.....

.....

CƏLİL MƏMMƏDQULUZADƏNİN “QURBANƏLİBƏY” HEKAYƏSİNİN LİNQVİSTİK TƏHLİLİ – Sevinc Qəmbərli

CƏLİL MƏMMƏDQULUZADƏNİN “QURBANƏLİBƏY” HEKAYƏSİNİN LİNQVİSTİK TƏHLİLİ – Sevinc Qəmbərli

CƏLİL MƏMMƏDQULUZADƏNİN “QURBANƏLİ BƏY” HEKAYƏSİNİN LİNQVİSTİK TƏHLİLİ

Linguistic analysis of the Jalil Mammadguluzadeh’s “Gurbanali Bay” story

Jalil Mammadguluzadeh (Molla Nasraddin) who has special position in the history of literature has created a huge literary school and has directed Azerbaijan literature to the new course. Jalil Mammadguluzadeh’s works are not important only for investigation of the XX century Azerbaijan literature, but also important for understanding of that period’s language view. Writer’s “Gurbanali Bay” story is the most perfect example of the classic story genre. In the article many problem and issues from story have been discussed and the language of the story has been involved to the linguistic analysis.

Jalil Mammadguluzadeh’s examples of all types and genres of literary creativity and his publicity materials are very valuable for investigation not only literary language, but also national spoken language. We believe that thoroug analysis of writer’s language by young reserchers is very important for Azerbaijan philology.

Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyə malik olan Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) böyük ədəbi məktəb yaratmış, Azərbaycan ədəbiyyatını yeni bir məcraya yönəltmişdir. Cəlil Məmmədquluzadənin əsərləri təkcə XX əsr Azərbaycan  ədəbiyyatının araşdırılması üçün deyil, həm də o dövrün dil mənzərəsini öyrənmək üçün olduqca əhəmiyyətlidir. Yeni ədəbiyyatın ən qüdrətli məktəbi olan realizm üslubunun şəkil və məzmun xüsusiyyətlərini dürüst müəyyən etmək üçün Mirzə Cəlilin əsərləri əvəzsiz və tükənməz mənbədir.

Ədibin “Qurbanəli bəy” əsəri klassik hekayə janrının ən mükəmməl nümunələrindəndir.Ənənəvi olaraq əlaqədar ədəbiyyatda hekayənin əsas qəhrəmanı Qurbanəli bəy yaltaq mülkədarların, pambıq bəylərinin ümumiləşdirilmiş obrazı kimi səciyyələndirilərək aşağıdakı kimi xaraterizə olunur: “O, bir tərəfdən lovğa, o biri tərəfdən miskindir. Qurbanəli bəy vəzifəlilər, məmurlar yanında tülküdür, zahirdə kübar, əslində gədasifət, vəhşidir. Nökər, qulluqçu yanında əjdahaya, pələngə dönür, özünün mənliyi olmadığı, böyüklərdən hər cür təhqir, söyüş qəbul etdiyi üçün, qapısında çalışan zəhmətkeş kəndlilərlə də kobud, əxlaqsız rəftar edir. Qurbanəli bəy də Zeynal kimi böyük zümrəni, ictimai aləmi təmsil edir. Çar məmurları yanında sülənən, rütbə, medal gözləyən bu adam öz miskinliyi, əxlaqsızlığı ilə nəinki utanmır, əksinə, sinəsinə döyüb öyünür ”. 

Hesab edirik ki, hekayədə ədibin məqsədi Qurbanəli “bəy”i gülüş, ikrah, nifrət hədəfinə çevirmək deyildir. Cəlil Məmmədquluzadə xalqın etiket və kodekslərini daşıyan bəylərin, xanların halına ağlayır, acıyır. Xalqın “bəy”ini bu qədər əzərək digər vəzifəlilər, məmurlar qarşısında “axura salan”, onu olduqca şəxsiyyətsiz, mənəviyyatsız, prinsipsiz birinə çevirən mühitə, quruluşa öz etirazını bildirir. 

