üçcə hecalı kənd – Xo-ca-lı…

   Xocalı qətliamından artıq illər keçmişdi. Televiziya kanallarının birində Fələstinə atılan raketin yerlə bir etdiyi, onsuz da kasıb olan bir evin olan-qalan dağıntılarını göstərirdilər. Xilasedicilər möcüzə sayəsində balaca bir oğlanı dağıntıların altından sağ çıxara bilmişdilər. Qaradərili, məsum, bu dünyada yeganə arzusu bircə oyuncağının olması olan 6-7 yaşlı fələstinli bir uşaq…  Başından gələn qan üzündə, çənəsində  quruyub qalmışdı. Başını və mədəsini “aldatmaq” üçün ona verilən yavan çörəyi iştahla yeyən Behnam adlı  bu uşağa diqqətlə baxdım, baxdım, baxdım… Və birdən mənə elə gəldi ki, bu uşağı hardasa görmüşəm. Amma harda? Fələstinli bu azyaşlını mən harda, nə vaxt görə bilərdim axı? – düşüncəsi məni az qala dəli eləmişdi. Bütün diqqətimi, yaddaşımı toparlayıb bu uşağı harda gördüyümü yadıma salmağa çalışdım. Və qəfil xatırladım. Mən qaradərili bu uşağın özünü deyil, onun taleyini görmüşdüm əslində. Həm də Xocalıda görmüşdüm… Körpə olduqları nəzərə alınmadan xüsusi amansızlıqla qətlə yetirilmiş, gözləri çıxarılmış, dəriləri soyulmuş Xocalıdan olan azərbaycanlı uşaqların taleyi ilə fələstinli balaca Behnamın taleyi nə qədər oxşar idi, eyni idi. Mən bu uşaqların özlərini yox, onların talelərini görmüşdüm. Mənə görə dünyanın bütün uşaqları gözəldir və müharibələrdə ən çox əziyyət çəkən, zərər görən də elə uşaqlardır. Müharibənin oxşar taleli balaları… Kadrlardan gördüyüm Behnam və Xocalıda öldürülən körpələrin faciəsindən təsirlənərək bu cızma-qaranı yazdım:

Fələstinli uşaq və…

Dünyanın sonudu bura bəlkə də,
Burda mələklər də günah axtarır.
Bu qara uşağın uşaq dünyası,
Bu qara ölkədə Allah axtarır.
Oxşamaz üzünü səhərin mehi,
Canında yaralar ulduz sayıdı.
Bütün yetimlərin uşaq taleyi,
Nədənsə eynidi, əkiztayıdı.
Kəsir vücudunu qışın sazağı,
Yatdığı yerdəcə donur az qala.
Hardasa görmüşəm mən bu uşağı – 
… XOCALI… mən səni tanıdım, bala!!!…

   Xocalı gecəsi… Həmin gecədən sonra Azərbaycan Qadını gecə öz oğlunu yatırdarkən daha ona layla demədi, bayatı söyləmədi. Ana öz oğluna Xocalıdan danışdı, xəyalında öz balasını Xocalıdan keçirdi. Analıq hissinə, analıq sevgisinə bayatı, oxşama, əzizləmə qatmadı – döyüş ruhu qatdı, qisas hissi gətirdi öz laylalarına:

Şirin balam, noğul balam,
Yox… əsgər balam, oğul balam!
Mən sənə layla çalmıram,
Layla yatmaq üçündür.
Mən sənə nağıl da danışmıram,
Başını aldatma cırtdan-mırtdanla…
Mən sənə acı dadsa da,
Reallıq yedirəcəyəm.
Mən səni hər gün, hər gün, hər gün
Xocalıdan keçirəcəyəm!

   Oğul da Ananın dediyi kimi, başını cırtdan-mırtdanla aldatmadı daha. Böyüdü, oğul oldu, oğul deyirəm sənə! 

  Bir payız günündə durdu, silahlandı oğul! Əlində bayrağı, dilində “Cəngi”, ürəyində Vətən eşqi. Elə bir nərə çəkdi ki, 30 il düşmən oylağına çevrilən, 30 il düşmən tapdağında inləyən Qarabağda yağılar pərən-pərən düşdülər. Oğulun zərbəsindən özünü tamam salıb itirən düşmən heç bilmədi saqqalı harda düşdüb itdi, xaçı harda qaldı…

   Bir payız günündə yeni, şanlı tarixini qızıl hərflərə yazmağa başladılar bu oğullar. Oxşama, əzizləmə, şirin bayatı eşitməyən oğullar… Anaların dilindən: “Səni Vətən üçün böyütdüm, get, düşmənin başını əz”, “Südüm sənə halal olmaz, sən baş əysən düşmənə” xeyir-duasını alan oğullardan səngərdə də, döyüş meydanında da yalnız bircə səda, bircə nida gəldi: 

-VUR, KOMANDİR, VUR!!! 

   Beləcə oğullar illərdir dərin yuxuda olan, yaddaşı pas atmış dünyanı silkələyib oyatdılar. Dur, aç gözləri, Qarabağa bax, Xocalıya boylan – dedilər!

    Həmin gün Azərbaycan oğullarının Vətən sevgisindən, torpaq eşqindən, bayraq məhəbbətindən dünyaya dərs keçdiyi bir gün idi. 

   2984 Cəsur Ürək keçdi bu dərsi… Ömürlük dünyanın yadından çıxmayacaq bir Dərs!

   İllərin dərin yuxusundan oyanan bu dünya Azərbaycan oğullarını bu adla tanıdı – Dəmir Yumruq!

   “Dəmir Yumruq” təkcə öz düşmənini məğlub eləmədi, dünyanın ən azman ölkələrini də “nokaut”a saldı. O ölkələr ki, sülhdən, humanizmdən danışandan sonra bələkdəki südəmər körpələrə qitələrarası ballistik raket atmağı çox sevirlər… Bu gün dünya özünə hesabat verəndə, yaddaşını təzələyəndə yadına ilk düşən məhz  “Dəmir Yumruq” olur. 

   Gözlərimsə yol çəkir… “Bu dağların qoynunda yaşıl bir kənd varıydı” – deyə-deyə. İtən, batan, nağıla dönən yaşıl kənd… 

   Üçcə hecalı kənd – Xo-ca-lı…

   Bu da Xocalı… Xəyanət, qan, barıt qoxulu fevral gecəsindən çıxan sentyabr ətrli Xocalı. Dəmir Yumruğun möhtəşəm əsəri olan, daha hecalara bölünməyən, bütöv, azad Xocalı… Üçrəng gözələ – 30 ildir görə bilmədiyi bayrağımıza bürünən Xocalı! 

Bu dağların qoynunda yaşıl bir kənd var yenə…  

SALAM, yamyaşıl XOCALI!!!                                                                               

Gündüz SEVİNDİK