Bu gün demək olar, dünyanın hər yerində qadınların ictimai, siyasi, iqtisadi həyatda, cəmiyyətin sağlam inkişafında aktivliyi müşahidə olunur. Zəriflik, gözəllik, sədaqət, cəsarət simvolu olan qadınlar bütün dövrlərdə yaradıcılığı, istedadı və əzmi ilə baş verən tarixi hadisələrin mərkəzində olmuş, zamanla öz sözünü demişdir.
Azərbaycan cəmiyyətində qadının önəmi, dəyəri, ictimai həyatdakı yeri tarixi köklərə söykənir. Xalqın milli-mənəvi yaddaşı olan dastanlarda, rəvayətlərdə, şifahi və ya klassik ədəbiyyatın hər bir janrında qadınlarımız vəsf edilmiş, onların ağıl və gözəllikləri təcəssüm etdirilmişdir.
Azərbaycan qadını dünyaya qəhrəmanlar, görkəmli elm və fikir adamları, sənət, siyasi xadimlər bəxş edən anadır. Hazırda yaşadığımız iqtisadi böhran, sosial qayğılar, psixoloji gərginliklər ilə üz-üzə qalan qadınların problemləri yüzlərlədir. Gündəlik çətinlikləri aşmaq, yaşamaq naminə mübarizə aparmaq qadının ictimai həyatda fəallığını, yaradıcılığını məhdudlaşdırır. Və çox zaman da bu sıxıntı axınında azıb qalır, qadınlığımızın fərqində belə olmuruq. Özümüzdə olan incə ruhu hiss etmir, əzmi, gücü inkar edirik. Bizə yüklənən anlamlarla həyatımızı şəkilləndirir, müxtəlif kimliklərin ağırlıqlarını ömürlük daşımaq məcburiyyətində qalırıq. Mənəvi və maddi asılılığı qismət zənn edib, “mən” olmadan yaşayırıq. Unuduruq ki, qadın zərif, lakin daxili enerjisi böyük olan ali qüvvədir. Yaradanın tənzimlədiyi bu yer üzündə qadının missiyası ən pak və müqəddəs olandır. Qadınlığın fəlsəfəsi, onun bəşəriyyət üçün qüdsal xidməti yaradıcı gücündən başlayır. Bu təkcə doğurqanlıq deyil, ilahinin ona verdiyi dəyər, eləcə də böyük etimaddır.
Kişi ya qadın, hər kəs həyatının qurucusu, yaradıcısıdır. Davamlı xarici şərtlərə, gözləntilərə fokuslanaraq yaşamaq çox vaxt daxili gücümüzü bizə unutdurur. Şikayət, narazılıq yaşam rənglərimizi soldurur. Tez-tez rast gəldiyimiz bir deyim var: “Sən dəyiş, dünya dəyişsin”. İnsan həyatının dəyişimi məhz onun əlindədir. Yetər ki, özümüzü, ətrafımızı günahlandırmaqdan, qınamaqdan vaz keçə bilək, sevə bilək, ilahi dəstəyə güvənə bilək…
Əzizlərim, daxili potensialımız kəşf edilməmiş xəzinədir. Bu bir sirr deyil. O xəzinənin açarı isə bizim əlimizdədir.
Böyük Atatürk isə bizlər üçün belə deyib, həm də çox gözəl deyib: “Dünyadakı hər şey qadının əsəridir”. Dəyərimizi biz bilək, əməyimizi biz qiymətləndirək. Qadınlıqdan imtina etməyək. İlahinin bizlər üçün verdiyi bütün gözəllikləri sevgi ilə alıb qəbul edək. Bacaracağımıza əminəm!
Nigar Sultanlı sənətşünaslıq üzrə fəlsəfə doktoru