Türkün epik təfəkküründə at kultunun özünəxas yeri vardır. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanlarında el qəhrəmanları öz atlarına olduqca böyük dəyər verir, atları ilə fəxr edirlər. “Kitabi-Dədə Qorqud” dastanında Oğuz elinin sayılıb-seçilən igidlərindən biri olan Beyrəyin dilində bu belə ifadə olunur: “Mən sənə at demərəm, qardaş deyərəm, qardaşımdan artıq!” “Koroğlu” dastanında isə Keçəl Həmzə hiylə ilə Qıratı oğurlayıb aparanda Koroğlu onun arxasınca belə səslənir: “Həmzə atı yaxşı saxla! At igidin qardaşıdı”.

Ta qədimdən tipik azərbaycanlı kişisi üçün “at, papaq, arvad” qeyrət rəmzi sayılaraq müqəddəs, toxunulmaz hesab edilir. Hekayənin qəhrəmanı isə öz atını (atlarını) heç düşünmədən belə hər an “peşkəş” etməyə hazırdır: -Naçalnik, qurbandı sənə mənim atım!Hesab edirik ki, burada müəllifin çatdırmaq istədiyi mətnaltı məna açıq-aşkar ortadadır.

“Qurbanəli bəy” hekayəsinin dili də müəllifin digər əsərlərinin dili kimi olduqca koloritlidir və linqvistik təhlil üçün çox zəngin material verir. Burada arxaik, varvar, vulqar və s. leksikadan geniş şəkildə istifadə edilmişdir.

Arxaizmlər. Dilçilik ədəbiyyatında göstərildiyi kimi, arxaizmlər elə sözlərdən ibarətdir ki, onların ifadə etdiyi əşya və hadisələr indinin özündə belə mövcuddur, lakin onlar başqa sözlərlə ifadə olunur. Hekayənin dilində bir çox arxaizmləri müşahidə etmək olar:

Börk – papaq, baş geyimi. O dövrdə papaqçı peşəsi “börkçü” adlandırılırmış. Bununla əlaqədar olaraq el arasında belə bir deyim də işlədilir: “Börkçünün börkü olmaz, kürkçünün kürkü” Hekayənin dilində bu sözdən istifadə edilmişdir. Məs.: -İzdrasti! – və börkünü götürüb sağ əlilə qalxızdı yuxarı və qışqırdı. “Börkqapan” adlı bir oyun növü də vardır ki, “papaqla oynanılan oyun adı; papaqaldıqaç” mənalarını ifadə edir.

Tarixizmlər. Dilçilik ədəbiyyatında tarixizmlər keçmiş həyat və məişətin aradan çıxması, dəyişməsi ilə əlaqədar olaraq aradan çıxmış və ancaq həmin həyatı canlandırmaq məqsədilə işlədilən sözlər kimi xarakterizə olunur. Əsərin dilində kifayət qədər tarixizmə rast gəlmək olar:

Qlava – 1917-ci il inqilabından qabaq: şəhər idarəsi rəisi, bələdiyyə idarəsi başçısı. Əsərin dilində bu vahid işlədilmişdir. Məs.: -Bir ucdan təzə gələn qlava və katdalar atdan yenib, dolu xurcunları doldururdular həyətə.

Mirzə – 1.Savadlı adam. Bu kimi adamlara ehtiramla müraciət məqamında işlədilir; 2.Keçmişdə yazı-pozu işləri ilə məşğul olan adam; katib. Hekayənin dilində bu vahidə rast gəlinir. Məs.: -Qlava “baş üstə” deyib, əvvəl bir başını salırdı aşağı, sonra mirzəsinə üzünü tutub buyururdu:

-Ada, Mirzə Həsən, durma tez şəhərə adam göndər, yarım girvənkə zəfəran gətirsin.

Katta-Keçmişdə Azərbaycan kəndlərində əhali tərəfindən seçilən və kəndin inzibati işlərini idarə edən şəxs. Canlı xalq danışıq dilində bu sözdən yaranan katta danışmaq “yekə-yekə danışmaq” ifadəsi də işlədilir. Hekayənin dilində bu söz t>d səs əvəzlənməsinə uğramış şəkildə istifadə edilir. Məs.: -Bir tərəfdən pristavın qulaqları uzun tulaları gah qlavanın üstünə atılıb “haff” eləyirdilər, gah katdanın üstünə tullanıb “haff” eləyirdilər.

