.....

.....

Cəlilabadın gənc şairə xanımları – İlqar İsmayılzadə

Cəlilabadın gənc şairə xanımları – İlqar İsmayılzadə

Cəlilabadın gənc şairə xanımları…

Məmmədova Sevil Gülverdi qızı (Sevil Gül Nur): 1982-ci ilin yanvar ayının 4-də Bakı şəhərində anadan olub. Orta təhsilini Cəlilabad rayonunun Privolnoye kəndində Elnur Hüseynov adına 1 saylı tam orta məktəbdə alıb. 2002-ci ildə Bakı Sənaye – Pedaqoji Kollecinin ibtidai təhsil fakültəsinə daxil olub. Oranı bitirdikdən sonra ədəbi fəaliyyətlə məşğul olub. İlk şeirləri 2006-cı ildə “Ədalət və Həqiqət” qəzetində dərc olunub. O vaxtdan mütəmadi olaraq yerli və xarici mətbuatda, eləcə də müxtəlif internet portallarında dərc olunur.

İlk şeirlər kitabı olan “Sən və mən” 2006-cı ildə çapdan çıxıb. 2018-ci ildə Qarabağ savaşının milli qəhrəmanları haqqında bədii – publisistik “Şəhadət sarayı” adlı kitabı işıq üzü görüb. Kitabın təqdimatı ölkə daxilində geniş miqyasda təşkil olunub. Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Cəlilabad və Bakı şəhərlərində keçirilən təqdimatda şəhid ailələri, qazilər, qələm əhli və mətbuat işçiləri iştirak edib. Bundan əlavə, Bakı şəhərində bir neçə məktəb və kitabxanalarda da, bu kitabın təqdimatı təşkil olunub.

Məktəblilərin iştirakı etdiyi bu təqdimatda müəllifin vətənpərvərlik şeirləri şagirdlərin ifasında səslənib, kompazisiyalar hazırlanıb. Bu kitabların elektron variantı Azərbaycan Milli Kitabxanasına yerləşdirilib.

2020-ci il Vətən Müharibəsi dövründə Cəlilabaddan olan şəhid ailələri ilə görüşüb şəhidlər haqqında məqalə yazaraq müxtəlif saytlar, qəzetlər və jurnallarda dərc etdirib. Eləcə də, Biləsuvar, Naxçıvan, Yardımlı və Bakıdan olan şəhidlər haqqında şeir və məqalələr yazıb.

2021-ci Biləsuvardan olan şəhid kapitan Nihad Babayevdən bəhs edən “Qələbə eşqi ilə böyüyən kapitan”, 2022-ci ildə isə Naxçıvandan olan şəhid Saday Məmmədəliyevə həsr edilmiş “Şuşa qartalı” adlı povesti dərc olunub. Təqdimatlar şəhid ailələri, qazilər və yerli icra nümayəndələrinin iştirakı ilə Bakı və Biləsuvar şəhərlərində keçirilib.

2023-cü ildə Yardımlı rayonundan olan Vətən Müharibəsi şəhidləri haqqında “Zəfər şahinləri” adlı kitabı çap olunub. Kitabın təqdimatı Bakıda və Yardımlı rayonunda, eləcə də, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində keçirilib.

2023-cü ildə daha bir kitabı – “Darıxmağın dadı” adlı şeirlər kitabı qardaş Türkiyə Cümhuriyyətində dərc olunub. Bu kitabın təqdimatı söz adamları, oxucular, şəhid ailələri və məktəblilərin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilib. Eyni zamanda, “Darıxmağın dadı” adlı kitabı Türkiyədə türk dilində çap olunaraq oxucuların ixtiyarına verilib.

Sevil Gül Nur bir çox ədəbi mükafatlara layiq görülmüş və bir çox təşəkkürnamələrlə təltif olunmuşdur. Ədəbi fəaliyyəti dövründə daim şəhid ailələrinin yanında olub, bir çox şəhidlərə həsr olunmuş tədbirlərdə iştirak etmişdir. Eləcə də, hərbi hissələrdə təşkil olunmuş dövlət tədbirlərində iştirak etməkdən imtina etməyib.

Yaradıcılığının böyük hissəsini vətən və şəhid mövzularına həsr edən yazar-şairə xanım 2022-ci ildə “İlin vətənpərvər şairi” mükafatına layiq görülüb. Sevil Gül Nur həm də, onlarla kitabın redaktor və korrektorudur.

Hal-hazırda ölkənin nüfuzlu saytlarından biri olan “Zərif kölgələr” saytının redaktoru kimi fəaliyyət göstərir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2019-cu ildən Bakı şəhərində məktəblərin birində müəllim vəzifəsində çalışır. Bakı şəhərində yaşayır, üç övladı var.