O dövrdə katta sözünə sinonim olaraq “kətxuda” sözü də işlədilirmiş. Bu söz də kəndxuda sözünün səs düşümünə uğramış variantıdır. “Kətxudalıq” vahidində isə kənxudanın vəzifəsi, işi ifadə olunurmuş.

Azərbaycan dilinin Qax şivəsində katda sözü semantik arxaizm kimi çıxış edərək “süd ölçmək üçün qab” mənasında istifadə edilir. İmişli şivəsində isə katta “başbilən” mənasını ifadə edir. Məs.: -Nənəm irəhmətdix´ katta arvadıydı. Nümunədən də göründüyü kimi burada məna uyğunluğu vardır.

Kazak – “Azərbaycan dilinin izahlı lüğəti”ndə bu söz bir çox mənalarda verilmişdir. Biz əsərin dilində işlədilən mənaya uyğun olanlarını seçib təqdim edirik: 1. İnqilabdan qabaq Rusiyada: XVIII əsrdən başlayaraq imtiyazlı şərtlərlə torpaqdan istifadə müqabilində xüsusi qoşun hissələrində xidmət etməli olan Don, Kuban, Terek, Orenburq və b. vilayətlərdə doğulmuş adam; hərbi silk nümayəndəsi.// Həmin vilayətlərin əhalisindən düzəlmiş hərbi hissələrdə (adətən süvari qoşunlarda) öz atları və əsləhəsi ilə xidmət edən əsgər; 2. İnqilabdan əvvəl Rusiyada: inqilabi hərəkatı boğmaq, fəhlə tətillərini yatırmaq üçün istifadə edilən xüsusi süvari qoşunların əsgəri. Məs.: -…çünki bu gələn naçalnik deyilmiş, kazak böyüyü bir əfsər imiş.

Pristav – İnqilabdan əvvəl Rusiyada yerli polis rəisi. Məs.: -Hərdən bir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı: “tişe”; yəni “yavaş”.

Azərbaycan dilində bu sözlə əlaqəli olan “pristav vəzifəsi” və ya “pristav idarəsi, yerli polis idarəsi” mənalarını ifadə edən “pristavlıq” sözü də istifadə edilmişdir.

Yasovul – 1. Yasavul is.tar.1917-ci il inqilabından əvvəl: başlıca olaraq kənd yerlərində polis nəfəri vəzifəsi görən şəxs // Qarovulçu, mühafizəçi, qoruqçu, keşikçi.

2. Kazak ordusunda rotmistr və kapitan çininə uyğun olan zabit rütbəsi.

Hekayənin dilində bu söz işləkdir. Məs.: -Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi və katda, yasovul və qlava mirzələrindən savayı həyətə girmək heç kəsə izin verilmirdi.

Həmin dövrdə Azərbaycan dilində yasavulbaşı “yasavulların böyüyü, baş yasavul”, yasavulluq “yasavul vəzifəsi”, yasavulluq etmək “qaravulçuluq, keşikçilik”sözləri də işlədilirmiş.

Vulqarizmlər. Şifahi danışıq dilində işlənən və ədəbi dil leksikasına daxil olmayan kobudluq və nəzakətsizlik ifadə edən söz və ifadələr vulqar leksika adlanır. Bədii ədəbiyyatda hər hansı surəti mənfi cəhətdən səciyyələndirmək üçün vulqarizmlərdən istifadə edilir. Hekayədə, əsasən, Qurbanəli bəyin dilində bir çox vulqar ifadələrdən istifadə edilmişdir. Məs.: -Yapış, heyvan balası, heyvan! Yoxsa vallah döyə-döyə səni öldürərəm! 

Varvarizmlər. Bədii əsərlərdə  müəyyən (çox vaxt mənfi) bir surətin portretini daha real, təbii və qabarıq şəkildə təsvir etmək üçün varvarizmlərdən geniş istifadə olunur. Ədəbiyyat nəzəriyyəçiləri hesab edirlər ki, varvar sözləri ancaq tiplərin dilində vermək olar. Ədibin dilində, şeir və ya təhkiyəsində belə hallar yolverilməzdir. Belə ki, bədii əsər oxucularını yalnız mənəvi, fikri cəhətdən deyil, həm də danışıq, dil cəhətdən tərbiyə edir, lüğət ehtiyatının artmasına xidmət edir. Hekayənin dilində kifayət qədər varvarizmlərdən istifadə edilmişdir, aşağıda verilmiş nümunədə də bunu müşahidə edə bilərik:

-Malades sobak – və sonra qalxıb xanımı balkonda görüb çığırdı:

-İzdrasti! – və börkünü götürüb sağ əlilə qalxızdı yuxarı və qışqırdı:

-Urra! – Sonra qalxdı balkona və xanıma baş əydi [5, s.176].

-Kərbəlayı Qasım qaçıb gəldi ağasının yanına və spiçkanı cibindən çıxarıb yandırdı və tutdu ağasının qabağına.

-Ağalar və xanımlar akoşkalarda görünən kimi kəndlilər “urra” deyib papaqlarını atdılar göyə və yapışdılar yallı getməyə.

Sonuncu cümlədə işlədilən “akoşka” rus sözü olub pəncərə mənasını verən “okoшko” vahidinin səs dəyişikliyinə uğramış formasıdır. Hazırda Azərbaycan ədəbi dilində bu leksemə rast gəlinməsə də, dilimizin qərb şivələrində geniş şəkildə işlədilir. Məs.: -Avışqanı ört ev so:yyur(Kəlbəcər).

Maraqlıdır ki, hekayədə tiplərin dilindən verilmiş rus mənşəli varvar sözlərlə yanaşı, ədibin təhkiyəsində də belə vahidlərə rast gəlinir. Bu halı müəllifin başqa əsərlərində, “Ölülər”tragikomediyasının remarkalarında da müşahidə etmək olar. Məs.: -İskəndərin otağı, küncdə dəmir kravat, qabağında köhnə miz, üstündə bir-iki kitab; mizin yanında iki köhnə stul.Görünür, yuxarıdakı nümunələrdə istifadə edilən balkon “eyvan”, kravat “çarpayı”, spiçka “kibrit” sözləribugünki yanaşmadan varvarizmlər sayılsa da, o dövr üçün ədəbi dil norması hesab edilirmiş. Belə olmasaydı bu kimi vahidlər ədibin təhkiyəsində bu qədər işlək olmazdı.

Baxəbər – Bu vahid həm fars, həm də ərəb dilində işlədilərək aşağıdakı mənaları ifadə edir:

1.xəbərdar, xəbəri olan, 2. məlumatlı, məlumatı olan. Hekayənin dilində bu sözdən istifadə edilir. Məs.: -Qıraq kəndlərdən də camaat baxəbər olub yavaş-yavaş gəlirdilər. 

Şuriş – Bu söz fars mənşəli olub, “qarışıqlıq, çaxnaşma, şuluqluq” mənasında işlədilir. Məs.: -Kəndə şuriş düşdü.

Qiylü-qal – Bu birləşmə ərəb mənşəli olub, “qalmaqal, səs-küy, hay-küy” mənalarını ifadəedir. Məs.: -Səsdən və qiylü-qaldan qulaq tutulurdu… 

Frazeologizmlər. Məlumdur ki, bədii dildə hazır şəkildə olub tərcümə olunmayan (sözbəsöz) frazeoloji birləşmələrin çoxçeşidliliyi həmin dilin zənginliyindən xəbər verir. Müəllifin hekayədə işlətdiyi frazeologizmlər onun dilini daha da koloritli edir. Məs.: -Pristavın həyətində it yiyəsini tanımırdı; – Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi guya qurbağanın gölünə daş atdılar…

Cəlil Məmmədquluzadənin bütün növ və janrlarda olan bədii yaradıcılıq nümunələri və eyni zamanda da publisistikası o dövrün həm ədəbi dili, həm də ümumxalq danışıq dilini tədqiq etmək üçün olduqca dəyərli materialdır.Hesab edirik ki, ədibin dilinin gənc tədqiqatçılar tərəfindən hərtərəfli təhlilə cəlb olunaraq araşdırılması Azərbaycan filologiyası üçün çox önəmlidir.

F.f.d. Qəmbərova Sevinc Baris qızı
Gəncə Dövlət Universiteti, Gəncə şəhəri